Medianews.az
Xoşbəxt ölkənin düsturu
484 baxış

Xoşbəxt ölkənin düsturu

zahid yeni razmerABŞ-ın “Cato Institute” Tədqiqat Mərkəzi ən bədbəxt ölkələrin reytinqini açıqlayıb. Suriya, Venesuela, Sudan və İran superbədbəxtlər kimi ilk pillələrdə yer alıb. Bildirilir ki, bədbəxtlik indeksi inflyasiya və işsizlik dərəcəsinə, bir də ki, ümumi daxili məhsulun (ÜDM) əhalinin hər nəfərinə düşən həcminə əsasən müəyyən edilib.
Siyahıda Azərbaycan 38-ci pillədə qərar tutub. Qonşu Ermənistan 10-cu, Gürcüstan 24-cü, Rusiya isə 47-ci yerləri tutub. Ən xoşbəxt ölkələr isə İsveçrə, Yaponiya, Çin, Tayvan, Cənubi Koreya, Sinqapur, Malayziya və Tailand hesab edilib.
Nə deyək? Siyahıya inansaq, Ermənistan və Gürcüstan bizdən bədbəxt, Rusiya isə daha xoşbəxtdir. Əlbəttə ki, nəticələri subyetktiv hesab edib mübahisə predmetinə çevirmək də olar. Ancaq hədəfimiz bu deyil. Məsələ ondadır ki, sonuncu yerlər (xoşbəxtlər) istisna olmaqla Azərbaycan da kifayət qədər bədbəxt məmləkət hesab edilib.
Azərbaycan isə həqiqətən xoşbəxt ölkə deyil. Sadəcə, “xoşbəxtlərin hamısı bir cür xoşbəxt olduğu halda, bədbəxtlərin hərəsi bir cür bədbəxtdir”. O cümlədən Azərbaycan özəl xüsusiyyətləri ilə bədbəxtlər sırasında fərqlənir. Hərgah, bir təsəllimiz var ki, ABŞ kimi dünya nəhəngi və həqiqi rifah içində olan dövlət də bizim kimi ən xoşbəxt ölkələrin onluğuna düşməyib.
Sarkazm o yana dursun, Azərbaycan doğrudan da xoşbəxt məmləkət sayıla bilməz. Hətta insanları rifahda yaşasaydı belə, yenə sayılmazdı. Zira, Qarabağ dərdimiz var. Dərdli ölkə, dərdli insan isə pulu, malı başından aşsa da, xoşbəxt ola bilməz.
Doğrudur, şəxsi xoşbəxtliyin konkret düsturu, resepti tapılmayıb. Hərgah, klassik bir deyim var ki, “İnsan əgər evdən işə, işdən də evə tələsirsə, xoşbəxtdir”. Yaxud məsumlarımızdan birinin olduqca qiymətli kəlamını azca dəyişsək, belə də yazmaq olar ki, “Xoşbəxt insan hər gün günah etməyən insandır”.
Sözü ona gətiririk ki, xoşbəxtlik və ya bədbəxtlik məfhumu təkcə maddi amillərlə müəyyənləşməz, insan şüurlu yaradılış olduğundan onun mənəvi-ruhani qidaya, qəlbi rahatlığa da ehtiyacı olur. Bəzən hətta mənəvi qida, tutaq ki, azadlıq yanğısı yemək-içməkdən də üstün dəyərə çevrilir və insan az qala hər şeyini onun yolunda qurban verir.
Bu yerdə yada Liviyadakı “ərəb baharı” düşür. İnqilab zamanı əcnəbi jurnalist nümayişçilərin birinə sual eləmişdi ki, “axı liviyalılar heç də pis yaşamır, hər yerdə ucuzluq, bolluq-filandır, bəs niyə Qəzzafini devirmək istəyirsiniz?” Cavab belə olmuşdu ki, “bəli, hər şeyimiz var, ancaq azadlığımız yoxdur...”
Yəni yenə ruh(an)i qida məsələsi. Liviya örnəyi fərdi bədbəxtliyin günün birində ölkənin bədbəxtliyinə çevriləcəyinin nə dərəcədə real olduğunu ortaya qoydu. Başqa sözlə, ölkənin xoşbəxtliyinin “müstəqil xarici siyasət”, “müstəqil dövlətçilik” kimi anlayışlara deyil, müstəsna olaraq fərdin xoşbəxtliyinə bağlı olduğuna, bu kimi amillərin təməlində məhz vətəndaşın xoşbəxtliyinin durduğuna hər hansı şübhə yeri saxlamadı.
Günümüzdə də bənzər nümunələr qədərincədir. Misal üçün, Azərbaycanda onlarla, hətta yüzlərə varlı, imkanlı, yüksək vəzifə tutan şəxsin adını çəkmək olar ki, əslində özlərini bədbəxt sayırlar. Çünki azad deyillər, anormal sistemin girovudurlar, bu üzdən də əksəri şəkərli diabet kimi qorxu-ürküdən qaynaqlanan ağır xəstəliklərin daşıyıcılarıdır...
Bu xüsusda Azərbaycanın yönətimlərinin də ciddiyə alacaqları bəzi para şeylər var. Onların arasında ən önəmlisi, artıq vurğulandığı kimi, fərdlərin zahirdə xoşbəxt, batində isə bədbəxt olması gerçəyidir. Toplum da elə - gerçəkdə o, özünü bədbəxt sana bilər, bunu uzun illər dilə gətirməsə də.
İstənilən ölkənin xoşbəxtlik meyarını öncə bu, amil müəyyən edir - fərdlərin azadlığı. Azad insanların məmləkəti hətta ən yüksək rifaha malik olmasa belə, ən etibarlı və güvənli məmləkətlərdir. Demokratik ABŞ, Avropa ölkələri kimi...

Bizə qoşulun