Ötən həftə baş verən həmin hadisə əslində heyrətamizdir, günümüzün reallıqlarını göstərir. Göyçay camaatının qışın oğlan vədəsində “Novruz tonqalları” qalayıb ətrafında yallı getməsini, atəşfəşanlıq eləyib gecə yarısına qədər şənlənməsini deyirəm. Deyəsən, bu, çoxluğa adi göründü. Ancaq yox. Bir icra başçısının prezident sərəncamı ilə görəvdən alınmasını xalq bu cür coşqu ilə qeyd edirsə, tonqallar çatırsa, deməli vəziyyət kifayət qədər təhlükəlidir, hər an nəsə ola bilər.Düzdür, indi nazir Ziya Məmmədovun qohumu Mansur Məmmədov qonşu Ucaq rayonuna təyinat alıb, bundan sonra ucarlıların halı necə olacaq, demək çətindir. Amma hər halda bu təyinat bəlkə də ona verilən sonuncu şansdır. Əhali ilə əmlakı kimi davranan icra başçıları iki il incə baş verən İsmayıllı hadisələrindən dərs götürsün gərək. Belə görünür ki, dövlət başçısı Göyçayla bağlı sərəncamını tam yerində verib, qərar bir neçə gün geciksəydi, bəlkə də tonqallar şənlik üçün qalanmazdı, yaxud elə adamların özündən tonqal çatılardı...
Ümumən dünyada vəziyyətin kifayət qədər təhlükəli olduğunu tez-tez eşidirik. Hətta prezident də 2015-ci ilin sınaq ili olduğunu dedi və məmurlara növbəti xəbərdarlığını etdi, onları xalqla bir yerdə olmağa, qayğıları ilə yaşamağa, kobudluğa, yekəxanalığa yol verməməyə çağırdı, “siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır”-dedi.
Nəticəsi olacaqmı? Bəzi məmurlar yenə də xalqa münasibətdə uçurumu dərinləşdirən metodlarla davam edirlər. Məsələn, elə keçən həftə bir sürücü üstünə benzin tökdü, özünü yandırdı. 39 yaşlı taksi sürücüsü Arzuman Hümbətov “20 Yanvar” dairəsi yaxınlığında dayanıb müştəri gözləyirmiş. Nəqliyyat Nazirliyi müfəttişlərinin özbaşınalığına dözməyib özünə od vurmuşdu. Evinə bir tikə çörək aparmaq istəyən kişini o həddə çatdırırlar ki, ehtiyat saxladığı benzini çıxarıb üstünə tökür, kibrit çəkir. Bəs, buna görə kim cəzalandırıldı? Heç kim. Üstəlik, Nəqliyyat Nazirliyi az qala həmin sürücünü günahkar çıxartdı, Sumqayıta qanunsuz adam daşıdığına görə.
Sumqayıt demişkən, bundan sonra Sumqayıt şəhərinin sakinləri paltarını qurutmaq üçün istədiyi yerdən asa bilməyəcək. Əvvəllər eyvanın qarşısından ip çəkib (zivə) paltarlarını quruda bilirdilərsə, bundan sonra qadağandır. Hətta şəhər icra hakimiyyətində bununla bağlı tədbirlər planı hazırlanıb, şəhər sakinlərinə xəbərdarlıq edilib. Hesab olunur ki, qurutmaq üçün necə gəldi asılmış paltarlar şəhərin görünüşünə ziyan vurmaqla yanaşı, həm də narahatlıq doğurur. Belə ki, binaların qarşısındakı səkilərdə piyada gedərkən insanların başına su damcılayır. Adam bu barədə xəbərdarlığı oxuyanda bir anlıq lap kövrəlir ki, “diqqət və qayğı”nın miqdarına bax. Belə çıxır ki, icra başçısı sumqayıtlıların başına su damcısının belə düşməsini rəva bilmir. Ancaq sonra da xəyala dalırsan ki, bəs sakinlərin halına yanan şəhər rəhbərliyi niyə bu sənaye şəhərində ağac qətliamlarına, sakinlərin etirazına səbəb olan tikintilərə qarşı sərt tədbir görmür? Sumqayıt rəhbərliyi bununla yenilik etmək istəyibsə də, deyəsən, unudub ki, zivədən paltar asmaq qadağası hələ 2007-ci ildən Naxçıvanda tətbiq olunur. Ancaq nə olsun, Naxçıvanda evlər nə qədər gözəl görünsə də, küçələr nə qədər təmiz saxlansa da, yenə ölkəmizin bu bölgəsi xaricdə insan haqları məsələlərinə görə qara siyahılara salınır. Sumqayıtda da əsas problem zivə deyildi.
Yaxud nə olsun ki, Nəqliyyat Nazirliyi Bakıya yeni, iritutumlu avtobuslar gətirib, bu, yenə də yollardakı vəziyyəti dəyişməyəcək. Sükan arxasında çay içən, vahid geyim qaydasına əməl etməyən sürücülərin cəzalandırılması da əsas məsələ deyil. Bəs bilmirdiniz ki, bədbəxt sürücü 150-200 manat aylığa sutkada 16 saat işləyəndə sükan arxasında çay da içəcək, telefonla da danışacaq? Neçə illərdir sürücülərə aylıq normal maaş təyin olunacağından, vahid kart sisteminə keçiləcəyindən danışılır, aparatlar quraşdırılıb, hanı nəticəsi? İcra başçıları zivədən başlayan kimi, bunlar da çay içən sürücüdən başlayırlar. Nəticədə sürücü özünə od vurur. Prezident məmurlara xalqla bir yerdə olmağı tövsiyə edir, bunlar gedib... paltar ipinə qadağa qoyurlar. Olsun, əslində normal görünmür, bəlkə də ayıbdır. Amma əsas problemlər həllini tapandan sonra. Sumqayıtdakı zivə qadağasından sonra nələr olacağını təsəvvür edə bilmirəm. Yəqin “zivə məhbusları” haqda da eşidəcəyik. Allah eləsin yanılım, zivə məsələsi də Avropaya qədər gedib çıxsa...