Ömrümdə cəmi bir dəfə “Bentli”yə minmişəm, onda da onun “Bentli” olduğunu sonradan bildim. Bəlkə də ona görə ki, biz o, “Bentli” ilə uzaq yol getmədik, avtomobilin texniki üstünlüklərini hiss etmək imkanımız olmadı. Gənc həmvətənimiz Kiyevdəki “Dinamo” stadionunun üstündəki parkdan bizi götürdü, aşağısındakı “Dnipro” otelinə qədər gətirdi, sağollaşıb düşdük, otelin qabağında dayanmış səfər yoldaşımızın yanına çatanda o dedi ki, maşallah, sizi “Bentli”də gətirirlər.
Əslində, o, “Minib gəldiyiniz “KİA” kimin idi” deyə soruşsa da, elə bilərdim ki, doğrudan da “KİA”-da gəlmişik. Yəni incəliyinə varmasan, ora-burasına marıtlamasan, ona təmtəraq vasitəsi kimi yox, nəqliyyat vasitəsi kimi yanaşsan, elə bir fərqi yoxdur, “Bentli” də insanın A. nöqtəsindən B. nöqtəsinə getməsini təmin edən onlarla başqa markalı avtomobildən biridir.
Ancaq araşdıranda, hər şeyinə fikir verəndə görürsən ki, “Bentli” başqa maşındır, o birilərinə qatmalı şey deyil.
Budur, son günlər “Bentli” ölkəmizdə çox məşhur olub, zənginliyin və harınlığın rəmzinə çevrilib.
O səbəbdən ki, İngiltərədə istehsal olunan bu avtomobilin adı son aylarda bir neçə qalmaqallı hadisələrdə hallanıb. Biri odur ki, məşhur rektorun qızını və ya onun rəfiqəsi Katyanı məhz “Bentli”də döyüblər. İkincisi isə odur ki, atasının adı son iki ayda dillər əzbəri olmuş gənc ədliyyə məmuru bir ay ərzində iki dəfə avtoxuliqanlıq edərkən yaxalanıb və onun xuliqanlığının biri “Bentli”də, biri də “KİA”-da olub.
Əlbəttə, şəhərdə “Bentli” çoxdur və onlar, rektor qızını (və ya onun rəfiqəsini) döyən oğlanların anası demişkən, siqaret məsrəfinə qənaət edərək pul yığıb alanlara məxsusdur. Düzdür, siqaret puluna qənaət edərək “Bentli” almaq üçün hər adama azı 300 il vaxt lazımdır, amma hipotetik olaraq mümkündür.
Cənab Uolter Ouen Bentli 1919-cu ildə bu müəssisəni yaradıb öz soyadını daşıyan avtomobillər buraxanda düşünmüşdü ki, bunu qənaətcil adamlar tədarük edə biləcəklər. Hazırda “Bentli” şirkətinin məhsullarının bahalısı da var, nisbətən ucuzu da.
Məsələn, elə növ “Bentli” var ki, qiyməti 3 milyon funt-sterlinqdir. İntəhası, bu hamı üçün deyil. Ondan xüsusi sifariş əsasında cəmi 6 dənə buraxıblar, onların da hamısını Bruney sultanı alıb – 18 milyon funt-sterlinq ödəyərək.
Bizim ölkədə şütüyən “Bentli”lər isə bir az ucuzvaridir – 200-300 min dollar qiyməti olar, ya olmaz.
Təbii ki, bizdə də pullu oğlanlar var, imkan verilsə, gedib “Bentli” korporasiyasının şefi Frans-Yozef Pefgenlə şəxsən görüşər, deyərlər, ser, bizim üçün elə bir “Bentli” qayır ki, Bruney sultanının “Dominator”undan da bərk getsin. Ancaq bildiyiniz kimi, ölkəmizdə superbahalı (yarım milyondan artıq qiyməti olan) maşınların sürülməsinə yazılmamış qadağa var, ona görə də siqaret çəkməyib pul yığan adamlar bu cür ucuzvari, 200-300 minlik maşınlarla kifayətlənməli olurlar.
O gün virtual dostlardan biri yazmışdı ki, o qızı “Bentli”də yox, “Jiquli”də döysələr, bu qədər ajiotaj yaranmazdı. Əlbəttə, yaranmazdı. Çünki “Jiquli”də qız döyən oğlanların ağız-burnunu ya hadisə yerində qırardılar, ya da peysərləyib yaxınlıqdakı polis bölməsinə aparardılar, məsələ bitərdi. Amma “Bentli”də xuliqanlıq edən, qız döyən oğlanlar bəzən hadisə yerinə gələn polisləri də döymək təşəbbüsü göstərirlər.
Bu üzdəndir ki, bu saat “Bentli”nin bizim ölkəmizdəki hörməti İngiltərədəki Çeşir qraflığında olduğundan yüksəkdir.
Bizdə “Bentli” rifah, toxunulmazlıq, kübarlıq göstəricisidir. Hərçənd artıq bahalı “Bentli”lərə minib ucuz-ucuz xuliqanlıq edənlər sonuncu göstəricinin içinə zibil qoymaqdadırlar.
Belə getsə, cənab Pefgen “Bentli”lərin ölkəmizə ixrax edilməsinə qadağa qoyacaq ki, maşının reputasiyasına xələl gəlməsin.
