Balaca şücaət deyil, xor görməyək. Bəlkə də nazir Qarayevin bu hərəkəti Ağdamda erməni helikopterini vuran İlkin Muradovun igidliyi qədər önəmli şücaətdir.
Belə olmasaydı, Mədəniyyət və Turizm Nazirliyinin saytında “YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasında Lavaşın erməniləşdirilməsinin qarşısı alınmışdır” sərlövhəli xəbər getməzdi.
Biz belə xəbərlərə təşnəyik. İdman yazarlarının sözü olmasın, qələbə tamarzısıyıq, ona görə də lavaşın (əslində, bu nemətin adı artıq böyük hərflə yazılmalıdır) erməniləşdirilməsinin qarşısının rəşadətli bir şəkildə alınmasını ölkə səviyyəsində qeyd etməliyik.
Zarafat deyil, ermənilər Lavaşı YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına "erməni çörəyi” kimi saldırmaq, hətta “lavaşın hazırlanmasının ənənələri" kimi resept-zad təqdim etmək istəyirmişlər.
“Azərbaycanın etirazı, bununla bağlı həyata keçirilmiş fəaliyyətlər nəticəsində Ermənistanın təxribat cəhdlərinin qarşısı alınmışdır”, - rəsmi informasiyada belə deyilir. Qarşı tərəf cavab zərbələri ilə susdurulmuşdur. Bizim səlahiyyətli şəxslər Azərbaycan Lavaşını dürmək edərək yavan-yavan ermənilərin ağzına soxublar, deyiblər, di yeyin.
Dünya birliyi bu xüsusda qeyrətsizcəsinə susur. Əgər Mədəniyyət Nazirliyinin işçiləri ayıq-sayıq olmasalar, Lavaş əldən gedəcəkdi və dünya birliyinin təmsilçiləri orda-burda lavaş gəvələyəndə “bu erməni çörəyi əcəb yeməli şeydir” deyəcəkdilər, biabırçılıq olacaqdı. Hətta vaxtilə ermənilərin əlindən lavaş yemiş hansısa bir qonağımız bizim Lavaşımızdan dadanda başını ömründə ilk dəfə kabab yeyən müsyo Jordan kimi bulaya-bulaya “mımmm” deyərək, axırda “siz də erməni lavaşını yaxşı bişirirsiz” desə, biz gərək onun yediyini burnundan gətirək.
Qoy erməni ağlını başına yığsın, belə təxribatlardan əl çəksin. Budur, uzun illər ölkədə hamı bir nəfər kimi oxuya-oxuya, əcnəbi müğənniləri tutub “Sarı gəlin” oxuda-oxuda, nəhayət, bu qədim mahnının üstünə öz möhürümüzü vurmaq üzrəyik. Son dəfə Sami Yusif Allah saxlamış da “Sarı gəlin”i elə oxuyub ki, indi Siruşa onu ondan yaxşı oxumaq üçün nə qədər məşq etməli, mahnını yenidən oranjeman etdirməlidir.
Dolma davasında hələlik bərabərik, nə biz ermənilərə güc gəlib dolma qazanını məngirləyə bilirik, nə də ermənilər bizim əlimizdən dolmanı dartıb ala bilirlər. Adsız və tənəksiz təpəliklər uğrunda savaş gedir.
Güman var ki, Lavaş savaşından sonra növbə saca, dördayağa, nehrəyə, cəhrəyə çatacaq. İndidən ayıq-sayıq olmalıyıq, nəyimiz varsa, aparıb YUNESKO-nun reprezentativ siyahısına saldırmalıyıq. Lap dəryazdan belə… Bu cür qeyri-maddi sərvətlərimizə yiyə durmasaq, hər şey əldən gedəcək.
Siz sağ, mən salamat, bizim qonşularımızda bu sifət, bu beyin varsa, bir gün təzəyi və ya gərməni (qoyun yatağında üst-üstə yığılmış peyin) də “erməni yanacağı” kimi YUNESKO-da qeydə aldıracaqlar və ondan sonra sübut edə bilməyəcəyik ki, tarixdə bizim Ağqoyunlular, Qaraqyunlular kimi dövlətlərimiz olub. Yazıq tarixçilərimiz gərmə və təzəyin erməniləşdirilməsi təxribatına qarşı, kim bilir, nə qədər elmi əsər, monoqrafiya yazmalı olacaqlar. Bəlkə də AMEA-da gərməşünaslıq şöbəsi açmaq lazım gələcək.
Baxın, əziz, həmvətənlər, iki qonşu xalq arasında münasibətlər artıq palaz səviyyəsinə düşüb (yeri gəlmişkən, palaz və kilim də bizimdir), dava artıq sac, oxlov uğrunda gedir.
Amma etiraf edək ki, sabah ermənilər çıxıb tutovka çəkmək üçün yarayan qurğunu YUNESKO-da qeydə aldırmaq istəsələr, gərək mübahisəyə girməyək və bu cihazı ermənilərə güzəştə gedək, çünki bunun ən yaxşı çəkəni ermənilərdir. Bizim əcdadlar isə tuluqlarda at südündən qımız və mınqol arağı çəkmək üzrə usta olublar.
Xüləs, ermənilər, nəhayət ki, bizi də özləri kimi xəstə elədilər. Bəlkə də onlarla baş eləmək üçün belə olmaq yaxşıdır, bilmirəm. Amma lavaş, kamança, dolma, mahnı, nehrə, cəhrə davası aparmaq adama bir az birtəhər gəlir. Adam fikirləşir ki, getdin, gördün lavaş, neynəyirsən savaş, ye bir yandan yavaş-yavaş…
