Medianews.az
Gölə qumbara atanlar…
498 baxış

Gölə qumbara atanlar…

samir sari kose 1
Ötən bazar günü elə oldu ki güzarım Sahil qəsəbəsi ilə Sumqayıtı birləşdirən, dərə-təpələrin arasından hələ sovet vaxtında salınmış, bu il təmir edilərək qədirbilən xalqımızın istifadəsinə verilmiş yola düşdü. Yola söz yoxdur: hamardır, boşdur, maşınlar şütüyüb gedir, başqa vaxt Bakıdan keçməklə Sumqayıtdan Sahil qəsəbəsinə 1,5-2 saata gedərdinsə, indi yarım saata gedə bilərsən. Amma bu heç, söz bunda deyil.
O yolla Sumqayıta tərəf gedəndə Müşviqabad qəsəbəsini adlayandan təxminən 5 kilometr sonra bir hərbi şəhərcik var. Bilmirəm, N saylıdır, M saylıdır, ya saysızdır, amma həmin, el dilində desək, “vayenni qaradok” yerindədir. Təəssüf ki, onun 200-300 metrliyindəki göl artıq yoxdur. Mən görəndə gölün yerində dərin bir çala vardı – qupquru, susuz.
4-5 il öncə isə burada təxminən futbol meydançasının yarısı boyda bir göl vardı və həvəskar balıqçılar bu gölün ətrafına yığılıb balıq tutardılar. Elə günlər olurdu ki, burada 15-20 maşın dayanırdı. Onların arasında bahalı ciplər də vardı və adam hiss edirdi ki, 40-50 minlik maşın sürən və 10-15 manatlıq benzin töküb buraya gələn adamların dərdi balıq deyil, istəsələr, şəhərin hər tərəfində yeməyə balıq taparlar. Belə görünürdü ki, tilovla balıq tutmaq onların hobbisidir, məqsədləri sakit bir gölün qırağında vaxt keçirmək, səs-küydən, stressdən uzaq durmaqdır. Təbii ki, kommersiya məqsədi ilə olmasa da, tavada qızardıb yemək üçün balıq tutanlar vardı. Qonşum Emil istirahət kefi ilə tava kefini birləşdirmişdi, hər həftə tilov, qarmağını götürüb, “Prado”suna minir, bu gölün qırağında məskən salırdı.
Bir gün o, növbəti “rıbalka”dan qayıdarkən əliboş gəldi (həmişə tutduqlarını ona-buna paylayar, 3-4 balığı da özünə saxlayardı), soruşdum, dedi, göldə dərmana bir dənə balıq qalmayıb, nə qədər balıqçı vardı, heç kəs heç nə tuta bilmədi. Qonşum gümanını dilə gətirdi, dedi, deyəsən, ya gölə qumbara atıblar, ya da elektrik cərəyanı verib bütün balıqları qırıblar, sonra qayıqla üzə-üzə iri balıqları dənləyib yığıblar, xırdaları isə göldən çıxan çayla axıb gedib, axır ki, göldə həyat yoxdur artıq.
Bu, yeni söhbət deyildi. Bizim tamahkar və acgöz insanların su hövzələrini Bordo məhluluyla, azot gübrəsiylə zəhərləyərək balıq tutmaları olaylarını bilirdim, göllərə, çayların durğun yerlərinə partladıcı maddə atanlardan da xəbərim vardı. Hər il nə qədər adam isə suya elektrik cərəyanı buraxarkən özü ölür.
Emil danışırdı ki, yaxınlıqdakı hərbçilər də gölə sahib çıxmaq istəyirlər, deyirlər, buranın balığı bizim olmalıdır, camaat çəkilsin getsin, yoxsa gölə axan suyu (ya kiçik çay idi, ya da artesian suyuydu) kəsərik, gölü qurudarıq. Keçən bazar günü gördüyüm mənzərə ondan xəbər verirdi ki, suyu kəsib gölü qurudublar. İndi o dərinlikdə göldə kərtənkələdən başqa gözə görünən canlı yoxdur.
Sovet dövrünün axırlarında Almaniyada bir kənddə olan rus jurnalistinin yazdığı hadisəni dostlara bir neçə dəfə danışmışam, hətta yazmışam da. İndi bir daha təkrar edim. Demək, rus jurnalist alman həmkarıyla yaxınlıqdakı çayda balıq tutmağa gedirlər. Alman tilovla yanaşı, xətkeş də götürür. Rus təəccüblənir, amma bir söz demir. Çatırlar, bol balıqlı çaydan tez-tez qarmağa keçən balıqları sudan çıxaran alman onları azad edir, xətkeşlə ölçür, ya vedrəyə, ya da yenidən suya atır. Bir belə, beş bu cür, axırda rus dözmür, deyir, niyə belə edirsən. Alman deyir ki, bələdiyyə yasaq qoyub, 20 santimetrdən kiçik balıqlar çaya qaytarılmalıdır. Rus deyir, axı sən çaya atdığın balıqların içində 19 santimetr olanlar da vardı, ha 19, ha 20, vedrəyə ata bilməzdinmi, burda onu kim biləcəkdi. Alman deyir, yox, birincisi, heç kim bilməsə də, mən özüm bilirəm, ikincisi, hamı belə eləsə, çayda balıq bol olmaz.
Yəni təbiətin nemətini elə ye ki, tükənməsin, həmişə yeyə biləsən. Əlbəttə, bunu gölə qumbara atan, cərəyan verən insanlara başa salmaq çox çətindir.
Son günlər yağan yağışlardan sonra gölün çalası yenidən ləbələb dolub. Amma orda artıq balıq yoxdur və öz-özünə əmələ gəlməyəcək. Kimsə aparıb oraya kiçik balıqlar buraxa bilər, böyüsünlər, artsınlar deyə. Amma kimsə də gəlib gölə qumbara atacaq, ya da suyunu kəsib qurudacaq…

Bizə qoşulun