Medianews.az
Krımdan başlayan bahalaşma
411 baxış

Krımdan başlayan bahalaşma

zahid yeni razmer
Zarafat o yana dursun, hər şey təxminən bir il öncə Rusiyanın dünyanın gözü qarşısında, beynəlxalq hüquq normalarına tüpürərək Krımı ilhaq (daha doğrusu, işğal) eləməsindən başladı. Bununla özünü də zibilə soxdu, iqtisadiyyatı, idarəçilik sistemi, büdcəsinin formalaşma meyarı Rusiya ilə oxşar olan irili-xırdalı başqa neft-qaz ölkələrini də. 
İqtisadiyyatı “neft iynəsi”nə oturdulan Azərbaycan da əfsuslar olun ki, həmin cərgədə idi. Bu gün Azərbaycan xalqının üzləşdiyi yeni sosial-iqtisadi çətinliklər şübhə yox ki, həmin ilhaqdan, prezident Vladimir Putinin hüdudsuz ərazi iştahından, onun nəyin bahasına olur-olsun Çar imperiyasını bərpa etmək yanğısından qaynaqlanır.
Onsuz da yaşayışımız bir şey deyildi, üstəlik, KQB sabitinin şərinə, zibilinə düşdük. Ancaq artıq Putin Rusiyası ağrılı eyforiya sonrası dövrə girib. Ölkədə bu gündən defolt başlayıb. 220 min az-çox işləyən pensiyaçı daha pensiya ala bilməyəcək.
Rusiya iqtisadiyyatı isə kredit ödəmə qabiliyyəti üzrə beynəlxalq qurum tərəfindən bir neçə gün öncə “zibil” səviyyəsinə endirilib. Bahalaşma, inflyasiya dünənədək rəhbərliyi döşünə döyən o boyda ölkədə hamını, daha güclü şəkildə vurmaqdadır. Qərbə dünənədək hələ-bilə biçib meydan oxuyan rus ura-patriotları, deputatlar da o sıradadır.
“Rusiya Federasiya Şurası parlament üzvlərinin maaşlarını 10 % azaltmaqla bağlı Dövlət Dumasının təşəbbüsünü dəstəkləyir”. Bunu parlamentin yuxarı palatasının sədri Valentina Matviyenko bildirib. Onun sözlərinə görə, qərarın müdafiə olunacağı təqdirdə Federasiya Şurası Dövlət Duması ilə birgə prezidentə müvafiq sərəncam vermək xahişi ilə müraciət edəcək.
“Bu, populizm deyil, zamanın tələbdir. Biz hamımız belə bir mürəkkəb iqtisadi durumda kəmərlərimizi sıxmalıyıq” - əlavə edib xanım spiker. Sual ortaya çıxır, nə oldu bəs Rusiyanın fövqəldövlət olması haqda nağıllar?
Hələ bu, Matviyenkonun özü. Yadınıza gəlirmi, cəmi bir il öncə Putinə Ukraynaya qoşun yeridilməsini təklif edən və Federasiya Şurasında canfəşanlıqla müvafiq sənəd-razılığın qəbuluna nail olan məhz spiker Matviyenjko idi. Amma indi “Vəziyyət ciddidir, hamımız kəmərləri sıxmaq zorundayıq” deyir.
Başqa paradokslar da var. Rusiya it gününə düşməkdə ikən paralel surətdə ac-yalavac rus əsgəri Ukraynanın Şərqinə “azadlıq” aparır, əlavə torpaqlar zəbt edir. Krımı, Rusiyanı ağ günə çıxardılar, qaldı – Donbas.
Sözgəlişi, Rusiyaya birləşdirildikdən sonra Krım əhalisinin qara günləri başlayıb. Müstəsna olaraq turizm gəlirləri hesabına yaşayan bölgə əhalisi sərt beynəlxalq iqtisadi sanksiyalar, turizm sektorunun iflası, üstəlik, rus rublunun ölməsi üzündən həqiqi mənada ac-yalavac kökdə yaşayır; ilhaqdan öncəki durumdan qat-qat pis vəziyyətə düşüb.
Hələ onu yazmırıq ki, bu dəqiqə krımlılar heç Rusiyanın özünə, Qərb ölkələrinə birbaşa hava reysi ilə uça bilmir, çünki sanksiyalar qoymur. Kəsəsi, əsl “Pirr qələbəsi”dir ki, var. Rus xalqına belə bahalı “qələbə” lazım idimi?
Belə görünür lazım imiş. Əks halda, Putinin reytinqi hələ də kəllə-çarxda qalmazdı. Doğrudur, bir çox ekspertlər belə reytinqi şişirdilmiş sayır. Ancaq o da var ki, son bir ildə Putin hökumətinə və onun Ukraynaya yönəlik siyasətinə qarşı sanballı etirazlar da olmayıb. Bəlkə bundan sonra olacaq?
Deyə bilmərik. Bir şey dəqiqdir ki, Putin özü ilə birgə öz xalqını da, Ukrayna, Azərbaycan kimi postsovet ölkələrin xalqlarını da uçuruma aparır. Allah hidayət və islah eləsin tezliklə! Amin...
***
Yaranmış qəliz durumda Azərbaycan yetkilərinin də götürəcəyi ciddi dərslər var. Ən böyük dərs odur ki, sən demə, Azərbaycan dünyadan heç də təcrid olunmayıbmış, avtonom deyilmiş və iqtisadiyyatı da şaxələnib-zad eləməyibmiş. Sadəcə, neftdən asılı imişik. Bir də bir nəfərin barmağının işarəsindən...

Bizə qoşulun