Cəmiyyətlə hökumət eyni rejimdə çalışanda, o cındırından cin ürkən ifadədə deyilən kimi, “hakimiyyət və xalq bir-birinə layiq olanda” həyat da maraqlı olur. Yaşamaq üçün stimul nə qədər istəsən var. Hər yer stimulla doludur. Acından stimul yeyirik. Qusanda stimul qusuruq.
Misal üçün, hansısa jurnalist hakimiyyətdəkilərin ofşor hesablarını, gizli-açıq şirkətlərini necə həvəslə araşdırıb ortaya qoyurdusa, hakimiyyət də həmin jurnalistin yorğan-döşəyini eyni əzmkarlıqla, entuziazmla (bu da həvəs anlamı verən sözdür, sadəcə, “orqazm” sözü ilə qafiyə yaratdığından mətndə yerini parıldayan gördüm) araşdırır, yoxlayır, qoxlayır. Yorğanın altında nələr olub - xalq mütləq bunu bilməlidir.
Yeri gəlmişkən, Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları adlı qədim əlyazmada - Əflatun müəllim onu zirehli şüşə altında, MŞ-nin ofisində saxlayır - aydın xətlə belə yazılıbdır: “Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşə meyarıdır”. Vəssalam! Ta burda yazılmayıb ki, jurnalist getsin öpüşsün, nə bilim, sevişsin. Ayıb olsun öpüşən jurnalistlərə! Ümumiyyətlə, bizim xalqın mentalitetində öpüşmək yoxdur. Oğurlamaq, çapmaq, talamaq (Koroğlu, Nəbi), yalan, satqınlıq və yaltaqlıq (Yalancıq, Keçəl Həmzə, Məlikməmmədin qardaşları) var, ancaq öpüşmək yoxdur.
Bunlar hamısı şəffaf cəmiyyət quruculuğunun meyarlarıdır. Sən bizim neft yatağının hesabından yaz, biz də sənin yatağının hesabından film çəkək. Jurnalist yataqları üzrə hətta prodakşn şirkəti yaradılıb - dövlət büdcəsi hesabına.
Xalq da hesabların eninə-uzununa baxıb bələdiyyə seçkilərində kimə səs verəcəyini müəyyənləşdirsin. Yoxsa bəziləri deyirlər ki, guya bu murdarçılıqlardan sonra ölkəmizdə yaşamaq olmaz və sairə. Lap gözəl yaşanır. Boyunun dalı bəs nədən ötrüdür? İnsan orqanlarının hər birinin funksiyası var axı. Əl pul saymaq üçündür, dil yalan demək, göz jurnalist videolarına baxmaq, diz çökmək, qarın piylənmək, burun soxulmaq üçündür və sairə. Peysər də peysərə vermək üçündür. Əks halda, tarixi evolyusiya nəticəsində peysər rudiment orqana - funksiyasız bədən üzvünə çevrilərdi, aradan qalxardı. Qalıbsa önəmlidir. Böyür-başımızda kimi istəsələr tutub minsinlər, türməyə salsınlar, anasını ağlatsınlar, çörəyini əlindən alsınlar - qəti qarışmaq olmaz. Peysərə verməliyik. Orqanlar işləməlidir. Həm də bədən orqanları mənasında.
Ancaq hər bir cəmiyyətdə olduğu kimi, bizdə də peysərə vermək istəməyənlər var. Təəssüf ki, bu adamlar intihar fikrinə düşürlər. Hökumət onların intiharını önləmək üçün körpüyə polis postu qoydu, lakin bu dəfə intiharçılar şəhərin mərkəzinə gəldilər, düz polis nazirliyinin yanında göydələnin başına çıxdılar. Özü də 5 nəfər eyni vaxtda! Millət artıq kütləvi intiharlara gedir, yapizm quruculuğunu görmək istəmirlər.
Düzü, bu son intihar aksiyalarından sonra mən Bakının arxitekturasında yapistlərin törətdiklərini anlamağa başladım. Fikir versəniz, onların tikdiyi heç bir binanın, türkün məsəli, ucu yoxdur. Örnək üçün, Alov qüllələri adlanan 3 pinqvin binalarını göz önünə gətirin. Yaxud “Evrovizqon” keçirilən “Kristall Hall”ı. Bunların heç birində intihar eləmək olmaz, çünki ortada çıxılası dam yoxdur! Uzaqgörən arxitekturadır.
Ölkədəki başqa binaların damına, ağacların başına, eyvanlara, qayalıqlara, quş yuvalarına və sairə hündür yerlərə polis postları qoymaqla intiharları əngəlləmək lazımdır. Əlavə iş yerləridir. “-Harda işləyirsən? - İntihara qarşı mübarizə baş idarəsində!” - gör necə yaxşı, humanist səslənir...
Evində zəhər içənlərə, özünü toka verənlərə, asanlara qarşı da polis idarələri yaradılsa məqsədəuyğun olar. Qırılan qoşundandır.
