Medianews.az
Ürək-könül məsələsi
456 baxış

Ürək-könül məsələsi

samir sari kose 1
Məşhur filmdə ağsaqqal İsfəndiyar kişi kənd sovetinin qədri Qılınc Qurbana deyir, sən qarışma, ay Qurban, ürək-könül məsələsidir. Köhnə bolşevik isə hirslənir ki, nə ürək-könül məsələsi, əşi, əsgər ailəsinə sataşıblar burda.
İndi onun sözü olmasın, gərək hökumət iki jurnalistin arasındakı ürək-könül məsələsinə qarışmayaydı. Gənclər görüşüblər, anlaşıblar, münasibət yaradıblar, bir müddətdən sonra xasiyyətləri düz gəlməyib, ayrılıblar. Vəssalam. Ta nə intihara sövq etmək, nə ölüm həddinə çatdırmaq...
Həyatın içində var belə şeylər. Sevən gənclərin 90 faizinin sevdası alınmır. Poeziyada nakam məhəbbətə, qara sevdalara, vüsala yetməyən aşiqlərə aid minlərlə şeir, poema var və onların hamısı bu kimi hadisələrdən qaynaqlanıb. Ona qalsa hər gün gözaltılarından rədd cavabı alan və eşq acısı yaşayan gənclərin gündə 5-6 yüzü intihar eləməlidir.
Öz klassiklərimizi götürək. Nizaminin, eləcə də Füzulinin “Leyli və Məcnun”una bugünkü konyuktura baxımından yanaşsaq, onda gərək Məcnunu ölüm həddinə çatdırdığına görə Leyliyə və onun valideynlərinə qarşı ittiham irəli sürək. Çünki ortada faktlar var. Belə olanda da o boyda şedevr poema dönüb olar mənzum dildə yazılmış protokol.
Yeri gəlmişkən, Xədicə İsmayılın üzünə duran oğlanın məcnunluğu, psixoloji problemlərinin olduğu barədə ifadələr artıq geniş-geniş yayılmaqdadır. Deyirlər ki, adam Maştağada da müalicə alıb. Mediada yayılmış fotolarda bir suyu türkiyəli müğənni Halil Sezaiyə oxşayan bu şəxs eşq divanəsinə bənzəməsə də, tez-tez depressiyaya düşməsi ilə məşhurdur.
Həm də deyilənə görə, işverənlik kimi çıxmasın, Turalın depressiyaya düşməsinin səbəbkarı başqasıdır. Adam hətta tavanda mələfədən ilgək düzəldib və onun altında “selfi” janrında şəkil çəkdirərək, nişanlısına göndərib ki, əgər nişanı qaytarsan, özümü asacam.
Buna kim dözər? Kim bir gəncin ölümünə bais olar? O xanım da dözməyb, birtəhər yola verib. İndi onun özü də, rəfiqələri də mediaya açıqlama verirlər, bildirirlər ki, Tural heç də Xədicə İsmayılın basqılarına görə intihar həddinə çatmayıb.
Bax, burası çox təhlükəlidir. Qorxasan, hökumət deyər ki, lap yaxşı, deməli, onu ölüm həddinə çatdıran başqaları da var. Aha, bu işdə kimin rolu var, dərhal həbs edin. Belə olsa, hökumət sözçüləri deyəcəklər, gördüyünüz kimi, burada ayrı-seçkilik yoxdur, vətəndaş Mustafayevin sink fosfit zəhərindən düzəldilmiş “siçan dərmanı” içməsinə səbəb olan bütün şəxslər şübhəli şəxs qismində saxlanılıb və digərləri barəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bir də görərik, bay, son bir ildə T.Mustafayevlə ünsiyyətdə olmuş, onunla çayxanada oturub mübahisə eləmiş daha 30-40 adamı tutub basdılar içəri ki, adam sizinlə mübahisədən sonra depressiyaya düşüb. Di gedin, bir də heç kəsi intihar həddinə çatdırmayın.
Hər halda, bu yaxşı presedent deyil. Hüquq-mühafizə orqanlarının işi artacaq. İndən belə kim kimin üstünə çığırsa, bağırtıya məruz qalan şəxs gedib xəngəlin, xaşın üstünə əlavə edilən sirkə turşusundan bir neçə qurtum içəcək, xəstəxanaya düşəcək, həkimlər onu xilas edəcəklər və o, istintaqa ifadə verəcək ki, məni bu həddə filankəs çatdırıb.
Ən pis durumda baş redaktorlar qalacaq. Məsələn, öz yarıtmazlığı, qeyri-adekvat hərəkətləri ilə baş redaktorların özünü intihar həddinə çatdırmış reportyorları işdən çıxartmaq istəyəndə, adam cibindən bir lezva, bir də prokurorluğa ünvanlı “ölümümdə filankəs günahkardır” məktubu çıxarıb qoyacaq masanın üstünə, di beləsini işdən çıxar görüm. Öz intiharını videoya çəkməyə hazır reportyorlar var, internetdən düz-qoş eləyib başqa saytlara canlı yayım verə bilərlər.
Orqanlar gündə bir neçə yüz bu cür cinayət işi açmalı olacaqlar. Çünki bu gün ölkədə bir-birini intihar həddinə çatdıran yüz minlərlə insan var. Hamı day a depressiyadadır, ya da onun qırağında bir yerlərdə.
Salamatı ürək-könül məsələlərinə qarışmamaqdır. Ən yaxşısı, hər kəsi öz əməlinə görə tutmaqdır, bəhanəsiz-filansız.
Yeri gəlmişkən, axtarsan, şairin “Getmək istəyirsən, bəhanəsiz get” şeirində də depressiya elementləri tapmaq olar. Axırda deyir ha, “nəyimi sevmişdin, deyə bilmədin, indisə yüz eyib görürsən məndə”, bax, burada intihara sövqetmə cəhdi gizlənir. Qəfildən yüz eybi aşkarlanan şəxs depressiyaya necə düşməsin?

Bizə qoşulun