Medianews.az
Yeni evlənənlər üçün karser
552 baxış

Yeni evlənənlər üçün karser

zamin yeni raz
Bir köhnə lətifə var, Bakı kəndlərindən birində kişi oğluna elçiliyə gedir, məclisdə oğlunun hansı qabiliyyətlər yiyəsi olduğunu belə danışır: “İçir, çəkir, vaxtlı-vaxtında tində durur, türməsini də çəkib gəlib - ta siz qızınızı başqa kimə verəcəksiniz?”
Bizim folklorda zindan mövzusu çox rəngarəng şəkildə işlənib. Beyrəyin uzun illər yadelli zindanında yatmasından tutmuş, Həcərin oxuduğu “Mənim bu günümdə gələsən, Nəbi, Qazamat dalını dələsən, Nəbi” mahnısına qədər.
Hətta kitab sektorumuz da zindan ədəbiyyatı ilə yaşayır. Ən populyar elmi ədəbiyyat “Lotu dünyasının sirləri”, ən çox oxunan bədii əsər isə “Qızılbarmaq Fatma və Sanka Zver” poemasıdır. Orta məktəb şagirdlərindən telekanalizasiya zəhmətkeşlərinə qədər hər kəs türmə jarqonları ilə danışır. Məsələn, bu sözlər hazırda dilimizdə çox səslənən sözlərdir: şmon, ponyatka, lotu, şram, tavan, sever, krışa, xlebnik və sairə.
Yapistlər də Azərbaycanın milli mentalitetinə sədaqət göstərib ölkənin böyük bir türməyə çevrilməsinə nail olublar. Hazırda istənilən sektorda yatıb-çıxmayan oğlana pis baxırlar. O cümlədən jurnalistikada. KİV sahəsində hətta elə vəziyyət yaranıb artıq qadınları tuturlar.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin, qısa yazsaq, Türmə İdarəsinin internet səhifəsinə (penitensiar.justice.gov.az) girərək Azərbaycanda insan həyatının bütün maraqlı tərəflərini izləmək mümkündür. Şəxsən mən son vaxtlar ancaq bu saytı izləyirəm. "AzərTAc"dan daha zəngin informasiya mənbəyidir.
Misal üçün, saytdakı xəbərlərdən bir neçəsi zindanlarda keçirilən toy mərasimləri haqdadır. Evlənmək istəyən dustaqlar üçün burada müxtəlif uduşlu kampaniyalar təşkil olunmuşdur: gəlinin qəfəsə salınması, bəyin qandalda məclisə gətirilməsi və sairə. Türmələr bu sahədə öz aralarında yarışırlar. Əgər 3 nömrəli Cəzaçəkmə Müəssisəsi (bundan sonra kaloniya yazaq - el dilində) bəylə gəlinə pulsuz tatuirovka hədiyyəsi vəd edirsə, 4 nömrəli kaloniyada bal ayının karserdə keçirilməsi kimi uduşlar vardır.
Məhkumlar arasında voleybol, su polosu, karate, şram atma, təsbehçevirmə turniri, Uşaq Teatrının bədii rəhbəri İntiqam Soltan başqa olmaqla teatr kollektivinin 7 saylı kaloniyaya qastrol səfəri, 12 saylı kaloniyada AYB sədri Anarın “Ala-bula boz keçi” romanının müzakirəsi və imza günü, Kürdəxanı zindanında “Dünyanı qoruyaq” aylığı çərçivəsində kameralara pulsuz hava vermə aksiyası və sairə - bunlar penisentiar idarənin təşkil elədiyi mədəni, elmi, kütləvi, psixoloji, sosioloji, multikulturoloji tədbirlərin yalnız cüzi qismidir. Kimsə mənim sözümə şübhə ilə yanaşırsa özü də girib baxa bilər. Necə deyərlər, sayt durur, link durur. (Ağa durur, ağacan durur ata sözünün neologizm variantıdır. Mən bunu da 13 saylı kaloniyada dustaq və tutulmayan jurnalistlər arasında keçirilən “Təsbehimin danəsi” meyxana yarışmasından öyrənmişəm).
Türmə idarəsi özünə qapanmır, həm də ətraf aləmə nüfuz edir. Düz də edir, çünki hazırda ölkədə türmə ilə azadlığın sərhədi bilinmir. Adam var evində dustaqdır, adam var Kürdəxanı zindanında azaddır. Adam var polis çavuşunun qabağında diz çökür, adam var belini sındırırlar, lakin əyilmir. Əlbəttə, adamların çeşidləri maraqlı, geniş mövzudur, oxucular istəsələr növbəti yazılarda buna qayıdarıq. İndi türmə idarəsinin bayırdakı fəaliyyətlərinə göz ataq. Yenə həmin saytda çox maraqlı bir xəbər oxumaq olar: “Penitensiar Xidmətin əməkdaşları Bakıtel-2014 beynəlxalq rabitə və telekommunikasiya sərgisinə baxmışlar”. İnandırıcı olsun deyə Mədət müəllim sərgiyə baxan nadzorların fotosunu da sayta qoymuşdur. Doğrudan da, bizə çox maraqlıdır ki, zindan işçiləri sərgilərə, muzeylərə, “Park Bulvar”a, “Nu poqodi” çayxanasına, deputatxanada büdcə müzakirələrinə, filarmoniyada Alim Qasımovun konsertinə getsinlər.
Həmişə eyni kamerada qalmaq olmaz. Bu, insan haqları konvensiyasına da uyğun deyil.

Bizə qoşulun