Medianews.az
Dilin arealı, dilçəyin realı
430 baxış

Dilin arealı, dilçəyin realı

samir sari kose 1
Çox deyirdilər ki, rus dili ingilis dilindən sonra dünyada yayılma arealına görə ən işlək dildir. Yaxşı oldumu, Ukrayna prezidenti bəyan edib ki, rus dilinə ikinci dövlət dili statusu verilməyəcək.
Bu, o deməkdir ki, Ukrayna əhalisi artıq döşənib öz dilini öyrənəcək, rus dilində çox danışmayacaq, danışanlara da dilucu cavab verəcək.
Gürcüstan artıq neçə ildir rus dilindən imtina edib. Tiflisə tez-tez gedib-gələnlər çörəyin bərəkətinə and içirlər ki, bu ölkədə adamdan rusca söz soruşanda cavab vermirlər. Amma şəxsən bu sətirlərin müəllifi ötən il Tiflisdə beş-altı yaşlı adamdan rusca söz soruşub və hamısına cavab alıb. Görünür, xitab edəndə yaş senzini nəzərə almaq gərəkdir. Cavan gürcülər rusca bilmirlər və bilmək də istəmirlər. Yaşlılar isə pis-yaxşı bilirlər, ancaq ildən-ilə azalırlar.
Ukraynada da elə olacaq. Yavaş-yavaş rusca bilənlər azalacaq. Bax, o zaman Ukraynaya varid olan həmvətənlərimizin könlü “dil bilən, söz anlayan bir nazlı yar” istəyəndə əziyyət çəkəcəklər.
Nə qədər olmasa da, rus dili postsovet məkanının, sosializm düşərgəsinin ana diliydi. Sovet dövründə bu dili biləndən sonra bir yanı Kuril adaları, o biri yanı Berlin, Havana, Sofiya, Manaqua, Hanoy arasında başını dolandıra bilərdin.
Amma yeni rus rəhbərliyini mənasız cığallığı üzündən rus dilinin arealı kiçildikcə kiçilir və bu ilk növbədə rusların özünə problem yaradır. Nədən ki, şovinistliklərindən özlərinə sığışdırıb başqa dil öyrənməyən ruslar (istisnalar var, amma əksər ruslar yalnız bir dil bilirlər - öz dillərini) ölkələrindən kənara çıxanda kərəvəngə qalırlar.
Məsələn, bugünlərdə Taylandın kurort şəhəri Pattayyada rusdilli əcnəbi turistin başına xoşagəlməz iş gəlib - sırf dilbilməzlikdən. Adamın bildiyi yeganə dil rus diliymiş və o, ətraf dünyayla məhz rusca anlaşmaq istəyirmiş.
Demək, hadisə belə cərəyan edib: rusdilli turist barda yeyib, içib, əylənib, tam dəm olandan sonra otelə getmək istəyib və hesabı istəyib. Barın işçiləri ona hesabı gətiriblər: 1300 bat (2700 rubl). Turist əlini cibinə salıb, görüb ki, bay, üstündə cəmi 600 bat pul var, 700 batı çatmır. Ta neynəsin, o, barmenə, eləcə də onun yanındakı mühafizəçilərə başa salmaq istəyib ki, sizin 700 batınız məndə batmaz, gedim yolun o üzündəki bankomatdan çıxarıb gətirim. Təbii ki, rusdilli turist bu sözləri rusca deyib və elə zənn edib ki, taylandlı barmen buna “davay, idi, Saşa” deyəcək. Adam qapıya tərəf getmək istəyəndə mühafizəçilər elə biliblər ki, rus hesabı ödəmədən aradan çıxır, arxadan yapışıblar, nə yemisən, turşulu suşi, salıblar şillə-təpiyin altına. Yazığı o qədər vurublar ki, yediyi-içdiyi burnundan gəlib, axırda çənəsi, burnu qırılmış halda aparıblar hospitala.  Döyülməzdən əvvəl rusca danışan turist aldığı xəsarətlər nəticəsində indi çətinliklə danışır, tərcüməçi vasitəsilə birtəhər başa salır ki, 700 batı kartdan çıxarıb verəcəkdi.
Halbuki həmin rus vaxtında canına cəfa verib məişət səviyyəsində ingilis dilini öyrənsəydi, bu günə düşməzdi. Ya da yeddi ölkə basa-basa Taylanda getmək əvəzinə Türkiyəyə getsəydi, yenə də başına o iş gəlməzdi. Çünki Anadolunun kurort zonalarında yaşayan qardaş türklər hazırda işlərinin xətrinə vur-həşir rus dilini öyrənirlər. Hətta Azərbaycan türkcəsində onlara bir söz deyəndə bəzən anlamırlar, amma rusca nəsə soruşanda əlüstü “davay, davay, kaneçno” deyirlər.
Yəni çox dil bilmək yaxşı şeydir. Bu üzdən biz gürcülərin, ukraynalıların tırkasına gedərək rus dilindən imtina edə bilmərik, rusca öyrənmişik, öyrənirik, öyrənəcəyik. Eləcə də ingiliscə öyrənməliyik, yeri gəlsə, lap “quş dili”ni də bilməliyik. Ola bilər, sabah ayağımız Taylanda açılar, tökülüşüb tay dilini də öyrənəcəyik ki, heç nə üstündə bizi döyüb rus turistə tay eləməsinlər.
Bu xüsusda özünüzlə fəxr edə bilərsiniz, əziz həmvətənlər, diliniz də var, dilçəyiniz də, xarici dil öyrənməkdə, hamıyla dil tapmaqda, dilli-dilavər olmaqda analoqunuz yoxdur. Bircə öz daxilimizdə bir-birimizlə dilləşməyimiz olmasaydı, lap yaxşı olardı, amma bildiyiniz kimi, hər gözəlin bir eybi olmalıdır.

Bizə qoşulun