Medianews.az
“Helikopter” çox irəli gələndə... - son dava haqda qeydlər
482 baxış

“Helikopter” çox irəli gələndə... - son dava haqda qeydlər

xalid kazimli kose 1
Bilirik, çox anormal savaşdır. Bunun bizə media qurumu olaraq fayda vermədiyini də bilirik. Amma onu da bilirik ki, susmaq, hücum edənin qabağından qaçmaq yolverilməzdir.
Biləsiniz ki, ilk hücum edən tərəf bu dəfə də biz olmadıq. Ən böyük “cinayət”imiz Batumidəki bir forumda açıq-aşkar ermənipərəstlik edən Çexiya təşkilatının adının qabağına mahiyyətini yazmağımız oldu.
16-17 ildir davam edən davanın növbəti raundu ordan başladı. Bəlkə də baş redaktorumuz Rauf Arifoğlu bilsəydi ki, Çexiyanı təmsil edən həmin təşkilatın ölkəmizdə bir alay müdafiəçiləri var, arı yuvasına çubuq uzatmazdı.
Ancaq işdir, oldu, reportaj yazıldı və orada bu məşum “ermənipərəst” ifadəsi yer aldı. Qovğa-qırğın da ondan sonra başladı.
Reportajın ertəsi günü barəmizdə “şərəfsiz, ləyaqətsiz, alçaq, satqın, xəyanətkar” kimi epitetlərlə bəzənən onlarla status yazıldı, “hakimiyyətə işləyirlər”, “satılıblar” kimi onlarla isterik, haray-həşirli qeydlər, şərhlər yayıldı.
Bütün bu nifrət püskürməsi, bu həmlə-hücum “ermənipərəst” sözünə adekvat deyildi.
Ən maraqlısı odur ki, “ermənipərəst” adlandırılan təşkilat gerçəkdən də ermənilərə rəğbət bəslədiyini gizlətmirdi.
Bizimkilər isə ənənəvi xasiyyətləri ilə, Roma Papasından artıq katolik olmağa, ən azı belə görünməyə and içiblərmiş kimi hücumları davam etdirirdilər.
“Helikopter”in çox irəli gəldiyini, düz başımız üstündə uçduğunu görən əməkdaşlarımız o səmtə bir-iki atəş açdılar və bir neçəsi hədəfə dəydi. Beləcə, savaş qızışdı.
İndi onlar o tərəfdən bəri atır, biz də bəridən o yana atırıq. Xeyli adam da tamaşaya durub. Dədə Qorqud kimi qopuzu sinəsinə sıxıb savaşanların arasında barışdırıcılıq etmək istəyənlər də var.
Ünvanımıza səslənən ən ağır ittiham “iqtidara satılıblar, rejimə işləyirlər” böhtanıdır. Əslində bu cinayət səciyyəsi daşımır. Bu absurd ittihamın təsdiqləndiyi halda belə buna görə bizə cəza düşmür. Qrantlar müqabilində başqa ölkələrə satılmaq və başqa dövlətlərə işləmək itithamı səslənsəydi və doğrulsaydı, bu, təbii ki, qanunlarla təqib oluna bilərdi. O da bizlik deyil. Bu işə başqaları baxır.
Ancaq bu da təsadüfi ittiham deyil. Bu hücumlar “Yeni Müsavat”ın işgüzar nüfuzunun zədələnməsinə, tirajının azalmasına, ictimai dəstəyinin sıfırlanmasına, sözünün kəsərdən düşməsinə, bir sözlə, iflasına yönəlib.
“Bu qəzetin ”Səs"dən fərqi yoxdur" iddiasının da qayəsi budur. “Səs”in tirajı, nüfuzu yoxdur axı, ziyansız bir nəşrdir. Biz də “Səs” kimi olsaq, hücumçuların bizimlə işi olmaz.
Ona görə də onlar illərdən bəridir ciddi-cəhdlə deyir, yazırlar: “Bir daha sübut olundu ki, Rauf Arifoğlu iqtidara işləyir”.
Bu ifadədə isə məntiq yoxdur. Əgər Rauf Arifoğlunun iqtidara işləməsi artıq sübut olunubsa və aksiomdursa, onun “bir daha sübut olunması”na nə ehtiyac var? Yox, əgər hər bu cür savaşlarda bu, yenidən “sübut olunursa”, demək, iddia aksioma çevrilməyib. Məsələn, heç kəs “bir daha sübut olundu ki, Everest dünyanın ən uca zirvəsidir”, yaxud “yenidən təsdiqləndi ki, Nil dünyanın ən uzun çayıdır” deməz, çünki bu artıq sübut olunub.
Fəqət Rauf Arifoğlunun iqtidara işləməsi iddiasının hər dəfə “bir daha sübut olundu” deyə təqdim edilməsi göstərir ki, ictimaiyyəti, oxucuları buna inandırmaq mümkün olmur. İddia nə qədər böyük, “sübut”lar nə qədər çox olsa da, hər gün “Yeni Müsavat”ı vərəqləyən minlərlə insan “satılmışlığ”ın sübutunu görə bilmirlər.
Belə şey olmayacaq. “Yeni Müsavat” sona qədər tənqidi kursunu saxlayacaq. Hətta 2003-cü ildə İsa Qəmbər prezident kürsüsündə otursaydı, bu qəzet radikal müxalifət qəzeti olmasaydı da, tənqidçi qəzet olacaqdı.
İndi vəziyyət bu cürdür. Əlləri xarici donorların qrantına açılı şəxslər təhqiramiz ifadələrlə dolu hücumlar etməkdə, biz də bəzən yüngül, bəzən ağır ifadələrlə müdafiə olunmaqdayıq.
Kənarda durub savaşı müşahidə edənlər çox da sevinməsinlər, bu elə bir qara güruhdur ki, özlərinin yeganə ən güclü silahları olan qara-qışqırıq və söyüş-latayırla bir gün hər kəsin qapısını döyəcəklər.
Biz bilirik ki, onlar haqsızdır. Siz də biləsiniz ki, biz bunların qabağından qaçmayacağıq. Onların səfində olan aqressiv gənclər də bilsinlər ki, liderləri bir gün onları yarıyolda qoyacaqlar. Yarıyolda qoyulanların sırası çox genişdir.

Bizə qoşulun