Medianews.az
Fəvvarələr meydanında qəzəb fəvvarəsi
503 baxış

Fəvvarələr meydanında qəzəb fəvvarəsi

samir sari kose 1Srağagün axşam saat 18 radələrində Fəvvarələr meydanına yenicə daxil olmuşdum ki, qanunsuz toplaşmış kütlə gördüm. Səs-küy gəlirdi, bəlliydi ki, nəsə olmuşdu.
Əlbəttə, heç kim belə vəziyyətlərdə bir yerə toplanmış, səs-küy salan insanların yanından ötüb öz işinə-gücünə getməz. Mütləq hamı maraqlanır, nə baş verdiyini öyrənmək istəyir. Belə maraqlı insanların başında jurnalistlər gəlir.
Fəvvarələr meydanında, “Koton” alış-veriş mərkəzinin qarşısındakı mərəkəni görəndə mən jurnalist instinkti ilə hadisə yerinə yaxınlaşdım. Ortada polislər də vardı, hətta bir “Fiat Dobla” markalı maşın da yolun kənarında gözləyirdi.
Ağlıma gələn ilk versiya bu oldu ki, yenə kimsə it gəzdirən birini “itin sevgilimə hürdü” deyə bıçaqlayıb, yaxud qısqanc qardaş “Sevgililər günü” münasibətilə öz nişanlısını gəzməyə çıxardan gələcək yeznəsini yortub.
Belə hadisələr yayğındır axı, tez-tez olur. Hər gün minlərlə gənc cibinə bıçaq qoyaraq şəhərin mərkəzinə, bulvara, Fəvvarələr meydanına gəzməyə yollanır. Onlar ciblərinə bıçaq qoyanda adam öldürməyi düşünmürlər, fikirləşirlər ki, nə olar, nə olmaz, özünümüdafiə şəraiti yarana bilər, əlləri yalın qalmasın. Allahdan, belə vəziyyətlər tez-tez yaranır. Əgər şəhərin mərkəzinə çıxarkən təsadüfən cibinə bıçaq qoymağı unutmuş gənclər əllərini ciblərinə atanda soyuq silahlarını tapmasalar, eləcə, söyüşüb, yumruqlaşıb aralanırlar, yox, bıçaq varsa, onda öz aralarındakı şərəf, kişilik məsələsini bıçaqla həll edirlər və hadisə yerinə iki maşın gəlir. Bıçaqlaşanlardan birini toplaşmış mərəkənin maraqlı və qəzəbli baxışları altında boyunlayıb “Fiat”a basırlar, o birini isə kütlənin maraqlı və mərhəmətli baxışlarının müşayiəti ilə, ön kapotunun üstünə ESNALUBMA (yəni ambulans - ön maşının güzgüsündən düz oxunsun deyə) yazılmış təcili yardım maşınına qoyub aparırlar - ya morqa, ya da reanimasiyaya.
Bəli, beynimdə bu cür bir variantla üzləşməyə hazırlaşaraq və fotoaparatımı sazlayaraq hadisə yerinə yaxınlaşdım, amma nə Fəvvarələr meydanının zolaqlı daş döşəməsində yerə uzanmış, qanı axan adam gördüm, nə də maşına tərəf dartışdırılan cani. Bəs adamlar niyə belə həyəcanlıydılar? Nədən polislər mərəkənin ortasındaydılar? Nədən səs-küy qalxmışdı?
Heç “burda nə baş verib” deyə soruşmağıma da ehtiyac qalmadı. İki gənc qız öz fotoaparatlarını iki gənc polisin əlindən dartıb aldılar və uca səslə dedilər: “Yaxşı edib çəkirik, biz jurnalistik, istədiyimiz yerdə şəkil çəkə bilərik”.
Yaşları 30-32 civarında olan polislər də təkrar-təkrar deyirdilər ki, ixtiyarınız yoxdur, jurnalist vəsiqəniz olmalıdır, çəkiliş üçün icazə vərəqiniz olmalıdır, əyninizdə xüsusi jilet olmalıdır.
Qızlar da, polislər də öz dediklərini bir daha deyirdilər. Xeyli insan da durub tamaşa edirdi, mübahisəyə qarışmırdı, dialoqa qulaq asırdı.
Jurnalist olsam da, əynimdə sarı jilet yox idi, çəkiliş aparmağa icazəm də yox idi. Ona görə də dalaşanların şəklini çəkmədim, eləcə özlərini jurnalist adlandıran qızların üzünə zənd elədim ki, görüm, həmkarlarımı tanıya bilirəmmi. Olmadı. Gənc həmkarlarımı tanıya bilmədim. Bununla belə, özümü təqdim edərək onlara qahmar çıxmaq düşüncəsinə dolmuşdum ki, iki yaşlı qadın polislərin üstünə yeridi. Onlardan biri aqressivcəsinə dedi ki, sizin buna ixtiyarınız yoxdur, azad ölkənin vətəndaşının şəkil, video çəkməsinə qarışa bilməzsiniz. O biri qadın da buna bənzər bir söz dedi. Kənardan əlavə kömək almış qızlar da xeyli ürəkləndilər və polislərə daha ciddi müqavimət göstərdilər. Kişilər əvvəlki kimi söhbətə qarışmırdı. Gənc polislər müqavimət hərəkatının böyüdüyünü görərək qəfildən dialoqu dayandırdılar və toplaşmaqda olan insanlara acıqlanaraq “davay, dağılışın” deyə göstəriş verib, cəld addımlarla maşınlarına doğru getdilər. Tamaşa bitdi. Mat qalan tamaşaçı kişilərdən biri təəssüflə dedi: “Polislər necə də pas getdilər ey”. Başqa biri analiz verdi: “O qızların yerində sən-mən olsaq, indi maşına basıb bölməyə aparmışdılar, qadın olduqlarına görə baş qoşmadılar”.
Görünür ki, eləydi. Vallahi, bu ölkəyə haqq-ədaləti qadınlar gətirəcək axırda.

Bizə qoşulun