Medianews.az
Müəmmalı açıqlama
496 baxış

Müəmmalı açıqlama

samir sari kose 1 ARDNŞ Sulutəpə qəsəbəsini məhkəməyə verir. Ona görə ki, bu qəsəbə qanunsuz tikilib. Bununla belə, şirkət rəsmisi deyib ki, qəsəbənin məhkəməyə verilməsində məqsəd onun sökülməsi deyil, sakinlərə xəbərdarlıq etməkdir ki, baxın, qanunsuz yerdə yaşayırsınız, düz eləmirsiniz. And olsun oxuduğum və yazdığım kitablara (hazırda onların birinə əl basıram) ki, açıqlama sırf bu cürdür. Hətta hər hansı bir təhrif olmasın deyə ARDNŞ-in ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Nizaməddin Quliyevun AzNews.az-a dediyi sözləri olduğu kimi iqtibas edirəm. Quliyev böylə deyib: “ARDNŞ-ə məxsus torpaqlarda evlərin sökülməsi çoxdanın söhbətidir. Biz onları məhkəməyə verməliyik. Çünki evlər qanunsuz yerdə tikilib. Yeni tikintiyə icazə verilmir. Köhnə tikililərin isə məhkəməyə verilməsi o demək deyil ki, onlar bu dəqiqə sökülür. Sakinlər bilsin ki, yeni tikintiyə icazə verilmir. Köhnə tikililərlə bağlı isə ümumi qərar veriləcək. Bunun üçün komissiya yaradılıb. Dövlət komissiyası nə qərara gəlsə, biz də həmin qərarı tanıyacağıq”. Heç demə, bu həm də bir reputasiya məsələsidir. N.Quliyev bildirib ki, ARDNŞ həmin evləri məhkəməyə verməklə öz reputasiyasını qoruyur: “Xarici audit şirkətləri həmin insanların yaşayış üçün əlverişsiz yerdə yaşadıqlarını soruşanda biz də deyəcəyik ki, bəli, biz bunu bilirik, xəbərimiz var. Şirkət də ”Əlimizdə sənəd var, amma sökə bilmirik" deyəcək". Tarixçi yazar Lorens Lokkartın yazdığı, azərbaycanlı yazıçı-tərcüməçi Nəriman Əbdürrəhmanlının tərcümə etdiyi “Tarixi Nadir” kitabını yarıya qədər də yox, başdan-başa oxumuş qəzetçi kimi mən bu açıqlamadan hələlik dəqiq bir şey başa düşməmişəm. Amma gümanlar var. Gümanlardan biri ondan ibarətdir ki, ARDNŞ Sulutəpədən vaz keçmək istəmir, nefti qurumuş bu sahənin torpağının qiymətli olduğunu bilir və orada məskunlaşan camaatı qorxu altında saxlamağa çalışır. İkinci güman ondan ibarətdir ki, ARDNŞ o qədər də sulu olmayan quru təpələrdə salınmış Sulutəpə qəsəbəsinin on minlərlə sakininə gücü çatmayacağını dərk edir və təzədən davaya girişmək istəmir. Xatırlayırsınızsa, iki-üç il qabaq ARDNŞ qoçuları hücum çəkərək qollarına qolay gələn xeyli adamın evini uçurmuşdular, ara yerdə həmkarımız İdrak Dadaşovu möhkəm döymüşdülər. Google.az axtarış motorunda arasanız İdrakın İŞİD döyüşçüləri tərəfindən güllələnmiş mosullu türkmənlər kimi yerdə döşəli qalan halını nümayiş etdirən şəkillərini görərsiniz. Həmkarımızı çox döymüşdülər, “öldü” bilib əl çəkmişdilər, meyidi döyməkdən arlanmış, aralanmışdılar. İndi belə görünür ki, ARDNŞ dərk edir ki, Sulutəpəyə cumsa yeni idrakları əzişdirməli olacaq, amma bunu istəmir. Əvəzində istəyir ki, camaat özü başa düşsün ki, üstündə yaşadıqları bu torpaq onların deyil və istənilən gün onları İdrakın gününə sala bilərlər. Heç kim arxayın olmasın, çünki “köhnə tikililərlə bağlı ümumi qərar veriləcək”, hətta “bunun üçün komissiya yaradılıb”. Komissiya qərar versə ki, Sulutəpədə yaşayan idrakların evi sökülməlidir, özləri də döyülməlidir, ARDNŞ-in mühafizə xidməti bunu can-başla edəcək. Müvafiq gücləri də var, çevik polis alayı kimi bir şeydirlər, istəsələr, xeyli ev sökər, adam döyərlər. İntəhası, bu xətalı işdir. Çünki Sulutəpə böyük yerdir, orda bəlkə də iki köçkün rayonun əhalisi qədər sakin var. Ev sökülməsi xəbəri ajiotaj yarada bilər, ondan sonra gəl hiddətlənmiş xalqın qabağında dur. Hələ parlamentin spikerinin və onun digər qohumlarının evləri də o nahiyədədir. Söksən, gərək hamısını sökəsən. Camaatın evini söküb spikerin Sulutəpənin məhz sulu hissəsindəki evini saxlasan, iğtişaş qaçılmazdır. Bəs reputasiya necə olsun? Axı şirkətin reputasiyası var. ARDNŞ bir kərə deyib ki, o evlər qanunsuz tikilib, indi dediyindən geri dursunmu? Bu, BMT və ya NATO deyil ey, qətnaməsi icra edilməmiş qala, bu ARDNŞ-dir, reputasiyası var. Şirkət “Əlimizdə sənəd var, amma sökə bilmirik” deyəndə də xaricdən deyəcəklər ki, sizin də eləcə diliniz var... Belə olandan sonra gərək söküntü tərəfdarları ölüb yerə girsinlər. P.S. Tərs kimi, İdrak Dadaşov da ölkədə yoxdur, hardan alsınlar bir fağır jurnalisti ki, sağdan da vursunlar, soldan da.

Bizə qoşulun