Bu qədər hadisələrin eyni zamanda üst-üstə düşməsi yalnız ciddi hesablamalar və razılaşdırmalar şəraitində mümkün olardı. Avropada ilk olan yarışlara ev sahibliyi edən ölkənin adı ilə bağlı daha nələr baş vermir. Bənzə təzyiqlər həmişə olub, elə “Avrovision”dakı ev sahibliyimizdə də. Ancaq beləsini görməmişdik. Budəfəki qarşıdurma zarafata, razılaşdırılmış oyuna bənzəmir...
Bəlkə də hakimiyyət müəyyən addımlar atmaqla, bəzi çağırışlara uyğun qərarlar verməklə situasiyanı yumşalda bilərdi. Ancaq gedilmədi və budur, Avropa Oyunları tədarükü görən ev sahibinin başını elə Avropa dairələri qatmaqdadır.
Məhz bu ərəfədə ATƏT özünün Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini missiyasını dayandırdı - özü də Azərbaycan prezidenti ilə şəkil çəkdirdiyi üçün. Görün hansı vəziyyət yaranıb ki, təkcə müxalifət liderləri ilə deyil, Azərbaycanın dövlət başçısı ilə də foto çəkdirməyin sözü-söhbəti dövlətlərarası, təşkilatlararası müzakirə predmetinə çevrilir.
Düzdür, rəsmi Bakı da Şahtaxtinski soyunun daşıyıcısına göstərilən etimadsızlığa borclu qalmadı. A.Şahtaxtinskinin prezident səviyyəsində hörmətlə qəbulu, foto və videoçəkilişlərin sayının artması bir yana, üstəlik, XİN ATƏT-in Bakı Ofisinin bağlanması barədə qurumun Vyanadakı baş ofisinə nota verdi.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycandakı seçkilərlə bağlı ən sərt hesabatlar yayanda belə, Bakı indiki kimi kəskin reaksiya vermirdi, məsələ beynəlxalq təşkilatın qapılarının möhürlənməsi səviyyəsinə çatmırdı. Düzdür, indiyədək bir sıra insan haqları təşkilatları və təsisatlarının fəaliyyətinə xitam verilib, hətta 2 il bundan əvvəl hakimiyyət ATƏT-in Bakıdakı nümayəndəliyinin statusu layihələr koordinatorluğu səviyyəsinə endirmişdi. Ancaq rəsmi Bakı ATƏT-ə “papağını da götür, get burdan” deməmişdi. ATƏT-in Minsk Qrupu artıq 23 ildir Qarabağ konflikti ətrafında oyunbazlıq edib, Bakı dözüb...
Avropa Parlamentinin məhz boykot çağırışı gözlənilən idi, körpülər çoxdan yandırılıb. ATƏT-lə bağlı isə bunu demək mümkün deyil. Nə baş verir, sualına hələ ki, cavab yoxdur...
Üstəlik, Yunanıstan prezidenti Pavlopulos Bakıdakı oyunlarda iştirak etmək qərarını dəyişib. Digər adlar da çəkilir. Özü də Bakıdakı yunan səfir 21 mayda - Riqa sammiti keçirilən gün - Yunanıstan XİN-ə göndərdiyi məlumatda iddia edib ki, l Avropa Oyunlarının açılışında heç bir dövlət və hökumət başçısı iştirak etməyəcək. Təsadüfdürmü..?
Yunanıstanın DESFA şirkətinin səhmlərinin SOCAR-a satılması barədə müqavilənin son anda pozulması faktı ortada. Ancaq nə olsun? Hətta işğalçı Ermənistan Bakıda keçiriləcək oyunlara idmançı göndərməyə qərar verdiyi, yarışların yayımına hazırlaşdığı halda “Olimpiada beşiyi” Yunanıstanın belə bir qərar verməsi heç gözlənilən deyil.
Bu arada baş verən daha bir gözlənilməz hadisə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri Arif Məmmədovla bağlıdır. Diplomatın Azərbaycan reallığında heç vaxt rast gəlinməyən şəkildə açıq-aydın müxalif mövqedən çıxış etməsi, hətta xalqın ayıldığı barədə fikirlərini sosial media ilə yayması çox təəccüblü oldu. Necə oldu ki, Azərbaycanın başı özünə qarışmış müxalifəti xalqın ayıldığını görə bilmədi, amma Azərbaycanda üç gündən artıq yaşaya bilməyən diplomat bu barədə əminliklə yazdı, müxtəlif ünvanlara çağırışlar etdi?
Nə baş verir, sualı yenə cavabsızdır. Olmaya Azərbaycanı Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov demişkən, Suriyaya, Liviyaya döndərmək istəyirlər və o plan işə salınıb? Allah eləməmiş bəlkə lokal yanğın hadisələri həm də bu faciələrin xəbərdarlığı, anonsudur? Bəlkə Qərb bizi Rusiyaya satıb, xəbərimiz yox... Bəlkə onun tələblərini saya salmadıq, Riqa sammitində asosiativ sənədi imzalamadıq deyə, bizdən qisas almaq yolunu seçib...
Avropa ilə Bakı arasında gərginlik pik həddə çatıb və şimal qonşumuzdan mesajlar gəlir. Kremlin “danışan dil”i Aleksandr Duqin Azərbaycanı Avrasiya Birliyinə üzv olmağa çağırıb, “Ardıcıllıq belə olmalıdır - öncə Avrasiya Birliyinə üzv olmaq lazımdır ki, Qarabağ məsələsi çözülsün”-deyərək. Bəli, Azərbaycan uğrunda savaş gedir, bütün baş verənlər bundan qaynaqlanır. Ancaq ən pisi odur ki, nə bu illərdə ATƏT Azərbaycanın yanında oldu, nə də elə bir imperiya tərkibində olduğumuz zamanda Qarabağa od vurub bizi oda salan Rusiya...
