Medianews.az
Boş yolda “stop” edənlər və heç bir qaydaya riayət etməyənlər
298 baxış

Boş yolda “stop” edənlər və heç bir qaydaya riayət etməyənlər

xalid kazimli kose 1
Ceyranbatan qəsəbəsində baş verən, 3 nəfərin ölümü, biri ağır olmaqla 9 nəfərin yaralanması ilə nəticələnən yol qəzası barədə xəbəri alarkən, biz, bir qrup azərbaycanlı jurnalist Kiyevdə idik.
İlk baxşdan bizim harada olmağımızın məsələyə, mətləbə dəxli yoxmuş kimi görünə bilər.
Amma biz bu xəbəri alanda öz ölkəmizin insanlarından daha çox təəccübləndik. Çünki son iki gün ərzində istər Kiyev şəhərində, istərsə də ölkə paytaxtından Poltava vilayətinə uzanan yollarda yerli sürücülərin avtomobili necə idarə etdiklərinin şahidi olmuşduq, bir dəfə də olsun, nə qəza vəziyyəti, nə qəza, nə də yol hərəkəti qaydasını kobudcasına pozan görməmişdik. Adamın ağlına dərhal belə bir sual gəlir: "Belə bir hadisə necə baş verir, niyə olur axı?"
Kremençuq şəhərinə 60-70 kilometr qalmış çölün ortasında sırf Hollivud trillerlərindəki yol mənzərələrini xatırladan bir dördyol gördük. Sürücümüz həmin dördyola çatanda yol ayrıcına yaxınlaşmaqda olan heç bir avtomobil olmasa da, mikroavtobusu saxladı, sağa, sola baxdıqdan, təxminən 5 saniyə də gözləyəndən sonra hərəkətini davam etdirdi. Prinsipcə, o, bu yoldan birbaşa da sürüb keçə bilərdi, heç bir maneə, təhlükə yox idi. Ancaq sürücü gözlədi, beş saniyə qabağa düşmək istəmədi.
Ona heç bir nəzarət də yox idi – nə müşahidə kamerası, nə də uzaqdan sayrışan işıqlarla yaxınlaşan yol-patrul maşını. Sürücünün bu cür intizamlı olması, qayda-qanuna riayət etməsi sadəcə öz mərifətinin, vicdanının, qanun-qaydalara hörmət bəsləyən bir vətəndaş olmasının göstəricisiydi. 4-5 saatdan sonra biz geri qayıdanda ukraynalı sürücümüz həmin dördyolda eyni hərəkəti yenə etdi, maşını boş yolda saxladı, sağa-sola baxdı, sonra keçdi.
Kiyevin özündə isə biz on dəfələrlə yolu piyada keçidi üçün nəzərdə tutulan yerlərdən keçəsi olduq, bir dəfə də rastlaşmadıq ki, hansısa sürücü bizə, ya da başqa piyadaya yol verməsin, sürüb keçsin. Hətta piyada üçün nəzərdə tutulmayan yerlərdə də sürücülər mütləq maşınlarını ya yavaşıdır, ya da tamam saxlayaraq əlləri ilə yolu keçmək istəyən piyadalara “keçin” işarəsi verirdilər.
Bu, az şey deyil. Bu, o deməkdir ki, sürücülər bu cür olduqları müddətdə piyadalar maşınla vurulmayacaq, faciəvi qəzalar baş verməyəcək.
Ümumiyyətlə, biz Kiyevdə olduğumuz müddətdə yollarda sürət həddini aşan, kəskin tormozloma edərək qıcırtı səsi qoparan, tıxacda olduqları vaxt tamamilə boş olan qarşı yola çıxaraq 40-50 maşından qabağa düşmək istəyən görmədik. Kiyev sürücüləri olduqca intizamlı, səliqəli, hövsələli idilər. Bununla belə, bəzi taksi sürücüləri buna qane deyildilər, gileylənirdilər ki, şəhərdə yol hərəkətinin bütün iştirakçıları ideal səviyyədə deyillər, bəzən nizam-intizama riayət etmirlər.
Əlbəttə, onların üç gün Bakıda avtomobil sürmələri imkan verərdi ki, onlar öz günlərinə çükür etsinlər və fikirlərini kəskin dəyişsinlər. Çətini burada qırmızı işığa məhəl qoymayıb keçənləri, 5.5 gücdə motoru olan avtomobillərdən səsboğucusu deçik zirehli transportyor səsi çıxaranları, yerli-yersiz siqnallayanları, piyadalara yüzdə doxsan halda yol verməyənləri, sürət həddini ikiqat aşanları, nəqliyyat intensivliyi olduğu bir vaxtda avtomobili gah sola, gah sağa burub ilan kimi qıvrıldanları, yüz metrdən sonra dönəcəyi halda ötmə əməliyyatı edərək, önə keçən, sonra isə dərhal tormozloma edərək sağa burulanları, qabarit işıqlarını yandırmadan yüksək sürətlə tunelə girənləri və sair və ilaxır addımbaşı qayda pozanları görərək heyrətlənərdilər.
Ona görə də bizim hamımız komediya personajı Dərviş Məstəli şahın sözü ilə desək, Mərrix ulduzunun altındayıq və yollarda başımızdan  qada-bəla əskik olmur. Bu gedişlə heç olmayacaq da.
Bu qədər yazırıq, danışırıq, bənzər problemi yaşayan başqa ölkələrin bu kələfi necə çözdüyünü, hansı tədbirləri görərək faciəvi yol qəzalarını minimuma endirdiklərindən bəhs edirik, amma heç bir xeyri yoxdur.
Biz başqa ölkədə olarkən vətəndən aldığımız qara xəbərə ona görə heyrətləndik ki, əslində bu məsələni həll etmək, insanların həyatını xilas etmək, faciələri önləmək olar – İsveçdə, Norveçdə, Hollandiyada, Belçikada necə ediblərsə, elə. Ukrayna onların yolu ilə gedir və artıq xeyli nailiyyət əldə edib, ukraynalılar hələm-hələm ölümlü və kütləvi qəzalara düşmürlər.
Biz vətənə qayıtdıqdan sonra, hava limanından mənzil başına çatana qədər yollarda gördüyüm mənzərəni bir gün öncəki durumla müqayisə edərək bu qərara gəlmişəm ki, yol hərəkətinin təhlükəsizliyi məsələsində, sürücülük mədəniyyəti xüsusunda biz çox geriyik. Çox.

Bizə qoşulun