Medianews.az
Bir mandat da xanım Seyidcahanın olsun
466 baxış

Bir mandat da xanım Seyidcahanın olsun

images_0 kose samir sari
Əsas odur ki, icra başçıları adama deputat olmağı təklif etsin. Əsas seçici onlardır. Bir icra başçısı kimisə deputat görmək istəyirsə, demək, həmin şəxsin deputat olması artıq 50 faiz civarında baş tutub. Yerdə qalan 50 faiz isə İH başçısının təklifini müsbət qiymətləndirən mandatverənlərdən asılıdır.
Bundan daha yaxşısı hansısa nazirin adama deputat mandatı söz verməsidir. Bu halda adamın mandat ala bilməsi ehtimalı artıq 75 faizdir.
Hələ bir ranq da var. Deputat olmaq istəyən şəxsə mandat vədini oliqarx-nazirlər, yəni ölkədə sözü keçən beş nazirdən biri versə, adam getsin özünə köməkçi götürsün, seçiciləri ilə görüşmək üçün ofis kirayələsin, hansı xarici ölkənin parlamenti ilə dostluq qrupuna daxil olmaq istəyirsə, seçsin və s. Çünki o nazirlərin sözü yerə düşməz, onların əlində hansısa simsar adama deputat mandatının peşkəş edilməsinə nail olmaq su içim asanlığındadır.
Amma ən hörmətli-izzətli İH başçısının kiməsə mandat vədi verməsi bir az risklidir. Sövdə alınmaya bilər. Ona görə ki, hazırda İH başçıları mandat bölüşdürülməsi kimi dövlət əhəmiyyətli işlərə çox yaxın buraxılmırlar.
Bu baxımdan tanınmış müğənni-bəstəkar-şairə Elza Seyidcahana hansı icra başçısının, yaxud da başçılarının deputat olmağı təklif etməsi müəmmalıdır. Güman ki, Elza xanım indən belə onların adını heç açıqlamayacaq. Sarayda belə şeylərə pis baxırlar. İH başçısının müğənni xanıma mandat düzəltdiyi deyil, ara yerdə öz kreslosunu da itirmək təhlükəsi qarşısında qala bilər.
Hələ onu da deyək ki, sənətçilərin deputat olmaq istəməsi presedenti ilk deyil. Parlamentin əvvəlki çağırışlarında da müxtəlif sənətçilər deputat olmaq fikrinə düşmüşdülər. Güman ki, onlara da bu təklifi İH başçıları, yaxud da nazirlər vermişdilər. Amma belə alındı ki, bəzi sənətçilər mandat alıb parlamentə düşə bildilər, bəziləri isə seçilmədilər. Güman ki, İH başçılarının namizədləri nazirlərin namizədlərinə uduzdular.
Bu iş məsləhətlə olmalıdır. Xanım Seyidcahan özü bu barədə deyib ki, əgər dövlətimiz məsləhət görərsə, millət vəkilliyinə öz namizədliyini verəcək. Yəni dövlət, müstəqil Azərbaycan Respublikası məsləhət görməsə, o, namizdəliyini irəli sürməyəcək.
Burada deyilə bilər ki, bəs xalq, bəs seçicilər, bəs elektorat, onların namizəd irəli sürmək, deputat seçmək hüququ yoxdurmu. Prinsipcə, belə bir söz hər dəqiqə deyilə bilər, amma onu deyənə ya ağır cavab verərlər, ya da heç nə deməzlər, bir gün dolaşdırıb tutarlar.
Deyim ki, bəstəçi xanım hazır deputatdır, hətta diplomatdır. Bunu isə ona İH başçıları yox, ölkəmizin xaricdəki səfirliklərinin işçiləri deyiblər. Hər nə niyyətlə deyiblər, Allah qəbul eləsin.
Özü də seçkilər zamanı onun seçilmə ehtimalı daha çoxdur. Çünki bölgələrdə hər kəs onu sevir. Zarafat deyil, neçə illərdir ki, Azərbaycanın rayonlarını qarış-qarış gəzib, istedad sorağına çıxıb. Bölgələrdə yaşayan xalqımızın ona qarşı olan istək və rəğbətini özü görüb. (Bunlar hamısı sitatdır).
Xanımın yerinə kim olsa, gedib xaricdə yaşayar, çünki oradan çoxlu təkliflər gəlir. Amma Elza xanım xalqımızı, vətənimizi və dövlət başçımızı sevdiyi üçün başqa ölkədə yaşamağı özünə rəva görmür. Bunları da qəzetçilərə xanım özü deyib.
2015-in payızına nə qalıb ki? 11 ay. Ola bilər, gələn il bu vaxt biz parlamentdə onu da görəcəyik. Yəni nəzəri baxımdan mümkündür. Niyə də olmasın?
Tam səmimiyyətlə, inana-inana yazıram ki, Elza Seyidcahan parlamentin indiki tərkibinin ən azı yarısından yaxşı deputat olar. Arada çıxış-zad da edər. İllərlə ağzını açmayan, yaxud yaralı barmağa ilk  tibbi yardım göstərməyən onlarla deputat var, nəinki şeir yaza bilmirlər, heç əzbərləməyi də bacarmırlar.
Ona görə də qoy media əhli xanımın mandat eşqini şairlik sevdası kimi hoydu-hoyduya götürməsin, rişxənd eləməsin.
Əsl rişxənd ediləsi adamlar hələ ortada görünmür. Bir azdan peyda olacaqlar. Özü də onlara mandatı İH başçıları yox, daha yüksək vəzifə yiyələri söz veriblər.

Bizə qoşulun