Sovet dövründə kiminləsə ortaqlaşaraq yazdığı bir ssenariyə görə adı hələ də “tanınmış ziyalı” kimi qeyd olunan Eldəniz Quliyev, bilirsiniz, satirik qələmə malikdir. O gün onun, heç cür müxalifətin ruporuna çevrilə bilməyən “Azadlıq” qəzetinin təbirincə desək, “hakimiyyətin ruporuna çevrilmiş ”Yeni Müsavat" qəzeti"nə dair bir lətifəsi dərc olunub. Milli Şuranın tanınmış ziyalısının əvvəlcə facebook səhifəsində, sonra “Azadlıq”da paylaşdığı həmin satirik qeyd, türkün sözü, espiri aşağıdakı kimidir:
“AXCP-nin gənc fəallarından biri yolla gedirmiş. Birdən ayağı boş bir limonad şüşəsinə dəyir, butulka sınır. Elə o andaca... şüşədən bir Cin çıxır. Üzünü oğlana tutub deyir:
- Ey mənim sahibim, səndən buyruq, məndən qulluq!.. Nə arzun-istəyin varsa, de, bir göz qırpımında yerinə yetirim.
Oğlan Cini sınamaq məqsədilə:
- Get, Hind okeanının üstündən qəşəng bir körpü çək! - deyir.
Cin dərin fikrə gedir, handan-hana günahkarcasına mızıldanır:
- Ya başımın ağası, bu çoox qəliz bir məsələdi axı... Bəlkə başqa bir şey əmr edəsən?..
Oğlan deyir:
- Onda elə et ki, mən “Yeni Müsavat”ın felindən, məkrindən agah olum!..
Cin bunu eşidən kimi dik atılır:
- Ya sahibim, -deyir, - Bayaq buyurduğun körpünün eni nə qədər olsun dedin?.."
Ha-ha-ha! Çox gülməlidir, deyilmi? Əmin edə bilərəm ki, Cem Yılmaz və Mixail Zadornov yumorunu, Yılmaz Özdil və Şenderoviç satirasını üstələyən bu komik parçaya görə nə qədər insan qəşş eləyib. Kim bilir, onlardan neçəsi xəstəxanalıq olub, neçəsi ambulator müalicəyə başlayıb. Çünki söhbət çox komikdir. O boyda Cin “Yeni Müsavat”ın fel və məkrindən baş aça bilmir, gedib Hind okeanından körpü çəkməyə çalışır. Oyy, camaat qırıldı gülməkdən. Yardım edin! Ambulans! 103-ə zəng vurun! İnsanlar ölür burda gülməkdən!
Əslində məşhur ssenaristin öz komik əsərində (mən əsər deyirəm, nə qısqanclıqdır) Cin obrazından istifadə etməsi təsadüfi deyil. Adam 60 illik həyatı boyunca cəmi bir dənə bilinən ssenari yazıb, onun da adı “Cin mikrorayonda”dır. Yəni Cin obrazı Eldəniz müəllimə yaxındır, müəllim onların patologiyasını, həyat və yaradıcılıqlarını bilir.
İndi “Cin mikrorayonda” filminin ssenarisinin plagiat olduğunu deyərək haqsızlığa yol verə bilmərəm, amma tam əminliklə deyə bilərəm ki, müəllimin Cin haqqındakı sonuncu əsəri plagiatdır. Bu, ən azı 20 ilin lətifəsidir və improvizə edilərək yüz varianta salınıb. Ruslar, ingilislər, türklər, ermənilər, almanlar, kəsəsi, tanıdığımız və tanımadığımız bütün millətlərdə bu lətifənin milli variantı var. Çox da gülməli lətifədir. Avropada da bu lətifəyə görə ambulans haraylayanlar olur, eşitdiyimə görə.
Elə bugünlərdə bir nəfər facebook istifadəçisi həmin lətifəyə futbolçu Mahir Şükürovun adını pərçim eləmişdi. Guya ki, Mahir cinə ürcah olur, o da ondan xahiş edir ki, Cin onu “Barselona”ya transfer eləsin və o, orada kapitan olsun, Cin də deyir, yox, yaxşısı budur, Hind okeanının üstündən körpü çəkim. Göründüyü kimi, çox gülməlidir.
Hərçənd Mahir Şükürov nədən “Barselona”da oynaya bilməsin ki. Yeri gəlsə, o, Pikedən də yaxşı oynayır, hələ Şakiraya ondan da yaxşı baxar.
Nəysə, söz bunda deyil, ondadır ki, yaradıcı ziyalımız bu lətifəni facebookda görüb və dərhal onun iti, analitik və satirik beyninə yaxşı bir ideya gəlib: söhbəti “Yeni Müsavat”ın üstünə fırlatmaq olar, qoy limonad şüşəsindən çıxan Cin qəzetin fel və məkrindən baş açmasın, gedib okean üstündən körpü çəksin...
Xalqımız hər zaman bu cür istedadlar yetişdirir, sadəcə biz onların qədrini bilmirik. Bax, sabah Eldəniz müəllim bu ölkədə gördüyü diqqətsizlikdən, təqib-təzyiqlərdən bezərək, baş götürüb başqa ölkəyə, tutaq ki, Türkiyəyə getsə, gedib orada “Hürriyet”də, “Milliyet”də öz öldürücü satirası ilə qəlbləri fəth etsə, anadolular demişkən, könüllərdə taxt qursa, deyəcəyik, daha bir parlaq istedadın qədrini bilmədik.
Sağlığında qiymət verin insanlara. Heç olmasa diqqət verin. Bir də imkan verin gözəl ssenarilər yazsın. Kim bilir, bu saat onun sandığında neçə-neçə Hollivuda layiq ssenarilər yatır - hamısı da cinlər haqqında.