Medianews.az
Avropa ilə döyüşə-döyüşə...
435 baxış

Avropa ilə döyüşə-döyüşə...

xalid kazimli kose 1Dünən Milli Məclisin plenar iclasında parlament rəhbərliyi də, deputatlar da Avropaya sərt etiraz bildiriblər. Səbəb klassikdir: Avropa təsisatları nəyə görə insan haqlarına dair pozuntularla bağlı Azərbaycana irad bildirir.
Azərbaycanlı deputatlar hesab edirlər ki, bu haqsızlıqdır, qərəz göstəricisidir, ayrı-seçkilikdir, bu davranışın alt qatları var, əslində Avropanın qarnının ağrısı başqa şeydir və sair və ilaxır.
Siyavuş Novruzova görə, ölkəmizə qarşı bu yanaşma “Azərbaycanın inkişafını gözügötürməzlikdən başqa bir şey deyil” Deputat məsələni yenə “bir qrup erməni lobbisinin təsiri”nə bağlayıb, sonra da deyib ki, “biz ciddi şəkildə onlara qarşı mübarizə aparmalıyıq”.
Eyni sözü parlamentin sədri Oqtay Əsədov da dilə gətirib, deyib ki, mötəbər təşkilatların heç birində müstəqillik yoxdur, onlara bel bağlamaq olmaz, Avronest, Avropa Parlamentinin adı var, özü yoxdur və onlar kiçik məsələlərlə Azərbaycana təzyiq göstərməyə çalışırlar.
Deputat Çingiz Qənizadə də, Qüdrət Həsənquliyev də Avropanın Azərbaycanı tənqid etməsinin arxasında qeyri-səmimi məqsədlərin dayandığını bildiriblər. Vitse-spiker Bahar Muradova isə vurğulayıb ki, Azərbaycan bu təzyiqlərin qarşısında dayanmalıdır.
Bir sözlə, deputatlarımız qos-qoca Avropanı yerdən-yerə vurublar, bəs deyincə pisləyiblər, qınayıblar, ona qarşı dirənməkdə, Avropa təsisatları ilə döyüşməkdə davam etməyi məsləhət biliblər.
Parlamentdə haray-həşirlə ölkədə insan haqları ilə bağlı problemlərin olmadığı bildirilən zaman internet mediasında belə bir xəbər yayılmışdı ki, AzadlıqRadiosunun müxbiri Turxan Kərimov evindən çıxarkən iki naməlum şəxs tərəfindən saxlanılıb və özünü təqdim etməyən qoluzorlu şəxslər onu qara maşına basıb harasa aparıblar.
İctimai-siyasi fəallar belə hadisələri həmişə gözlədiklərinə görə dərhal vəkil axtarışına çıxmış və münasib vəkil tapmışdılar. Bir neçə saatdan sonra məlum oldu ki, sosial şəbəkədə Turxan Qarışqa kimi tanınan maarifpərvər gənc fəal sərbəst buraxılıb. Onu küçədən hop götürənlər isə bir başqası deyilmiş, hüquq-mühafizə orqanlarının əməkdaşlarıymış.
Ancaq işə baxın ki, Turxan Qarışqanın gözlənilməz həbsi yox, azadlığa buraxılması təəccübə səbəb oldu. Niyə? Ona görə ki, son illərdə küçədə saxlanılan, qara maşınlara basılıb naməlum istiqamətə aparılan şəxslər bir qayda olaraq, ən azı inzibati həbs cəzasına məruz qalırlar.
Belə olduğu halda, ölkədə insan haqlarıyla bağlı problemin olmadığını necə iddia etmək olar? Siyasi motivlərlə həbsə alınmış, məhkum olunmuş, həbs cəzası kəsiləcəyi gözlənilən onlarla dustağın varlığını necə danmaq olar? Mümkün deyil.
Az qala hər gün ictimai-siyasi fəalların həbs olunması, təzyiqə məruz qalmasına dair xəbərlər gəlir. Sosial mediada haqlı olaraq “ölkədə 37-ci il küləyi əsir” deyə ifadələrə rast gəlinir. Bunlar havayı söhbətlər deyil, bu cür iddiaların əsası var.
Ölkədə aşağı-yuxarı, 100-ə yaxın siyasi məhbusun olduğu bildirilir. Hətta bu rəqəmin yarısını belə kənara qoysaq, 50 nəfər siyasi motivlərlə həbs edilmiş şəxsin varlığı danılmazdır və bu, Avropa təsisatlarının diqqətini çəkməyə bilməz.
Beynəlxalq təşkilatlarla höcətləşərək ağac-ağaca durmaqdansa, problemin mövcudluğunu etiraf etmək və onun həlli istiqamətində çalışmaq lazımdır.
Azərbaycan hakimiyyəti qurunun oduna yaşı yandırmağı, əlinə düşən hər bir bəhanədən öz siyasi rəqiblərinə qarşı yararlanmağı sevir. Ancaq siyasi rəqiblərlə bu cür sərt davranmağın bir əndazəsi də olmalıdır, bir balaca fəallıq göstərən funksioner və sıravilər tutulacaqsa, onlara fəaliyyət imkanı verilməyəcəksə, siyasi partiyaları birdəfəlik bağlamaq daha məqsədəuyğun olar.
Bir də Avropa ailəsinin üzvüyüksə, ya özümüzü bu ailənin qanun-qaydaları çərçivəsində aparmalıyıq, ya da coğrafi baxımdan Avropaya aid olmadığımız kimi, siyasi (eləcə də mədəni) baxımdan da Avropadan uzaqlaşıb, üzümüzü Şərqə, Asiyaya tutmalıyıq. Bu məkanda bizdən insan haqlarına riayət, demokratiya, azad seçki tələb edən olmayacaq.
Yox, bu bizə sərf etmirsə, alverimizə, biznesimizə uyğun deyilsə, onda içəridə olan siyasi dustaqları azad etmək, yenilərini həbs etməmək lazımdır. Əks təqdirdə, Avropa ilə döyüşə-döyüşə uzağa getmək olmaz.

Bizə qoşulun