Medianews.az
Boş-boş yazılar, dolu-dolu keyslər
461 baxış

Boş-boş yazılar, dolu-dolu keyslər

images_dekabr_kose samir sari
İspaniyanın ən iri qəzeti “El Mundo” bu yaxınlarda, yəni ötən ilin dekabr ayında Ermənistana xüsusi əlavə həsr edib. Yazılar “Bağ belə, bostan belə” rubrikasında verilib.
Xəbər verilir ki, “El Mundo”da baş nazir Ovik Abramyanın, energetika və təbii ehtiyatlar naziri Yervand Zaxaryanın, eləcə də sıra dövlət məmurlarının və iş adamlarının müsahibələri yer alıb.
Onlar ölkələri haqqında, əlbəttə ki, yaxşı şeylər danışıblar, bu kiçik Qafqaz ölkəsinin regionun lideri olmasından, əhalisinin qonaqpərvərliyindən, rəsmi İrəvanın sülhpərvər siyasətindən, ölkədə gedən tikinti-quruculuq işlərindən, tükənməz təbii ehtiyatlarından, iqtisadi inkişaf templərinin yüksəkliyindən və sair bu kimi vacib şeylərdən bəhs ediblər.
Bu xüsusda uzun yazmaq istəmirəm, zatən, hamınız əcnəbi qəzetlərdə hansısa uzaq və kiçik ölkəyə həsr olunmuş yazıların hansı məzmunda olduğundan xəbərdarsınız. Məsələn, Pakistanda adı “Observer”dir, nədir, bir qəzet var, sanasan, bizim KİV DDF-dən ayrılan qrant hesabına çıxır, il-on iki ay ölkəmizə dair səhifə-səhifə yazılar verir, xüsusi buraxılışlar hazırlayır. Çox fərasətli qəzetçilərdir, dolanışığın yolunu yaxşı tapıblar.
Arada biz o cür yazıları İngiltərədə, Amerikada çıxan qəzetlərdə də təşkil etdirə bilirik.
Puluyla deyilmi? Verirsən, yazırlar. Çiçəklənən Azərbaycandan, simasını sürətlə dəyişmiş Bakıdan da beş-altı qəşəng şəkil oldumu, iş tamamdır. Allah tərəfi, həm ölkəmizin rayonlarında, həm də paytaxt Bakıda şəkil çəkməli, çəkdirməli yerlər çoxdur. Şirəsi sıxılmamış narın gilələrinə and içirlər ki, Qəbələdə elə yerlər var, Abbas Atilay kimi peşəkar fotoreportyorun ordan çəkdiyi şəkillərlə dünyanı mat qoymaq olar. Baxan elə bilər, İsveçrədir, daha doğrusu, “Şvetsariya” (Belə deyəndə daha möhtəşəm səslənir).
Xüləs, yazının əsas mövzusuna, “El Mundo”da gedən mədhiyyəyə dair söhbətə qayıdaq. Belə məlum olur ki, Ermənistan mətbuatı ispan qəzetinin tərif dolu yazısını həzm edə bilməyib. Erməni jurnalistlər araşdırma aparıblar, iyləyib-çüyləyib aşkar ediblər ki, Ovik Abramayan bu xüsusi əlavəyə görə qəzetə 30 min avro ödəyib. Bu işdə vasitəçi olan adamın (Ruben Arutunyan) adını da yazıblar.
İndi erməni qəzetçilər həyəcanlı və hiddətlidirlər, deyirlər, “indiki böhran şəraitində baş nazirin bu cür bədxərclik etməsi dəhşətdir”, şübhələnirlər ki, “baş nazir bu məbləği dövlət büdcəsindən ödəyib”.
Vay-vay-vay! 30 min avro qonşularımızın gözünə böyük görünür. Elə bilirlər, hansısa xarici qəzetə bu qədər pul vermək bədxərclikdir.
Erməni qəzetçilər nə bilsin ki, hələ 10 il öncə bizdə bir iş adamının girov götürülən ağsaqqal atasının maşınının mücrüsündən (“bardaçok” deyək, hamı anlasın) 30 min, üstündən 10 min manat (o vaxtın məzənnəzi ilə təxminən 39 min avro) pul çıxmışdı. Ağsaqqal istintaqa verdiyi ifadəsində göstərmişdi ki, bu qədər pulu maşınında cibxərcliyi üçün gəzdirirmiş.
İndi böyük iş olub. O boyda baş nazir əcnəbi qəzetə 30 min avro verib. Nə olsun? Elə ölkələr var ki, bu iş üçün 300 min verir, heç uf da demir. Heç üstü də açılmır, bir adam belə bilmir ki, xarici qəzetə, agentliyə nə qədər pul verilib. Hamı sadəcə, ölkənin çiçəklənməsi barədə xüsusi əlavələri oxuyur, hər şeyi anlayır. Bu kimi məsələlərdə əsas amil qəzetə nə qədər pulun verilməsi deyil, ana vətən haqqında xoş sözlərin uzaq diyarlarda oxunmasıdır.
Hətta eşitdiyimə görə, öz ölkələrində reytinqlərinə görə ilk beşliyə düşən elə nüfuzlu media qurumları var ki, pulları azalan kimi çamadanlarını yarıboş şəkildə götürüb cumurlar çiçəklənən və çiçəklənməsi haqqında başqa ölkələrin camaatının da bilməsini istəyən respublikalara, bir neçə müsahibə götürür, reportaj hazırlayır, keyslərini də sərbəst dönərli valyuta banderolları ilə doldurub qayıdırlar.
Bizdə olsa elə nəşrlərin adını tutub “reket qəzetlər” siyahısına salarıq. Amma onlar bizlik deyil. Belə çıxır ki, bu işlə beynəlxalq səviyyədə məşğul olanlar da var.
Əlbəttə, hansısa uzaq ölkədə yalan-palan çiçəklənmə haqqında boş-boş yazılar getməsini istəyənlər və bunun üçün pul ödəyənlər varsa, o cür yazıları yazıb dolu-dolu keysləri almaq istəyənlər mütləq olacaq.

Bizə qoşulun