Bu xəmir deyəsən çox su aparacaq. “Yeni Müsavat”ın daşı ağırdı axı, dəydiyi yer uzun müddət göy qalır, qançır yaradır, ağrıdır. Kiçik qabaritli canlılar üçün o, ölümcül də ola bilər. Adamın başına Xaqani Əliyev ad-soyadlı birisi ilə birgə “Azadlıq” düşsə, heç nə olmaz, amma “Yeni Müsavat” düşsə - orada da qalar.Amma biz qəddar deyilik. Kimsəyə pislik niyyətimiz də yoxdur. Sadəcə, yenə də özünü müdafiəyə məhkum edilmişik. Biz işimizi görmək, Azərbaycan xalqının rifahı naminə seçdiyimiz və doğru bildiyimiz yolla getmək istəyirik. Siz də öz yolunuzla gedin. Axırda görəcəksiniz, kim dalana, uçuruma gəlib çıxıb, kim - gerçək hədəfə. Əgər ona kimi Əli Kərimlinin yanında bəni-adəmdən kimsə qalsa, təbii ki.
***
Amma nə edəsən ki, zaman-zaman özünü bizə “çırpanlar” olur. Həm də çox vaxt eyni ünvandan. “Qozbeli qəbir düzəldər...” Ya da belə görünür, o da düzəltməz...
Qozbellər də ki, tutuquşu kimi bircə söz öyrəniblər və illərdir təkrarlayırlar. Sözə də zülm edirlər, özlərinə də. Halbuki “satılmışlar” ittihamını puç eləmək üçün bircə bu fakt yetərlidir: hamı bilir ki, ölkənin ən sərt köşə yazarları, “ağır topları” “Yeni Müsavat”da cəmləşib. Onların bir köşəsi xaqani əliyevlərin 100 yazısından effektlidir, ictimai əhəmiyyətlidir.
Fərq təkcə effektdə də deyil. “Yeni Müsavat”dakılar öz fikrini söyüşsüz-filansız ifadə etməyi, fəqət, tənqidi sözünü “Azadlıq”dakılardan da sərt deməyi və oxucuya çatdırmağı bacaran peşəkarlardı. Yəni yaxşı oxunmaq üçün kəllə, təfəkkür, zəka lazımdır, qara-qışqırıq, təhqir yox! Yeri gəlmişkən, məntiqlə hakimiyyətə satılmışıqsa, iqtidarın çörəyini yeyiriksə (Allah uzaq elə!), tənqidçi yazarlar “Yeni Müsavat”da yox, indi “Azadlıq”da olmalıydılar axı. Hanı bəs?
Yaxud belə bir müqayisə: əgər doğrudan da biz yox, siz narazı xalqın ürəyindən keçəni yazırsızsa, oxucu sizin üçün əldən gedirsə, o zaman qəzetinizin tirajı, onun saytının ziyarətçiləri bizimkindən niyə dəfələrlə aşağıdır? Yayıma yaradılan əngəllərdən ən çox bizim qəzet əziyyət çəkib və çəkir, yaxşı bilirsiniz, bəs saytınıza girməyə kim maneədir - hakimiyyət, “Yeni Müsavat”?..
***
İlin-günün bu vədəsində iş-gücümüzdən aralanıb istəmədiyimiz davaya çəkilməyimiz əlbəttə ki, ürəkaçan deyil – fərqindəyik. Ən azı o səbəbə ki, əlahəzrət oxucunu belə lokal davalar az maraqlandırır. Oxucu ilk növbədə yeni informasiya, dolğun xəbər, düşündürücü və obyektiv yazı, təhlil, bir sözlə, keyfiyyətli mənəvi qida istəyir. İndi bu qidanı “Yeni Müsavat” mətbəxi qat-qat keyfiyyətli hazırlayır deyə, qarnınız niyə ağrıyır?
Beləcə, həftələrdir enerjimizin mühüm hissəsini yaxşı bacardığımız işə yox, üstümüzə atılan çirkabı, lıqqanı yumağa sərf etmək məhkumluğu yaşayırıq. Adama yer edən həmçinin, dünənədək bizə dost qiyafəsində görünən bəzi “müsavatçıların” ya gözügötürməzlikdən, ya da paxıllıqdan qaragüruh tərəfdə yer alması, yaxud “müdrik susqunluq” göstərərək, özlərini görməzliyə vuraraq, guya baş verənlərin Müsavata dəxli olmaması görüntüsünü yaratmasıdır. Dəfələrlə yaxşılığımız keçib, informasiya dəstəyimizi alıblar. Hər şey yaddadır. Halal xoşları olsun. Nelson Mandelanın təbirincə desək, onları bağışlaya da bilərik, ancaq unutmayacağıq. Çünki yaddaşdan itəcək pisliklər deyil...
***
Zaman-zaman qızışan “Yeni Müsavat” –AXCP savaşları isə yəqin ki, müstəqil Azərbaycanın tarixinə unikal ictimai-siyasi hadisə kimi düşəcək. Eyni zamanda, adını siyasətçi qoymuş birisinin siyasi bioqrafiyasında silinməz ləkə kimi qalacaq. Hansısa posta, məsələn, bələdiyyə sədrliyinə iddialı olanda ondan bu ləkəni etimologiyasını – nədən bir qəzetlə bunca çəkişdiyinin səbəbini soracaq, bunu mediaya dözümsüzlük nümunəsi, xarakteri ciddi qüsuru, siyasətçidən ötrü rüsvayçı hal kimi başına qaxacaqlar. Əminik. Hərgah, normal ölkədə media ilə düşmənçilik edən heç bələdiyyə sədri də ola bilməz. Belə faktlar məlum deyil.
Bu mənada şər-xəta təcəssümü olan AXCP sədri özünü uzun müddətə “qara rekordsimen” saya bilər. Yəqin ki, onun “rekordunu” heç kim heç vaxt təzələməyəcək. Zira, ölkədə hələ heç bir partiya bütöv bir media qurumu və onun kollektivi ilə zaman-zaman mübarizə aparmayıb – həm də bu mübarizədən məğlub ayrılaraq...
Şübhəsiz, Əli Kərimli rəhbərlik elədiyi indiki mini-AXCP əvəzinə, illər öncənin, Elçibəyin sədr olduğu bütöv AXCP olsaydı, belə durum böyük ehtimalla, yaranmazdı. Ona görə ki, orada uzaqgörənlər, müdriklər, medianın dəyərini anlayanlar, yaxşılar azlıqda deyildilər. Elçibəy AXCP-si bu səviyyəyə düşə, hakimiyyəti qoyub bir nəşri əsas hədəf seçməzdi.
Partiyanın sədri Mirmahmud Mirəlioğlu, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Fuad Mustafayev, yaxud professor Kamil Vəli Nərimanoğlu olsaydı, yenə “Yeni Müsavat”a savaş açmazdılar. Əminik. Elə ona görə də Kərimli çevrəsində qalmadılar (K.V. Nərimanoğlu da kənara çəkilmiş kimidir). O kəslər qaldılar ki, “fürerə” sədaqət andı, biət andı içdilər. Əfsus ki, partiya xırdalanandan sonra onun bir hissəsini ələ keçirib orada öz “bayrağını” sancmaq Əli Kərimli və onun şantaj dəstəsinə müyəssər oldu. AXCP-nin zirvədən enmə dövrü də elə o vaxtdan başladı...
***
Hamı bilir ki, hazırkı AXCP bir nəfərin ədalarının girovuna çevrilib, müstəsna olaraq onun təlimatları əsasında hərəkət edir. Hələ bu adam demokratik müxalifət düşərgəsinin də “füreri” olmaq iddiasındadır. Nə yaxşı ki, şansı yoxdur. Amma iddiaları, imkanlarına tərs mütənasib olan siyasi iştahası... yerə-göyə sığmır.
Adam heç Milli Şuranın mini-formatında da düz-əməlli lider deyil, kölgədədir (Təbii ki, bu Milli Şura ilə ötən ilki Milli Şura arasında yer-göy qədər fərq var, necə ki, hazırkı AXCP ölçüsünə görə AXC-nin zərrəsi belə deyil, heç Elçibəy AXCP-si də deyil), amma gəl ki, o, bütöv müxalifətin lideri kimi özünü aparır, haqq etmədiyi halda müxalifətçilərə adlar verir, yarlıqlar yapışdırır...
***
Nə yazıq ki, bugünkü “Azadlıq” da milli-azadlıq hərəkatı dövründə 1 milyon nüsxə ilə satılan “Azadlıq” deyil, öz boyunlarına almasalar da, bir firqə qəzetidir. Siyasətdə, daha betəri, müxalifətdə 21 ildir öz yerini düz müəyyən edə bilməyən, onun-bunun kölgəsində girlənən, uğursuz və avantürist bir “liderin” ruporudur. Əks halda, qəzet cəmi 3-4 min tirajla satılmaz, onun Xaqani Əliyev çaplı məşhuri-cahan yazarları “həftədə 50 manata görə” partiya mirzəliyi etmək əzabına qatlaşmazdılar. Axı, Azərbaycanda seçicilərin (alıcıların) sayı 3-4 min deyil, 4 milyondan çoxdur. Naşükür oxucular!..
***
Əlbəttə, bu dava da səngiyəcək və qarşı tərəfin “generalları” döyüş meydanındakı ağır itkilərini hesablamağa başlayacaqlar. “Bu itkilərə dəyərdimi” sualını özünə verəcəklər. Ümid edək ki, həqiqətən verəcək və bu dəfə həmişəlik dərs götürəcəklər. Heç olmasa, bir daha özlərini “Yeni Müsavat”a çırpıb çilik-çilik olmamaq üçün.