Medianews.az
Oyun stadionda olur
421 baxış

Oyun stadionda olur

zamin yeni raz
Dövlət başçısı bu yaxında Parisdə səfərdə olanda Fransa prezidenti ona qanunsuz həbs edilən Leyla Yunusun məsələsini xatırlatmışdı. Xəbərlərdə deyilirdi ki, İlham Əliyev bu məsələ ilə maraqlanacağını bildirib.
Artıq necə maraqlandığı ortadadır: Cavad Cavadlının ardıyca Leyla Yunusun ikinci vəkili Xalid Bağırov da müdafiədən uzaqlaşdırılıb. Özü də bu proses yetərincə qanunauyğun şəkildə aparılır. Heç vəkilin özünün xəbəri olmur. Bir gün zindana, müdafiə elədiyi şəxslə görüşə gedəndə qapıdakı fərraş deyir yox ol burdan, səni baş prokuror müdafiədən kənar edibdir.
Qəşəng, səmimi vəziyyətdir. Mən yuxarıda “qanunauyğun” yazarkən elə bunu nəzərdə tuturdum. Totalitar, repressiv rejim şəraitində yaşayırsansa gərək bütün maskaları, pərdələri çıxarıb atasan, camaat da sənin əsl simanı görsün, oyun oynamadığını anlasın. Yoxsa bir də görürsən hədlərini aşıb icra hakiminin “Hammer”ini yandırırlar. Hər bir hərəkət rejimin daxili qanunlarına uyğun olmalıdır.
Sözgəlişi, hazırda bizim 2 yazıq soydaşımızı da Dağlıq Qarabağdakı separatçılar tutub qurama məhkəmə eləyirlər. Bizə sərhədin, cəbhə xəttinin heç bir üzündə dinclik yoxdur, biləsiniz. Sadəcə, bu erməni məhkəməsinə görə özünə əl qatan bəzi vətəndaşlarımız mənə gülməli gəldi. O şəxslər ki, Bakıdakı qeyri-qanuni məhkəmələrə bir dəfə getməzlər, etiraz eləməzlər, onlar deyirdilər gedib Xankəndində soydaşlarımızı müdafiə edə bilərlər. Hətta guya Bakıdan rejimin təzyiqi ilə Avropaya qaçanlardan da bu “urapatriotik” aksiyaya qoşulanlar var idi, güclə qabaqlarını aldıq, yoxsa Qukasyanın özünü tutub gətirmişdilər, yalan olmasın. Həmişə belə anlarda dahi klassikimizdən sitat yerinə düşür: “Həyə, lotusan, mən ölüm əl ver!”
İndi bunun özü də qəribə haldır ki, məmləkətin bir yerində (Bakıda) səmimiyyət hökm sürməyə başladığı anda o biri yerində (Qarabağda) qeyri-səmimiyyət baş alıb gedir. O mənada yazıram ki, Qarabağdakı erməni vətəndaşlarımız qabaqlar tutduqları adamları vurub öldürürdülər, ən yaxşı halda generalın həyətində əsir kimi işlədib, xəstə kökə salıb qaytarırdılar. Biz də bilirdik söhbət nədən gedir. Məndən demək, bu demokratiya, məhkəmə-zad qurmağın axırı ermənilər üçün yaxşı olmayacaqdır. Xalq ayağa qalxıb Qukasyanın Tuğdakı villasını yandıracaqdır.
Bakıdakı səmimi avtoritar mühiti davam etdirmək lazımdır. Demirəm ki, mütləq Putin kimi dolları-zadı qadağan edək, sonra da Borçalıya hücuma keçək. Bunların hələ vaxtı deyildir. Elə azı məhkəmə prosesindəki gülməli, karikatur qaydalar ləğv olunmalıdır.
Vəkillərin ləğvi ilkin addım kimi çox yaxşıdır, yuxarıda yazdım. Növbəti addım olaraq ölüm cəzası bərpa edilməlidir. İzah edim.
Bizim hazırkı qanunlara görə Avropa Məhkəməsi ən ali instansiyadır. Yəni, onun qəbul elədiyi qərarı yapistlər mütləq yerinə yetirməlidir. Avropa Məhkəməsi indiyə qədər bir neçə şəxs haqda (Əli İnsanov, İlqar Məmmədov və s) “aç, burax” tipli qərar verib, ancaq bizim hökumət bu qərarları qoz ağacının çürük meyvəsi də saymır. Əgər ölüm cəzası qüvvədə olsaydı, yapistlər çoxdan o məhbusları vurub öldürmüşdülər, ondan sonra Avropa Məhkəməsi ha qərar çıxartsın... Ölünü dirildib azadlığa buraxan deyilsən ki? Olmaz. Gənc, suveren dövlətimizdə hələ heç bir ölü dirildilib küçəyə buraxılmayıbdır, firənglər özlərinə gülürlər. Olland-Molland kimi soruşan olanda da “Vay, nə gec dedin, onun boğazını keçən ay üzdük, heç maraqlana bilmərik” deyərik.
Daha sonra ümumiyyətlə bu məhkəmə proseduru ləğv edilməlidir. Geridəqalmış, düşük qurumdur. Adamları zəhmətkeşlərin müraciəti əsasında da vurub öldürmək olar. Misal üçün, Binəqədi zəhmətkeşləri adından icra hakimiyyətinə teleqram daxil olsa ki, filan jurnalist yalançıdır, tutaq asaq - tut, as! Vəssalam! Qısa, konkret.
Oyun ancaq stadionda olmalıdır. Biz suveren dövlətik.

Bizə qoşulun