Medianews.az
Sheakspeare-dən Maykl amcaya
400 baxış

Sheakspeare-dən Maykl amcaya

xalid kazimli kose 1
Heç kim bilmir ki, dəqiq necə olmalıdır: əcnəbi adları ana dilimizdə necə yazılmalıdır - ingiliscə yazıldığı kimi, yoxsa səsləndiyi kimi? Mübahisə gedir. Hamı öz bildiyi kimi yazır və ortaya xeyli dərəcədə satirik-yumoristik mənzərə çıxır. Məsələn, ABŞ-ın ölkəmizdə bir keçmiş səfiri vardı, adı ingiliscədə Anna Dersi yazılırdı. Amma biz azdan-çoxdan ingiliscə oxuduğumuz üçün bilirdik ki, bunu “Anna Dersi” kimi yazsaq, düz olmayacaq, ictimai-siyasi fəallarımız xanım səfiri harda görsələr, “Anna xanım” deyib yaxalayacaqlar, o da elə biləcək ki, söhbət başqa adamdan gedir. Axı onu heç vaxt “Anna” çağırmayıblar, həmişə “Enn” deyiblər. Çünki ingilis dilinin transkripsiyasında A hərfi ya “Ə” ya da “E” oxunur (hələ bu da zövqə və adamın baza təhsilinə bağlıdır, rusdilliləri öldürsən də, “E” deyəcəklər, çünki Ə-yə dilləri dönmür).
Bu üzdən xanım səfirin adı ilk günündən səlahiyyətlərini icra etdiyi son günə qədər müxtəlif variantlarda yazıldı və oxundu. Variantlar beləydi: Anna, Enn, Ənn və s. Hələ xanımın soyadı da təhriflərə məruz qalırdı: Dersi, Dörsi, Dərsi, Ders, Dörs və s. Əlbəttə, bu variantların içində bir düzü də vardı, amma biz sona qədər də aydınlaşdıra bilmədi ki, səfir xanımın ad-soyadının ən düzgün səslənişi necədir. Tərs kimi, səfir xanımın vaxtı bitdi və biz ona bir dəfə düz-əməlli xitab eləmədən ayrıldıq.
Hərçənd mən özüm bir dəfə onunla qabaqlaşıb əl tutuşanda “Salam, xanım Dersi” deməyə arlandım (qorxdum ki, yanlış olar), vəziyyətdən diplomatikcəsinə çıxdım, “salam, xanım səfir” dedim, tərcüməçi də o cür tərcümə elədi. O da üzümə amerikansayağı güldü, hiss etdim ki, yanlışlıq olmayıb.
O gün bir ingilis diplomatı nəsə qırıldatmışdı, adamın soyadı yadımda deyil, amma adı ingiliscədə Andrew idi. Bildiyiniz kimi, Türkiyənin saytları da əcnəbilərin adını ingilscədə yazıldığı kimi yazırlar. Yazmasına yazırlar da, amma sonra oxuya bilmirlər, ən azı düzgün oxumurlar. Məsələn, dünyaca ünlü futbolçu Zidana Türkiyədə Zidane deyirlər. Elə Andrew-ə Andrev deyirlər. Bizim əməkdaşlardan biri isə həmin informasiyanı öz dilimizə çevirərkən diplomatın adını “Andrey” yazmışdı. Ta neynəsin? Yaxın gələn variant budur. Axırda analitik təfəkkürmüz hesabına tapdıq ki, həmin diplomatın adı Endryu ola bilər. Özləri məhz o cür tələffüz edir.
İndi işi qəlizləşdirən də budur. Bir çox həmkarlar israr edirlər ki, yox, ad-soyadlar latınca yazılmalıdır. Xub. Yazaq. Onda da oxucuların 90 faizi Endryunu Andrey oxuyacaq.
Şəxslən mənim üçün problem yoxdur, təvazökarlıqdan Liverpool (Liverpul) şəhəri qədər uzaq olsa da, deyim ki, mən Shakespeare-i problemsiz “Şekspir” oxuyan adamam, amma gəl görək, bu, hamıda belə alınırmı? Yox. Ona görə ki, bizim öz ana dilimiz, baza təhsilimiz, transkripsiya oxuma tərzimiz var. Azca yanlışlıq oldumu, tutub Şekspirə Sekspir deyib, özümüzü biabır edəcəyik.
Bunu əvvəllər bir-iki dəfə də yazmışıq. Əslində ABŞ-dakı məşhur ştatın adı “TEXAS” deyil, məhz “Teksas”dır. Özləri də elə deyir, bütün dünya da. Bir biz, bir də Rusiya və onun vassalları israrla hələ də “Texas” yazırıq, “Texas” da oxuyuruq və heç vecimizə də deyil ki, latıncadakı andır X hərfi “iks” kimi oxunur (Bunu hətta Vasif Talıbov da bilir). Biz Teksasa “Texas” deyəcəyiksə, onda gərək “kseroks”a “xerox”, “taksi”yə “taxi” deyək.
Bəs çıxış yolu nədir? Məncə, biz bu məsələdə sovet dövrünün qaydalarından istifadə etməliyik. O vaxt əcnəbi şəhərlərin, ad-soyadların hamısı dilimizdə orijinal variantında səsləndiyi kimi yazılırdı və elə də oxunurdu, yanlışlıq olmurdu. Əvvəlcədən terror basqınına məruz qalmış “Charilie Hebdo” jurnalının adını düzgün oxuyub yazsaydıq, indi o jurnalın adı iki variantda, gah “Şarli”, gah “Çarli” kimi getməzdi.
Ümumilkdə götürsək, bu Mikayıl məsələsidir. İngilislər Michael yazır, Maykl oxuyur, fransızlar - Mişel, ispanlar - Mikel, itlyanlar - Miçel, almanlar və ruslar - Mixail, gürcülər - Mixeil, ermənilər - Mikael və s... Ən düzünü isə biz yazır və deyirik - Mikayıl. İndi nə edək, özümüzü ingilisdillilər kimi aparaqmı? Vallahi, belə getsə yeni böyüyən cocuqlar qonşumuz Mikayıl əmiyə “Maykl amca” deyəcəklər. Bəs niyə “amca”? Eyni zamanda türk şivəsində qonuşmaq da dəbdədir axı...

Bizə qoşulun