Bizdə xüsusi insan növləri vardır ki, onlar həmişə kiminsə ölümündə qatili yox, başqalarını səbəbkar tutarlar, hətta ölənin özünü belə. “Günah öləndədir” - belə bir el məsəlimiz də vardır, iki eşşəyin arpasını bölə bilməyən müdriklərimiz haçansa uydurub millətin boğazından asıblar, biz də bu paslı medalyonla xoşbəxtcəsinə dolaşırıq.
Əslində, doğrudan da bizim xoşbəxtliyimiz üçün böyük şeylər lazım deyildir: bir təsbeh, yarım kilo ət, babat piyli arvad (ya da qıllı ər - yerinə baxır), qurudlu xəngəl, yüz qram araq, “bir kəllə qənd”... Vəssəlam, şüttəmam. Hətta Sokratın “Gör burda nə qədər lazımsız şeylər vardır!” cümləsini 8-ci kilometr bazarında söylədiyi tarixi arxivlərdə qeydə alınıbdır. Bu haqda böyük alim ağayi Quleybani-nin “Xortdan və Bülbüli-zari-giriftar” risaləsində yazılıbdır, tapıb oxuyanın gözü kor olur.
İndi Fransada jurnalistlərin öldürülməsi də eyni bucaqdan şərh edilir. Bir çoxları guya terroru pisləyən bəyanat yazır və içində qeyd edir ki, öldürməkdə düz eləməyiblər, ancaq “milyardlarla insanın” (bu rəqəmi də özüm oxudum, halbuki müsəlmanlar 2 milyard da deyil) heysiyyətini təhqir eləmək düzgün deyilmiş, gərək karikatura çəkəndə bizdən məsləhət alaydılar, biz özümüz onlara mövzu verərdik, misal üçün, Binəqədi rayonunda yerləşən 45 saylı Mənzir İstismar Sahəsinin müdiri Gülbala müəllimin qəşəng karikaturası çıxar, niyə “Şarli Ebdo” qəzetəsi bunu çəkmir və sairə və ilaxır...
Yəni bu adamların söz azadlığı anlayışı bayaq adını çəkdiyim bucağın ölçüsü qədərdir. İctimai tənqid, hətta bütpərəstliyi sındırmaq üçün ictimai nüfuzlu şəxslərin “təhqiri” (bunu da onların dilindən yazıram, mənim üçün ictimai şəxs haqda hər cür mövqe - onun sağlamlığına zərər vurmadan - qəbul ediləndir) nə qədər vacibdir onu anlamırlar. Zor deyil ki, anlamırlar da! Bəs bu zaman nə etmək olar? Yəni sən kiməsə cəhənnəm odu vəd edə bilərsən, donuz əti yediyi üçün, araq içdiyi üçün lənət oxuyarsan, kəkili açıq dolaşdığı üçün başını kəsə bilərsən, ancaq bu dünyagörüşünün karikaturasını çəkəndə heysiyyətə toxunurmuşsan... Nə gözəl, nə sərfəli heysiyyətdir... Hətta adamı cəlb edir, imana gəlirsən. Ləzzət edir. Hər jurnalist öldükcə nə qədər iman artır, bilirsinizmi? Qorxu pis şeydir.
Nə isə, gedək MİS müdirinin kainata vurduğu zərərləri hesablamağa və bu arada Amerikadan mənə gəlmiş bir bayram təbrikini gec də olsa hörmətli oxucularımıza çatdırmaq istəyirəm. Azərbaycanlı bir qardaşdır, adının çəkilməsini istəmir, ancaq xeyli dərəcədə maraqlı, bəhri-təvil janrında təbrik yazıb göndərmişdir:
“A bəy, bayramın mübarək! Neçə bundan yaxşı illərə çıxasan. Cansağlığı, uzun ömür arzu edirəm! (Bu, təbrikin ”xoda salma" hissəsidir, zəifdir -Z.H.) Həyat firavan, oğul pəhləvan, bizimdir İrəvan, həm də İcevan, yuyuldu Salyan, gəlmədi qurudan, gəldi Nuşirəvan, çaldı balaban, sübh səhər 6-dan, hər qotur kanaldan, göstərdilər yalandan, ulaq üstdə palannan, bulaq başı ceyrannan, süzüldü stəkan, düzüldü yan-yan, içildi çaydan, oxundu yar aman, soyundu üryan, nejə oldu idman? Hanı bizim Van Damm? Hara girdi vulkan? Niyə olmur tufan? Kimdir ki Sarkisyan?
Bizim büdcəmiz kalan, gəl ki yuxarıdan Vovan, altdan da molla İran, öz hayında Ərdoğan, tənqid də ki bu taydan, yorulmadan Barakdan, çəkilməsin neyləsin bu yazıq başa tuman?! Yaşasın Azərbaycan! Fəxr etsin qoca, cavan! Elə odur ki, gəlir arada Nuşirəvan, çalır zurna-balaban, hər qotur kanaldan... (burada müəllif təsir gücünü artırmaq üçün xeyli təkrirə yol vermişdir, kəsirəm-Z.H.), şıllaq atan fontandan, tikilən bağçadan, sökülən Ulu fonddan, yaşayır Azərbaycan! Firavan Azərbaycan! Əylənir Azərbaycan! Dincəlir Azərbaycan! Çox da sözlər deyilib, o tayda Şəhriyardan, bu tayda Arazdan, nə can qurban etməyə, nə ayağa qalxmağa gərək yox, Azərbaycan! Yaşayır Azərbaycan! Nə yaxşı yorulmur, çalan zurna-balaban..."
Bax, əziz millət, inkişafımız Amerikadan bu cür görünür, o səbəbdən sevinməyə əsaslar vardır.
