Medianews.az
İş başlanır
231 baxış

İş başlanır

zamin yeni raz
Neftin dünya bazarında qiyməti dünən 51 dollara düşmüşdü. Şəxsən mən bu enmədən çox sevincliyəm, hər yerdə də bunu göstərirəm. Bu zaman bəzi adamlar - çox yaxşı ki, belələri azdır, tanışlarımın 4-5 faizi olar ya olmaz - etiraz edirlər, neftin ucuzlaşmağının bizə mənfi təsir edəcəyini söyləyirlər.
Onların əsas arqumentləri budur ki, bizim dövlət büdcəsi əsasən neft gəlirləri ilə formalaşır, neft ucuzlaşdıqca büdcə zəhmətkeşlərinin, kasıb təbəqənin pulu azalacaq. “Varlılara, oliqarx-nazirlərə, hakimiyyətdəkilərə bir şey olmayacaq, onların pulu çoxdur, nə olsa kasıba olacaq” - onlar belə deyirlər. Çox çürük arqumentdir.
Birincisi, neft gəlirlərinin artımı, ümumiyyətlə neftin özü Azərbaycanın hazırkı pis durumunda əsas günahkarlardan biridir. Hətta iddia edirəm tarixən belə olub. Misal üçün, bizim Bakı şəhərinin formalaşmasında neft gəlirləri böyük rol oynayıb. Küçələr salınıb, evlər tikilib, amma Bakı milli Azərbaycan şəhərinə çevrilməyib. Neftlə gələn nə varsa, qazla uçub gedib. Məsələn, mən özümü cəmi 1-2 ay yolüstü qaldığım Şəki və Gəncədə daha yaxşı hiss edirəm, nəinki 25 il yaşadığım Bakıda.
Qonşu Ermənistan və Gürcüstanda neft yoxdur, bəyəm məhv olublar? Hələ əksinə, bizim mədəni paytaxtımız uzun illər Tiflis olub. Özü də neftin bum vaxtında! Yeri gəlmişkən, bəlkə çoxları bilmir, Qafqazda ilk buxar maşını ilə çalışan manufaktura 19-cu əsrin əvvəlində Şəkidə açılmışdı. İpək istehsal edirdilər. Bakıda neft tapılmasa azərbaycanlılar Qafqazda indi gürcülərin oynadığı roldan daha artığını oynamaq iqtidarında idilər. Hər şey neft gölməçələrində boğuldu. Mədəni inkişafdan tutmuş iqtisadi təşəbbüskarlığa qədər. Neft bizim feodalizmdən kapitalizmə keçidimizə imkan vermədi.
İndinin özündə neft gəlirləri Bakıya nə qazandırıb? Nəcisli-mazutlu bulvar uzanıb, “Alov qülləsi” binaları qayırılıb. Nədən ötrü? O binaların önündə şəkil çəkdirirsiniz, bir fikirləşin ki, “Alov qüllələri”nin funksiyası nədir, Azərbaycana, onun büdcəsinə hansı xeyri verib? Yoxdur. Əksinə, üstündəki idiot, kitç işıqlandırmaya hər ay bir rayonun enerji israfı gedir.
Baobab ağacının nümayişi, Sumqayıtda divarda pəncərə şəkli çəkilməsi, bütün ölkə boyunca uzanan “Potyomkin hasarları” - neftin xeyri budur. Bir də seçkiləri saxtalaşdıran Əfruz xala-lar var. O büdcə zəhmətkeşləri ki, neft iynəsinə oturmuşdular, avtoritarizmin haram süfrəsinin artıqlarından yemlənirdilər və bütün Azərbaycanın kanalizasiya borusunda batmasına hər cür dəstək verirdilər. Tumanlarında bülleten daşımaqdan tutmuş, müxalif fikirli insanın uşağını məktəbdən qovmağa qədər hər cür yaramazlığa getdilər. Bunların hamısını neft 100 dollar ətrafında cövlan edəndə gördük. Neftin ucuzlaşması o qara kütlənin bir qarın çörək naminə yaltaqlıqdan aralanması deməkdir. Buna niyə sevinməyək?
Mətbuat sahəsini götürürəm, öz sahəmizdir. Bakı-Ceyhan kəməri işə düşənə qədər Azərbaycan müxalif qəzetlərində reklamlar olurdu! Rejim jurnalist öldürmək qədər ağ eləməmişdi - hələ repressiv aparatın bakları boş idi. Zindanlar bu qədər jurnalist üzü görməmişdi. Bir yeni jurnalistin işə başlamaq üçün azı 6-7 qəzet variantı olurdu, indi isə birini tapanda sevinirik.
Neftin ucuzlaşması müftə gəlirlərin bitməsi deməkdir. Tənbəllikdən qurtulmaq, işləmək deməkdir. Demokratiya qurub nefti tapan ölkələri çıxsaq, nefti olan dövlətlərə, əsasən ərəb ölkələrinin gününə baxın. Nə kökdədirlər... Bəzəkli binalar var, çoxlu pullar var, şokolad vannası qəbul edən piyli şeyxlər var, millət və dövlət isə yoxdur. İnsanlıq yoxdur ümumiyyətlə. Gələcəyi olmayan bir sürüdür. Hamısı bir-birinin başını kəsməyə hazırlaşır, ya da hazırda kəsir.
Bir məsəl var, deyir, yerdən göyə küp düzsələr, altdan bir küpü çəksələr, gəl indi daramduruma bax. Bax, neftin qiyməti belə küpün çəkilməsidir, qiymət çox yox, 2-3 il belə ucuz qalsın, daramdurum olacaq. Amma müvəqqəti. Sonra hər şey aydın və gözəl olacaq, buna əmin olun. O zaman biz hamımız işləməyə başlayacağıq.

Bizə qoşulun