Bəziləri ortalığa yeni ifadələr atıblar, etiraz edirlər: “Lamiyədən nə qədər yazmaq olar?”; “Bu mövzuda yaza-yaza ”sarı mətbuat"a dönmüsüz"; “Əl çəkin o yazıq qızdan” və sair və ilaxır.
1. Bu hadisədən və Lamiyənin taleyindən o vaxta qədər yazılacaq ki, həqiqət ortaya çıxacaq. Gənc və kimsəsiz bir qızın məhbəs divarları arasında hamilə buraxılması (zorlama olayı olmasa belə) sıradan bir olay deyil.
2. Bu, “sarı mətbuat”ın yemi olan mövzu sayılmaz. Onlar bu mövzuda yaza bilməzlər. Bu mövzuda çoxları yazmır, yaza bilmirlər. Çünki təhlükəli mövzudur, bir başı gedib yüksək mənsəbli şəxslərə çıxır.
3. Yazılan yazıların heç biri Lamiyənin və o hadisənin zərərçəkənləri olan şəxslərin “vurulması”na yönəlməyib, əksinə, onları müdafiə xarakteri daşıyır. Heç kəsə sirr deyil ki, bu qadın həbsxanaya düşən gündən cinsi zorakılığa məruz qalıb, ya da onu “könüllü” cinsi xidmət göstərməyə vadar ediblər.
4. Lamiyə cəzasını almış və çəkmiş sabiq cinayətkardır, onun müddətindən artıq həbsdə saxlanması qanunsuzdur, ədalətsizdir. Bu qadın siyasi vəzifə tutan şəxsin sifarişi əsasında, dövlət mundiri geyən adamların əliylə üç dəfə məhkum edilib.
5. Məhz bu amil Lamiyə Quliyevanın da artıq siyasi məhbus olmasını göstərir. Cəzasını çəkmiş bir qadını nahaqdan və yenidən həbsdə saxlamaq üçün iki dəfə şərləyiblər. Biri baş tutub, biri puç olub.
6. Ortada ciddi qisasçılıq aktı var. Sabiq İH başçısı və nazir müavini Aslan Aslanov oğlunun qatilinə dövlətin verdiyi cəzadan artıq cəza vermək, iztirab çəkdirmək istəyir və bu danılmaz faktdır.
7. Qisasçı atanın daha bir oğlu məhz qətl törətməkdə günahlandırılan şəxslərin işinə baxan nazirlikdə çalışır və onların gününün qara edilməsində o şəxsin də rolunun olması istisna deyil.
8. Baş vermiş cinayət hadisəsini ört-basdır etmək üçün cəmiyyətə və mediaya çoxlu yalanlar danışılır və bu göstərir ki, ortada bütün bu qanunsuzluqları həyata keçirən mütəşəkkil bir şəbəkə var. Hazırda onlar boğazlarına çıxmış sudan qurtulmaq üçün meymunluqlar edirlər.
9. Lamiyənin başına gələnlər Penitensiar Xidmətin müəssisələrində baş verən müxtəlif və silsilə cinayətlərin yalnız biridir. Bir xidmətdə ki, insanlar zorlanır, öldürülür, şikəst edilir, işgəncəyə məruz qalır, o xidmət cəmiyyətin diqqət mərkəzində olmalıdır.
10. Bu hadisəni hansısa sənət adamlarını evlənib-boşanması kimi qələmə verənlər bilməlidirlər ki, nə Lamiyə Hürrəm rolunun ifaçısı Məryəm Üzərlidir, nə də onun uşağının atası biznesmen Can Atəşdir. Burada hələ uşağın atasının axtarışı gedir və bu, həmin şəxsi axtarıb tapmaqdan çox, yaxşı yerdə gizlətməyə oxşayır.
11. Nə 2015 il əvvəlki zamandır, nə də Lamiyə müqəddəs Məryəm deyil ki, onun məchul səbəbdən hamilə qalmasına kimisə inandırmaq mümkün olsun.
12. 15 yaşlı şəmkirli qızın başına gələnlərdə cəmiyyətin mənəvi məsuliyyətinin nə dərəcədə olmasından asılı olmayaraq, bu məsələnin bu yerə gəlib çatmasında konkret cinayət məsuliyyəti daşıyan adamlar var və bu işdə birinci, ikinici, üçüncü, dördüncü və beşinci dərəcəli iştirakı olan təqsir sahiblərinin hamısı cəzalandırılmalıdır.
13. İşdə şəffaflıq yaradılmalıdır. Vüqar və Lamiyənin cinayət işinə yenidən baxılmalı, bütün xüsusatlar yenidən və tərəfsiz təhqiqatın materialı olmalıdır. V.Əliyevin tam təqsirsiz qohumlarının illərlə incidilməsinə, həbsə, zorakılığa məruz qoyulmasına görə hesab verilməlidir, təqsirkarlar cəzalarını almalıdırlar.
Göründüyü kimi, bu adi söhbət deyil, ciddi, aktual məsələdir. Bütün bu sadalananlara ədalətli yanaşma olmadan ölkədə qanunun aliliyindən danışmaq absurddur.
Dövlət təkcə cəza aparatı deyil, həm də qoruyucudur, himayədardır və o kimsəsiz uşaqdan tutmuş atılmış ahıllara, valideynindən ayırıb xidmətə apardığı əsgərindən tutmuş suç işlədiyinə görə dörd divar arasına saldığı məhbusuna qədər hamının toxunulmazlığına təminat verməlidir, cavabdeh olmalıdır.
Məhbəslərin zorakılıq yuvası olduğu çoxdan bəlliydi, bu hadisə onra görə bu cür böyük qalmaqal törətdi ki, zorlanmış kişilər uşağa qalmırlar.
