Medianews.az
Solidol akademiyanın brendi imiş
558 baxış

Solidol akademiyanın brendi imiş

zamin yeni raz
Nəhayət, təzə təhsil naziri Mikayıl müəllim dərs ilini uzadıb aparıb 14 iyuna çıxartmağı bacardı. Bu münasibətlə bütün zəhmətkeş müəllim, valideyn və uşaq kollektivlərini təbrik edirəm, arzu edirəm onlar uzanıb Barselonaya da gedə bilsinlər.
Böyük ehtimalla Mikayıl müəllim Azərbaycan təhsil tarixində elə bu cahanşümul hərəkəti ilə - dərs ilini uzatması ilə qalacaqdır! Bəs necə, bizdə hər bir məmurun üzərinə düşən əsas dövlətçilik vəzifəsi nəyisə uzatmaqdır. Biri bayraq dirəyini uzadır, o biri bulvarı uzadır, başqası camaatın yetim süfrəsinə əl uzadır...
Hələ bu harasıdır, Mikayıl müəllim nazir vəzifəsində Misir müəllim uzunluqda - yəni 150-300 il qala bilsə bizim dərs ilimiz bəlkə uzanıb sentyabrın 1-nə qədər oldu. İki həftə tətil də bəzi müəllim və bəzi uşaqlara çoxdur. Dahi rəhbər Lenin demişkən, oxumaq, oxumaq, çalıb-oynamaq, klip düzəltmək lazımdır!
Hətta dəli könül deyir ki, kaş Mikayıl müəllim dərs ilini bir dövrə fırladıb dekabra-zada qədər eləsin. Yəni dərs ili sentyabrda başlayıb o biri ilin dekabrına qədər olsun. Bu qədər oxusaq hətta alim olarıq! Akademik Akif müəllim qədər.
Akif müəllim Əlizadə də Azərbaycan Milli Elmlər Akademiyasının təzə prezidentidir. Kim nə deyir desin, güclü idarədir. Şəxsən mən bu saat dünyada 3 elmi idarəyə balet eləyirəm.
Bunlardan birincisi Şamaxı Rəsədxanasıdır ki, Ayın görünməsini, Ramazan və Qurban bayramlarının vaxtını, Mərrix ulduzu altında siğənin vacibliyi kimi elmi məlumatları uca millətimizə bəyan edir. İkincisi bu AMEA-dır, orda da dəyərli alimimiz Rafiq Əliyev İmam Hüseyn haqda məqalələr yazır. Üçüncüsü amerikalıların NASA idarəsidir ki, onu da izləyirəm görüm Şamaxı Rəsədxanası və Rafiq müəllimdən daha hansı elmi araşdırmanı çırpışdırıb Marsa uçmağa istifadə edəcəklər. Bəs necə, axı bütün dünya paltaryuyan maşını bizim Lütfi Zadənin hesabına düzəldib! Ona qədər vannada, bulaq başında, arxın qırağında yuyurmuşlar. Getsin o günlər gəlməsin, ilahi, amin! Ya İmam Hüseyn, sən özün Rafiq müəllimə kömək ol, Nobel alsın!
Vanna demişkən, Arximed də azərbaycanlı olub, əsl adı Hindarxlı Əhməddir. Bu haqda növbəti yazılarımda, indi isə sizə Akif müəllimin təzə işindən bəhs edim.
AzərTAc xəbər verir ki, AMEA prezidenti Akif müəllim bir dəstə alimlə birgə akademiyanın Təcrübə-Sənaye Zavodunda olub, burada aparılan təmir və yenidənqurma işlərinə baxıb. Əhsən! Demək alimlərimizin zavodu da vardır. Əla xəbərdir. Ancaq xəbərin ardı bir az kefimizi pozmuşdur. Sitat: “AMEA-dan AzərTAc-a bildiriblər ki, A.Əlizadə akademiyanın brendi olan ”Solidol", “Niqrol” sürtgü yağları və digər məhsulların istehsal və qablaşdırma prosesi ilə tanış olub. Stendlərdə nümayiş olunan məhsullar haqında danışan akademik A.Əlizadə bu məhsulların elmimiz üçün ciddi bir uğur olduğunu vurğulayıb". Əgər oxudunsa, indi deyim niyə kefim pozuldu.
Məsələ ondadır ki, burda söhbət gedən solidol və niqrol yağları it ilindən istehsal edilir, hətta mənim yadımdadır, uşaq vaxtı kənddə bu solidola əlim bulaşmışdı, yuyurdum getmirdi. Belə zəhlətökən şey idi. Niqrol da ondan betər, qara neft tullantısı fason maddədir. Sürücülər, maşın ustaları bunları yaxşı tanıyır. Üstəlik, solidol və niqrol sürtgü yağları içərisində köhnəlmiş, dəbdən düşmüş sayılır, indi camaat daha yaxşı yağları sürtür. Misal üçün, litol yağını. Bakıda az-maz istifadə edilən də Rusiya solidoludur. Elə bizim sürtgü yağları bazarının zəifliyi üzündən ARDNŞ təzəlikcə bildirib ki, bir-iki ilə “Azneftyağ”ı bağlayacaq.
Bunlar bir yana qalsın, AMEA prezidentinin solidol və niqrolu akademiyanın brendi adlandırması da nəsə təzə xəbərdir. Çünki brend - hansısa malın, məhsulun bazar nişanıdır, hüquqi sənədlə təsdiqlənir. Bəyəm AMEA solidolu öz adına keçirdib? Nə biləsən...
Bizim alimlərin iş prosesində, ictimai-siyasi həyatda sürtkü yağlarına çox ehtiyacları olur, bəlkə də bunu nəzərə alıblar. Amma birdəfəlik “Palmoliv” sabununu AMEA üçün brend eləmək olmazdımı? Solidol gigiyenik baxımdan bir az sağlamlığa ziyandır.
Niqrolun isə yalnız adı qulağa xoş gəlir...

Bizə qoşulun