Əslində şad xəbərdir, deyir, ötən il Bakıda 20 və daha çox cərimə balı toplayan 590 şəxsin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Camaatımız belə xəbərlərə çox sevinir, hətta xalq istəyər ki, el dilində desək, “pravası əlindən alınanlar”ın sayı 590 yox, heç 5900 də yox, tam 59 (əlli doqquz) min olsun. Bəlkə onda yola çıxıb mənzil başına çatmaq təhlükəsiz iş olar.Elə həmin xəbərin içində var, yazır ki, ötən il 12309 sürücü işıqforun qırmızı işığında keçən yerdə yaxalanıb, cərimələnib.
Əlimi İnzibati Xətalar Məcəlləsinin son buraxılışının - əlavə və düzəlişlər edilmiş variantının üstünə basıb and içərəm, tam 12 min sürücü də eyni xətaya görə cərimələnməyib, onlara “yaxşı, filankəsə görə keçirik, amma bir də belə eləmə, yaxşı yol” deyib buraxıblar, ən azı 120 min, bəlkə də 1 milyon sürücünün isə qırmızı işıqda keçdiyini nə polislər görüb, nə radar tutub.
Sözü gedən informasiyada avtomobillə törədilə biləcək bütün xətalar barədə statistika var və bizim sürücülər, maşallah olmasın heç, bütün qrafaları doldurublar, hər xətaya bola-bol yol veriblər.
Biz beləyik, yol-hərəkət qaydası hərləmirik, hardan gəldi, basıb keçirik. Kim tutar bizi? Heç kəs.
Bir tanış taksi sürücüsü var, danışır ki, hər gün yollarda xeyli “blatnoy” oğlanlar görür, necə gəldi, sürür, adamın böyründən güllə kimi keçirlər, amma bir də görürsən, irəlidə yol-patrul xidmətinin işçiləri bunları saxlayıb, gədələr də düşüb telefona sarılıblar, hansısa sistemdə olan qohum-əqrəbalarına, dost-tanışlarına zəng edirlər, gəzişə-gəzişə durumu izah edirlər.
Həmin taksist deyir ki, əgər yolda saxlandıqda bu qədər yalvaracaqsansa, 60 manat cərimə verməməkdən ötrü “dayday” axtaracaqsansa, Allah sənin “blatnoy”luğunu kəssin, bundan böyük “çurban”lıq yoxdur.
Heyf ki, o statistikada dörd maşını birdən “obqon”a çıxan, hamısını ötdükdən sonra qəfildən kəskin şəkildə tormozlayıb sağa dönənlər barədə rəqəmlər yoxdur. Yoxsa təxminən bilərdik ki, hər gün yola nə qədər şüursuz, anlaqsız, qanmaz sürücü çıxır.
Baxın, bir neçə illik təmirdən sonra “Dərnəgül yolu” açılıb, şütüyüb getmək olur. “Neftçilər” metrostansiyası ilə “20 Yanvar”ın arası 10-12, ağsaqqal sürüşü ilə 15 dəqiqəlik yoldur. Adam balası kimi sürüb getmək olmazmı? Belə çıxır ki, olmaz. Tikinti gedən günlərdə bu yolu 1 saata qət edənlər indi 10 dəqiqə tablaşa bilmirlər və Şumaxerə dönürlər. Nəticədə hər gün o yolda qəza baş verir. Elə bir gün olmaz ki, ya tuneldə, ya da 4-5 zolaqlı enli yolda avtomobillərini bir-birinə vurub dalaşanlar olmasın.
Ona görə də sürücülük vəsiqəsindən məhrum edilmiş sürücülərin sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. İçkili maşın sürənlər inzibati qaydada, 10-15 günlüyə həbs olunsalar, daha gözəl olar. Çünki o cür adamlar, təxminən əlinə bıçaq götürüb kimlərisə teyləyən qəzəbli adamla, potensial qatillə eyni işi görürlər.
Neçə dəfə şəxsən özüm görmüşəm, sürücülük vəsiqəsi almaq istəyənlər “feysbuk”da belə sorğu-status yazırlar: “Dostlar, bilən varmı, ”prava"nın qiyməti indi neçəyədir?" Tariflər haqda real məlumat gəlir: “1000 manata”; “800-ə də düzəltmək olur”; “Böyük adam tapşırsa, 500-ə də almaq mümkündür” və s.
Sanki yarmarkadır, pulunu ver, istədiyin müddətdə vəsiqəni al.
Sürücülük vəsiqəsini o cür alan adamların yol-hərəkəti qaydalarına məhəl qoymayacağı gün kimi aydındır. Çünki onların çoxu o qaydaların nədən ibarət olduğunu bilmir. Bilsəydilər, piyadaların keçidi üçün nəzərdə tutulan zolağın qarşısında saxlayıb piyadalara yol verən sürücülər arxadan dallarına dirənən maşınların siqnallı təzyiqinə, bəzən isə söyüşünə məruz qalmazdılar.
Üç gün öncə Koroğlu Rəhimov küçəsində elə bir əhvalat oldu: bir maşın yolu keçmək istəyən tələbələrə yol verirdi, yol onların idi. Eşşək boyda bir cipin danabaş sürücüsü də siqnallayırdı ki, cəhənnəm ol, sür, qabağımı kəsmə. Öndəki maşının sürücüsü qabağından yemədi, maşınından düşdü, əliylə “nə var, ə, nə deyirsən” jesti etdi. Az qaldılar dalaşsınlar. Hiss olunurdu ki, cipin sürücüsü “piyadaya yol vermək” deyilən müddəadan tam bixəbərdir. Çünki deyirdi: “O hansı kitabda yazılıb?”