Medianews.az
Daş atılan gölün seçkiləri
221 baxış

Daş atılan gölün seçkiləri

zamin yeni raz
Yapistlər belə baxanda istədiklərinə nail olublar: Azərbaycan bu gün müstəqillik dövrünün ən sakit seçkisini keçirdir. Əslində qeyri-iş günü elan edilməsə camaatın çoxunun 23 dekabrda bələdiyyə seçkiləri qayırılmasından heç xəbəri yoxdur. Hətta bir tanış var, məndən soruşdu ki, 23 dekabr niyə bayram günü elan olunub, dedim yadındadırmı, bir-iki il qabaq dünyanın sonu çatmalı idi, ancaq çatmadı - onu qeyd eləyirik. Zarafatımız yoxdur, o üzdən adam az qala inanmışdı.
Bələdiyyə, yerli özünüidarə vətəndaş cəmiyyətinin, demokratiyanın əsas sütunlarından biridir və yapistlər bu sütunu darmadağın ediblər. Cəmiyyətin bələdiyyəyə marağının itməsi həm də bu səbəbdəndir. Bu yaxında bir saatsazın intervüsünü oxudum, adam deyirdi ki, oğlum işsiz idi, paytaxtda küçədə gedəndə prezidenti gördüm, ondan xahiş elədim oğluma iş versin, minnətdaram, prezident Vaqif Axundovu çağırıb tapşırdı, indi oğlum yol polisində çalışır. Yəni, kiminsə işə düzəlməsi də ancaq prezident səviyyəsində mümkündürsə, bələdiyyəni çürük qoz yerinə qoyan olmayacaq. Bu ayrı məsələdir ki, gərək camaatın özünün də yerli özünüidarəyə marağı olardı, bu azadlığı əldə etmək, qorumaq üçün savaşaydı.
Bir növ, toyuq və yumurta məsələsindəki kimi vəziyyət yaranıb: hakimiyyət bələdiyyənin inkişafına imkan vermir, eyni zamanda bələdiyyə özü də inkişaf edib hakimiyyətin mərkəzləşmiş totalitar mexanizmindən çıxmaq istəmir. O məşhur kinomuzda deyilən kimi, siz haçan lotereya aldınız, uduş olmadı?
Namizədlərin əhali ilə görüşləri sıfır səviyyəsində, əsas müxalifət partiyaları seçkilərə qatılmayıb, telekanalizasiya və qəzetlərdə pullu-pulsuz reklam materialları da yoxdur. Yalnız Məzahir müəllimin qəssab dükanlarına yapışdırdığı absurd məzmunlu “seçki dəvətnaməsi” plakatları və iki cüt bir tək namizədin şablon təbliğat plakatları seçkidən xəbər verirdi.
MSK-nın dəvət plakatlarını ona görə absurd adlandırıram ki, Məzahir müəllim onlara bələdiyyənin qanunla səlahiyyətlərinə dəxli olmayan min cür şey soxuşdurmuşdu. Örnək üçün, bir plakatda guya bizim səs verməyimizlə təhsilin inkişaf edəcəyi yazılmışdı, halbuki, təhsilə bələdiyyənin heç bir dəxli yoxdur. Başqa plakatda isə Məzahir müəllim hətta kosmosa uçan peykimizin də bələdiyyə ilə əlaqəsini kəşf etmişdi!
Namizədlərin plakatlarına gələndə, burada daha gülməli durum yaranmışdı. Mən bir neçə dairənin ərazisində bu namizədlərin şüarlarına baxdım. Maraqlıdır ki, hamısı “davamlı inkişaf”, “əhalinin rifahını yaxşılaşdırmaq” kimi məqsədləri olmasını yazmışdılar. Əgər bunlar hamısı YAP-istlər olsa anlaşılardı, ancaq tamam ayrı-ayrı qurumların namizədləri, çoxu isə guya “müstəqil” namizədlər idilər. Aydın məsələdir ki, bu plakatların hamısı eyni inzibati mərkəzdən - Prezident Administrasiyasından göndərilən sxemlə hazırlandığından eyni burundan fırt eləyib düşmüş kimi görünürdülər.
Üstəlik, bu namizədciklərin bizim guya sosial rifahımızı yüksəltməyə çalışacağı iqtidarın siyasətini ifşa edirdi. Çünki hökumətin dediyinə görə biz analoqu olmayan şəkildə inkişaf etmişik, işsizlik ləğv edilib, qeyri-neft sektoru Amerikanın 2 dəfə ötüb, bir dəfə də döngədə Yaponiyanın böyründən qoyub aşırdıb, ən ucqar kənddə belə diaqnostika mərkəzi, gənclər klubu, veteran skameykası, uşaq bağçası açılıb, Soğanverdilər-Dəliməmmədli-Aşağı Aybasanlı avtomobil yolunun 200 metrlik hissəsində müasir işıqlandırma sistemləri qayırılıb, şair Mazan Qazanxanlı prezident təqaüdü, aktrisa Gülməşəkər Dümbülbəyli xalq artisti adı alıb. Daha siz bələdiyyə olub nə qayıracaqsınız? Bizim sosial rifahımız, davamlı inkişafımız çox yaxşıdır, gedin ayrı yerdə otlayın.
Yazını da elə bu nikbin notlarla bitirirəm.

Bizə qoşulun