Medianews.az
Nifrətin ifrat həddi
498 baxış

Nifrətin ifrat həddi

xalid kazimli kose 1Biz ermənilərə kütləvi şəkildə nifrət edirik. Onlar da bizə daha kütləvi şəkildə nifrət bəsləyirlər. Xırda-para, bir-iki faizlik istisnalar ola bilər. Məsələn, ola bilər ki, onların yüksək intellektli kəsimində bizə nifrət edənlər olmasın. Eyni zamanda mümkündür və yüz faiz belədir ki, bizdə də ermənilərə nifrətlə yanaşmayanlar var. Ancaq istisnalar ümumi qaydanı dəyişmir. Qonşu xalqla bizim hazırkı münasibətimiz dəruni nifrət üzərində bərqərardır və bunun köklü səbəbləri var: müharibə, torpaq davası, hərbi cinayətlər, işğal, haqsız iddialar, qırğınlar və sair. Yəni prinsipcə, bu iki xalqın münasibəti indikindən yaxşı ola bilməz. Çünki müharibə başa çatmayıb, münaqişə tənzimlənməyib, düşmənçiliyin vurduğu yaralar qaysaqlamayıb. İki dövlət arasında başlanmış və bir neçə il davam etmiş qanlı müharibədə atəşkəs sazişinin imzalanmasından keçən bu 20 ildə dostluğa, sülhə doğru nəinki bir addım yaxınlaşma yoxdur, hətta qarşılıqlı nifrət müharibənin ən qızğın çağında olduğundan artıqdır. Bizim üçün uzaq Avstraliyada, Çilidə, Kanadada doğulmuş erməni millətinə mənsub olan istənilən fərdlə “DQR”-in hərbi birləşməsinin giziri arasında heç bir fərq yoxdur. Hesab edirik ki, əlmizə düşdüyü təqdirdə onların hər ikisi cəzalandırılmalıdır. Nəyə görə? Sadəcə, ona görə ki, bu adam ermənidir. Bəlkə o erməni heç başqa ölkədə doğulub-böyüdüyünə görə ana dilində danışa da bilmir, milli kimliyini tamamilə unudub, dəxli yoxdur, o unudubsa da, biz unutmamışıq, soyadındakı “yan” şəkilçisi kifayətdir ki, adamı tutub yandıraq. Ermənilər də bizə qarşı elədir. Hətta daha betərdirlər. Onlar uzaq tarixdə baş verənlərin qisas hissi ilə yaşayırlar, biz yaxın tarixdə ermənilər tərəfindən başımıza gətirilənlərin revanşını almaq istəyirik. Təxminən 10-12 il öncə vüsət götürmüş, bir neçə il öncəyədək davam etmiş “xalq diplomatiyası” təşəbbüsü ona görə iflasa uğradı ki, hər iki xalq bir-birinə bəslədiyi dərin nifrət hissini yenə bilmədilər. Bu işə böyük dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar qarışmışdı, hər iki dövlətin rəhbərləri “xalq diplomatiyası”na razılıq vermişdilər, ziyalılardan, yüksək ranqlı məmurlardan ibarət nümayəndə heyətləri qarşılıqlı səfərlər də etmişdilər... Amma alınmadı. Dostluğu süni şəkildə bərpa etmək mümkün olmadı. Sübut olundu ki, yuxarıdan təzyiqlə dostluq bərqərar oluna bilməz və düşmənçilik davam edəcək. Bu gün ermənilərlə bizim aramızdakı münasibət tam bir boykot havasındadır. Biz ermənilərin qatıldığı hansısa tədbirdə iştirak etmək istəmirik, ölkəmizdə düzənlənən hansısa beynəlxalq məclisdə də onların olmamasını arzu edirik. Hansısa restoranda erməni musiqisi çalınırsa, durub etirazımızı bildiririk. Məsələn, bu günlərdə “Mado” türk restoranında erməni mahnısı səsləndirilib və müştərilər buna etiraz bildirərək restoran adminstrasiyasından mahnının dayandırılmasını və repertuartdan kənarlaşdırılmasını tələb ediblər. Bu, artıq nifrətin ifrat həddidir. Sabah hansısa bir Hollivud filmində erməni aktyor rol alsa, nə edəcəyik, o filmə baxmaqdan imtina edəcəyikmi? Onda gərək “Eurovision”da Ermənistan təmsilçisinin çıxışı zamanı da kütləvi şəkildə televizorları söndürək. Bu günlərdə bir erməni ziyalısı yazıçı Günel Mövluda müsahibəsi zamanı deyib ki, azərbaycanlılar, siz də artıq ermənilər kimi olmusunuz. Çox dəqiq müşahidədir. Biz düşmənə kütləvi nifrət məsələsində artıq ermənilərlə tən olarıq. Neçə ildir ki, “Dinsizin öhdəsindən imansız gələr” kəlamınn hikmətiylə hərəkət edirik və Allah tərəfi bu effekt verir. Ermənilər artıq daşın qayaya rast gəldiyini hiss edirlər. Bu cür hərəkətlər etmək üçün bizdə əsaslar da var: 20 faiz ərazimiz işğaldadır, qaçqın-köçkünlərimizin sayı isə artıq yuvarlaqlaşdırmasaq da, 1 milyondur, erməni gəncləri Şuşada, Zəngilanda şəkil çəkdirib sosial şəbəkədə təhrikçi paylaşmalar edirlər və s. Cəbhə xəttində vurulan helikopter vaqiəsi qarşılıqlı nifrəti daha da alovlandırıb. Baxın, həlak olan pilotlardan birinin üç oğlu ilə birlikdə şəkli yayılıb. Bu, erməni yox, istənilən başqa bir millətin oğlu olsa, biz də ona acıyardıq. Amma o, düşməndir, acımırıq, sevinirik. O bir rus pilotu, biz isə ukraynalı olsaydıq, bir düşmənimizin azalmasına görə yenə sevinərdik. Müharibə budur: o, insanların mərhəmət hissini öldürür, nifrətini şiddətləndirir, milyonlarla insanın həyatını puç edir. Qarabağda müharibə salanlara dönə-dönə lənətlər olsun!

Bizə qoşulun