Medianews.az
İntihara bağlanan körpü
406 baxış

İntihara bağlanan körpü

samir sari kose 1

Olacağı buydu, ta dincəldiniz? Odur, DİN dözmədi, gedib “Koroğlu” körpüsünü nəzarətə götürdü, indən belə körpünün başına dırmaşıb, “özümü atıram, qoymayın” deyən olmayacaq.

Axır ki, DİN xadimləri ilə din xadimlərinin fikri üst-üstə düşdü, indi onların hər ikisi intihara qarşıdır.
İndiyədək ruhanilər çox deyirdilər, intihar edənləri cənnətə buraxmırlar, öz canına qıyanlar Sirat körpüsündən keçə bilmirlər, yuvarlanıb qır qazanına düşürlər, amma xeyri yox idi. Amma indi DİN əməkdaşları onları körpüyə yaxın buraxmayacaqlar, heç kəs də ehtiyatsızlıqdan dığırlanıb ölməyəcək.
Lağlağılıqda dünya birincisi olan camaatımız artıq gözəl və qeyrətli vətəndaşımızın (Koroğlunun) adına olan körpünün adını dəyişdirmək üzrəydi, biri “İntihar körpüsü” adı qoyurdu, o birisi “Şantaj körpüsü” adlandırırdı.
İkinci versiya daha düzgün idi. Çünki indiyədək bu körpüyə çıxanların heç biri özünü ordan aşağı atmamışdı. Yalnız bir nəfər özünü atmaq fikrindən daşınandan sonra aşağı düşmək istərkən təhlükəsizlik texnikasına riayət etməməsi üzündən sürüşüb yıxılmışdı və onun hazırda Sirat körpüsü üzərində üzləşdiyi perspektivlə bağlı heç bir məlumat yoxdur.
Yerdə qalan körpüyə çıxanlar isə bir qayda olaraq özünü öldürməklə başqalarını, əsasən də dövlət strukturlarını şantaj etməklə məşğul idilər və içində xeyli dərəcədə haqlı olanlar da vardı. Adamlar problemlərini həll etmək üçün körpüyə çıxmaqdan başqa yol görmürlər. Obrazlı desək, körpü onlar üçün, yaxşı mənada axırıncı yoldur.
Amma burda da istisnalar var. Bir var, hansısa körpüyə çıxanın hüquq-mühafizə orqanlarına düşmüş işi həll olunmasın, adam haqsızlığa məruz qalsın, ondan sonra körpüyə dırmaşsın, bir də var, adam borc götürüb, qaytara bilmir, indi də gedib çıxıb körpüyə.
Buna körpü neynəsin, bank neynəsin. Pul götürmüsən, qaytarmalısan. Hər kredit götürən körpüyə çıxsa və bu yolla problemini həll eləsə, ölkənin bank-maliyyə sektoru çökər - həm də altında bikford şnuru ilə 1 ton trotil partladılmış körpü kimi.
O gün deputat Etibar Hüseynov parlamentdə demişdi ki, arvadından küsən körpüyə çıxır. Sosial şəbəkədə onu yıxıb-sürüdülər, amma deputat bu sözü obrazlı demişdi. Əslinə qalsa, arvadından küsərək körpüyə çıxan və camaatı “arvadım gəlsin, barışım, yoxsa özümü burdan aşağı atacam” məzmunlu şantajetmə faktı qeydə alınmayıb. Əlbəttə, dərinə getsək, bütün körpüyəçıxma aksiyalarının altında qadın faktoru tapmaq olar. Məsələn, əmin ola bilərsiniz ki, kişiyə o boyda krediti arvadı götürdürüb. 5-6 ay qabaq körpüyə çıxan bir kişinin də müvafiq aksiyasında arvad faktoru vardı - özünün dediyinə görə, bir əclaf rəis sırf arvadı qəşəng olduğuna görə onu tutdurubmuş.
Xüləs, axır ki, “Koroğlu” körpüsü indən belə bu kimi intihar şoularına səhnə olmayacaq. Ancaq şəhərdə körpü çoxdur. Məsələn, ideya vermək kimi olmasın, “20 Yanvar” dairəsinin körpüsü də intihar şantajı üçün yaraya. Həm də telekanalların və saytların videio operatorları burada daha aydın çəkiliş apara bilərlər. Səyyar kameralarını 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş abidənin yanında quraşdırsalar, intihar edən şəxsi əla çəkə, hətta ondan müsahibə də alarlar. Bircə pis iş var ki, adamı ordan tez düşürdəcəklər. Yol bağlansa hövsələsiz sürücülərdən biri onun intiharetmə hüququna məhəl qoymadan gəlib, “cəhənnəm ol bu tərəfə, qoy yolumuzla gedək” deyə, onu kənara çəkər, yaxud da ümumiyyətlə, aşağı itələyər.
Yəni durum bu dərəcədədir. Burada ala qarğa nəinki bala çıxarmaz, heç intihar da edə bilməz.
Ancaq bu körpü-intihar-şantaj-tıxac-qadağa haqq-hesabında məzəli bir hadisə də oldu. Gərək onu yazam. Adının çəkilməsini arzulamayan, ancaq yeyib-içən oğlan olmasıyla məşhur olan jurnalistlərdən biri həmin olaya reaksiya verərək sosial şəbəkədə yazmışdı ki, bir gün o da mırta çıxacaq o körpüyə. Bir nəfər də ona yazmışdı ki, səni ordan bir “çubuş”a düşürdərlər. (“Çubuş” -250 qramlıq araq).
Hər halda, şükür ki, reportyorlarımızın canı qurtardı. Nədən ki, “Koroğlu” körpüsü redaksiyamıza yaxın idi, “körpüyə çıxan var” xəbəri gələn kimi uşaqları göndərirdik ora. Onlar da qalırdılar altdan yuxarı baxa-baxa...
 

Bizə qoşulun