Medianews.az
Qəfil hücumun nəticəsi
409 baxış

Qəfil hücumun nəticəsi

xalid kazimli kose 1
Azərbaycan oxucuları da qəribədir: mediada yer alan sözgüləşdirmə hallarını, qarşılıqlı ittihamları, deyişmə-söyüşmələri qəbul etmədiklərini, tezliklə dayandırılmalı olduğunu bildirir, amma məhz belə yazıları daha çox oxuyurlar. Başqa materiallardan 2-3 dəfə çox.
Görünür, insanlara həqiqət lazımdır və onlar həqiqətlərin mübahisə zamanı ortaya çıxdığına inanırlar.
Mübahisə zamanı isə ortaya təkcə həqiqət çıxmır, qarşılıqlı nifrət püskürmələri, şər-böhtanlar da çıxır və çox vaxt onların lavası axıb həqiqətin üstünü basır.
İllərdən bəri çalışırıq ki, ilk hücum edən tərəf olmayaq, atəşkəsi pozmayaq. Ancaq nisbi sakitlik uzun çəkmir, ələ düşən ilk bəhanədə üstümüzə atəş yağır və məcbur oluruq cavab verək.
Əlbəttə, böyüklük, müdriklik göstərib hücumlara cavab verməmək də olar. Adətən, tək-tək, orda-burda açılan atəşlərə cavab vermirik, ancaq hücum total xarakter alanda müdafiə olunmağa məcbursan.
İllərdir boynumuza “iqtidar qəzeti” damğası vurmaq istəyirlər. Hər dəfə də “xəyanət bir daha sübut olundu” deyirlər. O qədər deyiblər ki, bu artıq halmıza təsir etmir, bizdə reaksiya doğurmur, hətta öz aramızda zarafat predmetlərindən birinə çevrilib. Ancaq “bu qəzetin ”Yeni Azərbaycan" və “Səs” qəzetindən heç bir fərqi yoxdur" iddiası səslənəndə artıq təhəmmül etmək olmur.
Necə yəni “heç bir fərqi yoxdur”? Biz “Yeni Azərbaycan” və “Səs” qəzetini almırıqmı, fərqi görmürükmü?
Bizim qəzetin səhifələrində gedən yüzlərlə cümlədən ən yumşağı belə adları çəkilən iqtidar qəzetində gedə bilərmi? Sınaq üçün birini versinlər, ertəsi gün qəzeti bağlayar, bütün kollektivi qapı dalında qoyarlar.
Bizim köşə yazarlarının hansının bir abzası “Səs”də, “Azərbaycan”da, “Xalq qəzeti”ndə, “Yeni Azərbaycan”da gedə bilər? Gedə bilərsə, versinlər, baxaq.
Bəlkə adları çəkilən qəzetlər müxalifət liderlərinin müsahibələrini, xəbərlərini verirlər? Yoxsa onlar da artıq siyasi məhbusların vəkillərinin açıqlamalarını, məhkəmə reportajlarını dərc edirlər, müxalifətin mitinqindən geniş reportaj, 150 şəkil verirlər? Beynəlxalq təşkilatların Azərbaycan iqtidarının ünvanına göndərdikləri etiraz bəyanatlarını necə, iqtidar qəzetləri yayırlarmı?
Bütün bunların heç biri yoxdur. Hakimiyyətin inhisarında olan qəzetlər, saytlar müxalifət düşərgəsini yalnız o vaxt yada salır ki, onu xəyanətlərdə, cinayətlərdə suçlayacaq, ən yaxş halda barələrində “gəlmişdilər, gördük” silsiləsindən materiallar verəcək, “camaat evdən çölə çıxa bilmirdi”, “daxili işlər naziri jurnalistləri şillələyirdi” ifadələri yer alan yazılar yazacaqlar.
Əgər belədirsə və “Yeni Müsavat”la adları çəkilən və çəkilməyən iqtidar qəzetləri arasında yüzdə bir faiz oxşarlıq yoxdursa, əminliklə araya bərabərlik işarəsi qoyanlara, əməyimizi heç-puç edənlərə, bizi daima qaralayanlara necə təpki verməyək, etiraz etməyək?
Tablaşmaq çətindir. Daima söyülmək, ittiham olunmaq, həmişə hücum gözləmək və ona vaxtaşırı məruz qalmaq xoşagəlməz işdir. Həm də bilirsən ki, sən daha güclüsən, daha haqlısan, daha dözümlüsən və bir gün bezərək əks-hücuma keçməkdən özünü saxlaya bilmirsən.
Bax, o zaman tozanaq qopur. Hər hücum edənlə öz dilində danışmaq lazım gəlir, güllə atana top atəşi ilə cavab verirsən, qumbara atanın səngərinə tomoqavk buraxırsan, aləm bir-birinə qarışır.
“Batumi forumu”nda hansısa təşkilatın ünvanına səslənən “ermənipərəst” sözünə görə maraqlı insanların kütləvi şəkildə həyəcanlanmasının və “Yeni Müsavat”ı, onun baş redaktoru Rauf Arifoğlunu xəyanətdə ittiham etməsinin axırı necə oldu? Ortaya xoşagəlməz durum çıxdı. Həmin təşkilatın gerçəkdən ermənifil olması aşkarlandı, üstəlik, o da məlum oldu ki, ermənilərlə ortaq layihələrdə çalışan bir şəbəkə var.
İndi vəziyyət başqa şəkil alıb. Qəzetimizin rəhbərliyinin, ayrı-ayrı müəlliflərinin ünvanına yazılması, dilə gətirilməsi mümkün olmayan söyüşlər yazılır, deyilir. Hətta bəziləri, bunu yalançı təxəllüslərlə saytımızın şərh bölümünə yazırlar və elə bilirlər ki, onların kim olduğunu bilmək çətindir. Xeyr. Şərh yazanın hansı ölkədən, hansı şəhərdən, hansı küçədən və evdən yazdığı ovuc içindədir və istənilən zaman onu tapmaq, söyüşünü özünə yedirtmək, valideynlərini yalvartmaq mümkündür. Hazırkı çılğınlıq o varianta aparır.
Bir şey tam çılpaqlığı ilə ortadadır: bu sayaq cığallıqla, əsəbiliklə, nifrin-latayırla siyasi uğur qazanmaq mümkün deyil, heç lazım da deyil.

Bizə qoşulun