Qabaqlar Azərbaycan qəzet jurnalistləri telekanalizasiya zəhmətkeşlərinə təsir edirdilər, onları formalaşdırırdılar. Yazıqlar olsun ki, son dövrlər tam tərs proseslər gedir. Azərbaycan qəzetçiliyində jurnalistikanın ən ibtidai-mağara formasına - mən buna ümumi olaraq “xəzərxəbəratvmaqazinçilik” adı qoyardım - keçidin ağır fəsadları hiss olunmaqdadır. Jurnalistlər adi insanların şəxsi həyatına həyasızcasına müdaxilə edir, kasıb və imkansız adamları ələ salır, nəinki jurnalistin peşə kodeksini pozurlar, hətta bəzən Cinayət Məcəlləsinin konkret maddəsinin tətbiqinə səbəb olacaq hərəkətlərə yol verirlər.“Yeni Müsavat”ın 15 yanvar 2015-ci il sayında çox təəssüf doğuran bir yazı oxudum, buna münasibət bildirməməyin artıq ayıb olduğu qərarına gəldim. Çünki bu, bir tendensiya halını almaqdadır. Özünüz görəcəksiniz.
Yazı “Azərbaycanda başqa kişi ilə qaçan gəlinlərin şok statistikası” adlanırdı, müəllif yerində isə “Hazırladı: Emil Salamoğlu” imzası qoyulmuşdu. Bu baxımdan, güman və ümid edirəm yazı “Yeni Müsavat”a məxsus deyil, saytlardan və telekanalizasiya xəbərlərindən hazırlanmış bir, necə deyərlər, popuridir. Amma bu da qəzetin məsuliyyətini azaltmır.
Adından göründüyü kimi, müəllif hansısa qadınların öz ərlərini atıb başqası ilə yaşamağı seçməsini şok adlandırır. Belə yerdə deyərlər: sənə nə? Adamlar özlərinə yeni həyat qurmaq istəyirsə, bunun qəzetçiyə nə dəxli var? Amma yox, dəxli varmış... Özü də necə! Jurnalist bu cızmaqarasının azı 3 yerində bu tip hərəkətlərə “rüsvayçılıq”, bir neçə yerdə isə “milli adətlərimizə uyğun olmayan”, “ailə dəyərlərinin dağılması”, “biabırçılıq” kimi yaraşmayan damğalar yapışdırır. Sanki adamları qızışdırmaq istəyir ki, nə üçün başqası ilə qaçan gəlini sağ buraxmısınız, gedin, harda olsa tutun, döyün, başını kəsin, mən də gəlib reportaj qayıraram, onlara - bu qaçan gəlinlərə bu da azdır, burunlarından gəlsin Tomrisin, Həcərin südü, adə qoyma, gəlini tut, ayağından yapış, mən diktofona batareyka qoyum, gəlirəm!
Tfu... Azərbaycan jurnalistikası niyə bu kökə düşdü?
Qardaşım, sən özün həmin “reportaj”da yazırsan ki, bu qaçan gəlinlər xoşbəxt deyilmişlər. Birini zorla ərə veriblər, başqasını qayınanası minirmiş, üçüncüsü ərini sevmədiyini deyirmiş və sairə. Bu adam qaçmayıb neynəməlidir? Ölməyini gözləməlidir?
İkincisi, bu hadisəyə “qaçan gəlinlər” adı qoymağın özü axmaqlığın zirvəsidir. Çünki il ərzində 4-5 belə hadisə ola ya olmaya. Lap 100 dəfə olsun! Bu da heç nəyi dəyişmir. Çünki sən həmin gəlinləri evdə qoyub Rusiyada “Nataşa” ardıyca yollanan (misal üçün), yoxa çıxan ərlər haqda yazmırsan. Yazsan belə, həmin cızmaqarana “Qaçan ərlərin şok statistikası” başlığı qoymursan. O zaman Azərbaycan qadınlarına bu cür əşya münasibəti, bu cür alçaldıcı münasibət hardandır? Kimin mülkiyyətidir onlar? Niyə onların hərəkət, ailə səadəti seçmək azadlıqları olmasın? Sən kimsən ki, başqasının özünə yeni ailə qurmasına “rüsvayçılıq” damğası yapışdırırsan? Elə bu cür damğalarınız o yazıq qadınların intiharına səbəb olur. Həmin cızmaqarada evdən qaçan, zorla geri qaytarılan elə bir gəlindən də söhbət açılmışdı. Bunumu istəyirsiniz?
Ümumiyyətlə, Azərbaycanda insanların mağara düşüncəsi ilə, primitiv yaşamasının çox sübutları var. Bir neçə il qabaq Q. rayonunda s. adlı bir xörək yemişdim. Sonra bu xörəyi öz yazımda “iyrənc” adlandırdım. Bah, necə qışqırışma düşdü! Adamlar sanki şərəf-ləyaqətin əldən getdiyini zənn etmişdilər. İndi də o səbəbdən rayonun və yeməyin adını yazmadım - o düşük etirazları təzədən eşidib məyus olmaq istəmirəm. Halbuki bu adi yeməkdir, yemək insan deyil ki, ona murdar, iyrənc adlar verməyəsən? Yeməyi təhqir eləməyə görə bəlkə həbs cəzası da qoyasınız? Yoldaşlar, yeməyi hətta qusmaq da olar!
Üstəlik, o rayon Allah heç qoymazsa, guya inkişaf eləmiş, bir az Avropa yönümlü rayonlarımızdan biri sayılır. Əgər orda yemək mövzusu bu cür şiddətə səbəb olursa, gör indi başqa rayonlarımızda mağara millətçiliyi, dolma vətənpərvərliyi hansı səviyyədədir...
O faktı yada salmağımın da səbəbi var. Bir dostum var, hazırda həmin rayonda işləyir, bu həftə mənə məktub yazmışdı: “Burda hamı səndən danışır. Deyirlər 3-4 il qabaq rayonun yeməyini tənqid eləmisən”. Təsəvvür edirsinizmi? Görün biz nə gündəyik...