Medianews.az
Sandığı necə qorumalı?
429 baxış

Sandığı necə qorumalı?

images_dekabr_kose samir sari
Baş nazir olmaq istəyən adamdır, deyir, arkadaşlar, hiylə yapacaqlar, səs oğurlayacaqlar, görsəniz ki, belə bir iş edirlər, oturun seçki qutusunun üstündə. Əslində bu sözü deyən adam “seçki qutusu” yerinə “sandıq” deyib, nədən ki, söhbət Türkiyədə olub və bildiyiniz kimi, orada seçki qutusuna sandıq deyirlər. (Bəlkə də düzü budur, amma bizdə sandıq nənələrin ləvazimatının yığıldığı iri qutuya deyirlər, ağzı da daima qıfıllı olar, o qıfıl surğucdan da etibarlıdır).
Bir başqa lider isə deyir ki, 10 mərtəbəli binada yaşayan seçicilərin sayını artırmaq üçün binanı 11 mərtəbədən hesablayırlar.
Rəhmətə getmiş adamların adlarının seçici siyahısında saxlanıldığını isə başqa bir lider deyir.
Əyalətlərdə tərk edilmiş, insan yaşamayan evlərin qeydə alındığı, səsvermə günü həmin evlərə səyyar seçki qutusu aparılmasına hazırlıq görüldüyü barədə də xəbərlər, iddialar var.
Bir sözlə, belə anlaşılır ki, iyunun 7-də Türkiyədə keçiriləcək seçkilərdə yenə axşam saatlarında transformatora pişik girəcək və işıqlar sönəcək. (Qeyd edək ki, ötənilki bələdiyyə seçkilərində səsvermə gecəsi işıqların kütləvi şəkildə sönməsinin adını belə qoymuşdular: “Trafoya kedi girmiş”).
İndiyəcən belə söhbət yox idi. Hətta keçənilki seçkilərdə də liderlər səs oğurluğundan, hiylədən-filandan danışmırdılar, eləcə, bağıra-çağıra xalqdan oy (səs) istəyirdilər, deyirdilər, bu böyük ölkəni yalnız bizim partiya xilas edəcək, o birilər boş şeydir.
Bu il isə artıq sandığı qorumaqdan söhbət gedir.
Mənzərə tanış gəlir. Sanki biz bu cür sözləri əvvəllər çox eşitmişik.
Əlbəttə, eşitmişik. Zatən, uzun illərdir, bizdə xalqdan səs istəyən liderə belə cavab verirlər: “Bəy, biz ailəlikcə, nəsillikcə sizə səs verəcəyik, amma bir deyin görək, xeyri olacaq?”
Bir ara liderlər deyirdilər, siz səs verin, gerisi ilə işiniz yoxdur. Amma sonralar məlum oldu ki, yox, məsələ səs verməklə, səs qazanmaqla bitmir, gərək bunu protokola da yazdıra biləsən.
Eh, heç bilirsiniz, seçki gecələrində nə qədər protokollar cırılıb yenidən yazılır? Saxtalaşdırılmış protokolu imzalamaq istəməyən nə qədər komissiya üzvünün qolunu qandallayıb polis şöbəsinə basırlar?
Ona görə də liderlər söhbəti bir az dəyişdilər, bu dəfə belə dedilər: “Bizə səs verin və verdiyiniz səsə sahib çıxın, oğurlamasınlar”.
Seçicilərin bir qismi bu çağırışa qoşuldu, səsvermə gecəsi seçki məntəqəsinin qarşısına gəlib dara-bara salanlar oldu, amma əksəriyyət işini bitmiş sayıb evində oturdu. Gerçəkdən də, bizim seçici gündüz səs verib, axşam isə məntəqəyə gedib hökumətlə hökumətlik etməyə hazır deyil.
Açığı, bir az da qorxulu işdir. Çünki hökumət adamları məntəqə önünə gəlib səs davası edənləri sevmir, girəvələyib dolaşdırır. Adam səsinin davasını elədiyi deyildi, işini də itirir, cibində olan beş manat pulu da.
İndiyədək bizdə də, türkün sözü, kedilərin trafoya girməsi halları çox olub. İşıqlar sönürdü, qaranlıqda çığırışma, süpürləşmə düşürdü, işıq yananda görürdülər, bay, gündüz vaxtı boş olan şəffaf sandıq artıq dopdoludur.
Bir dəfə hətta Gəncədə məntəqə seçki komissiyasının sədri görmüşdü ki, macal-mafar tapıb seçki qutusunu doldura bilmir, o boyda sandığı qoltuğuna vurub naməlum istiqamətə qaçmış, gizli bir yerdə ağır və şərəfli vəzifəsini yerinə yetirdikdən sonra qayıtmışdı.
Son illər isə qutu doldurmağa-filana o qədər də fikir verən yoxdur. Deyirlər, qoy səsverməyə kim gəlir, gəlsin, kimə istəyir, səs versin, fərqi yoxdur. Axşam masa başında otururlar, qutudakı bülletenləri sayıb, protokol tərtib edir, dağılışırlar. Sonra MnSK sədri və katibi DSK-ya gedir, orda protokolu yenidən yazıb möhürləyirlər, məsələ bitir. Şəffaf seçki qutusu söhbəti köhnəlib artıq.
Türkiyəli qardaşlarımız isə hələ indi-indi sandığı qorumaqdan, seçki hiyləsinin qarşısını almaqdan danışır. Bizdə ilk pişiklər transformatora 1995-də girmiş və işıqları kütləvi şəkildə söndürmüşdülərsə, Türkiyədəki siyasiləşmiş pişiklər bunu 19 ildən sonra, keçən il etdilər.
Bizdə sandığı qorumaq mümkün olmadı, görək iyunun 7-də türkiyəli seçmənlər sandıqlarını qoruya biləcəklərmi?

Bizə qoşulun