Medianews.az
Antaqonist ziddiyyətlər
472 baxış

Antaqonist ziddiyyətlər

zamin yeni raz
Dünən bir kitab oxuyurdum, SSRİ vaxtında çap edilib, bunun mündəricatında ənənəvi olaraq leninizmin dünyada inkişafı, imperializmin çürüməkdə davam etməsi haqda səfeh cümlələr var idi. Lakin orda bir ifadə gördüm, çox sevindim. Sanarsan adam hansısa qiymətli üzüyünü itirir, sonra onu şkafın altından tapır - bax, o vəziyyətdə idim. Gərək biz belə qiymətli ifadələri unutmayaq, unutduqca təzədən başımıza gəlir. Uzun sözün qısası, ifadə belə idi: “burjua dünyasındakı antaqonist ziddiyyətlər”.
Bəh-bəh... Ləzzət elədi, vallah. Dünəndən bəri bu “antaqonist ziddiyyətlər”i ürəyimdə təkrar edirəm. İndiki uşaq-muşaqlar bu ifadənin necə qiymətli olduğunu bilməzlər. Bu ifadədə “doktorski kolbasa”nın dadı, Baykal-Amur-Magistralı, canım sənə desin, Çarlz Hayderin 220 günlük aclıq aksiyası yatır. Bu ifadə məni pioner qalstukuma qaytardı. Elə bildim yenidən kluba yığışan camaat üçün “Çalışırıq, vuruşuruq, Lenin baba yolunda!” şeirini səsləndirəcəyəm, rəhmətlik Qulu müəllim də müharibə xatirələrini danışıb tarixi səhvini yenidən səsləndirəcək: “Arzu edirəm siz gənclərin başının üstündən qara buludlar əskik olmasın!”
Əlbəttə, burjua aləmindəki antaqonist ziddiyyətlər hal-hazırda işini görməkdədir, misal üçün, ABŞ-ın 47 ştatında etiraz aksiyaları keçirildi, camaat küçəyə çıxıb dedi ki, nə üçün polis zənci Mayklı vurub öldürübdür. Əli Həsənov, Ramiz Mehdiyev ABŞ-ı tənqid edəndə nə qədər haqlı idilər... (Nə qədərini əlaqədar orqanlara deyə bilərəm - keçən dəfə bəzi məbləğləri açıq yazdım, yanlış anlaşıldı).
Bizim sosialist respublikamızda belə hal mümkündürmü? Qətiyyən. Bizim də zəncilərimiz var, onlar jurnalistlərdir. Polis o jurnalistlərə nəinki atəş açır, əksinə, qara maşına mindirib idarəyə aparır, təhsili, ev-eşiyi, yazıları ilə maraqlanırlar, deyirlər bir az ehtiyatlı yazsın, xarici düşmənlərimiz çoxdur, respublikamızın iqtisadi uğurları da artmışdır.
Halbuki, bizim də burjua-antaqonist ziddiyyətlərimiz olan vaxtlar var idi. Hardasa 19-cu əsrin əvvəllərində Azərbaycanda Qaraqoyunlu-Ağqoyunlu cütlüyü hakimiyyətdə ikən jurnalistləri blokda vurub öldürür, başına torba keçirdib döyür, ayağının üstündən maşınla keçir, şikəst edib göl qırağına atırdılar. İndi isə, şükürlər olsun, profilaktik söhbətlər aparılır, daha başına torba keçirdib oğurlamaq yoxdur.
Yüksək şəraitdir. Dünən belə bir jurnalisti küçədən aparıblar polisə, rəis onun sünnət edilib-edilmədiyini, sevgilisi ilə hansısa aşk probleminin olub-olmadığını, asudə vaxtlarında “Qarabağ”ın, yoxsa “Neftçi”nin oyunlarına baxdığını, saçlarının anadangəlmə qıvrım olduğunu, yoxsa sonradan burdurduğunu, toyuq dönəri, yoxsa mal dönəri sevdiyini və sairə ümummilli, hüquq-mühafizə orqanlarının səlahiyyətinə aid məsələləri soruşub. Halbuki, yenə yazıram, Amerikada beləsinə küçədə “qaç görüm, ə!” komandası verir, sonra arxadan güllə vururlar. Nə yaxşı biz Amerikada doğulmadıq!
Hərçənd, ola bilər heç jurnalisti yarım saatlığına aparan idarə polis deyilmiş. Nə biləsən... Ölkəmizdə əsrarlı idarələr çoxdur, bunun hətta bir ara verilişini də qayırırdılar, “Gizli Azərbaycan” adlanırdı. Misal üçün, srağagün Bakının mərkəzində “Əli və Nino” kitab dükanı, “Anadolu” restoranı daxil çoxlu dükan-bazarın tanınma lövhəsini bir qrup qara paltarlı adam söküb aparmışdı, kimsə bilmirdi onlar hansı qalaktikadan gəliblər. Bakı ŞİH, polis, JEK, bələdiyyə, prokurorluq, AzTV, qaz idarəsi, sirk, pensiya fondu, vergilər, siçan-pişik idarəsi və sairə - hamı boynundan atırdı.
Əgər paytaxtın mərkəzini sökə-sökə gedənləri heç bir dövlət idarəsi tanımırsa, bunun adı antaqonist ziddiyyətdir. Deyəsən bizi təzədən burjuaziya dövrünə aparmaq istəyirlər.

Bizə qoşulun