Medianews.az
Astara bulvarı
572 baxış

Astara bulvarı

zamin yeni raz

“Zümzümənlə şirin-şirin dillən, yağış.Küçələrdə uşaq kimi vellən, yağış!Bunlar keçər, çarpın, səma, köksüm kimi,Ey ildırım, səs ver mənə, səsim kimi!Yağ, ey yağış, fikrim kimi, hissim kimi"

(Mikayıl Müşfiq, “Yağış yağarkən” şeirindən)
Son bir-iki gündə yağışlar Binəqədi rayonunda xüsusilə dözülməz vəziyyət yaratdı. Mən sosial şəbəkələrdə, internetdə fikir verdim: camaat rayonun bərbad yollarını, su basan məhəllələri əsasən “Təmiz Binəqədi” deyə lağa qoyurdu. Bu da onu göstərir ki, xalq yapistlərin boşboğaz layihələrinə inanmır, faydasız olduğunu yaxşı dərk edir. Doğrudan da, axı Binəqədi rayon icra hakimi Xaləddin müəllimin yol qırağına süni təpə, çəmənlik qayırması həmin yolun özünü düzəltməkdən vacib deyil. Bunu anlamaq üçün mütləq Siyavuş Novruzov qədər intellektual olmalısan?
Eyni qayda ilə bu il prezidentin sərəncamı olmuşdu, Gürgan qəsəbəsinin adı dəyişilib nədənsə Gürgən edilmişdi. Nə oldu? Gürgən ağ günə çıxdımı? O qədər inkişaf eləmiş yerdir ki, hətta çoxumuz harda olduğunu bilmirik. Yaxşı haldır əslində - zənn edirsən harasa Sürix, Dublin, Oslo kimi yerdir. Adam az qalır Gürgənə mühacirət eləmək haqda əfv ərizəsi yazsın: “Nə olar, məni Gürgənə köçürdün! Söz verirəm, Zabrata çatanda əyiləcəyəm!”
Dünən internetdə bir foto da gördüm, açığı, çox əsəbləşdim. (Mən nadir hallarda əsəbləşirəm, amma pis əsəbləşirəm, hörmətli oxucular bilirlər, ona görə çalışırlar yazılarımı sakitcə oxusunlar). Yalnız yüksək səviyyədə idiot şəxslər belə iş görə bilərdi. Təsəvvür edin, Astara şəhərinin Xəzər sahili çox gözəl, poetik dildə desək, kəhrəba qumlu bir zolaqdır. İndi yapistlər o qumlu sahilə kənardan yüz tonlarla daş, kəsək, beton daşıyıb qumların üstünü örtürlər. Bu səfeh fəaliyyətin mənası da o imiş ki, Astaraya Bakıdakı kimi bulvar düzəldirlər! Yaxşı, Bakını anladıq - dəniz neft, mazut, nəcis kimi zibillə doludur, bunu hasarlamasan, daşla örtməsən bulvara adam gəlməz, bəs Astaranın o cür təmiz sahilini betonlamaq nə anlam verir? Bəyəm dəniz hamamdır ki, onu kafel-metlaxla örtürsünüz?
Əlbəttə, yeganə təsəlli odur ki, bu idiotizm orda uzun müddət qalmayacaq, onsuz bir gün ana təbiət oyanacaq, Xəzərin suları o bulvarı yuyub cəhənnəmə vasil edəcək, insanlar yenə qumluqda gəzişib dalğaların toxunuşundan həzz alacaqlar. Xaləddin müəllimin “Təmiz Binəqədi” proyekti kimi, Astara bulvarı da o zaman karikatura mövzularından biri olacaq.
Yaxşısı budur gülməli şeylərdən danışaq. Təzəlikcə hökumət saytlarından birində görürəm yazılıbdır: “Azərbaycanda yük avtomobilləri istehsalı 2108-ci ildə indikindən 33 faiz çox olacaqdır”.
Bah. Adam lap fors eləmək istəyir, sanırsan yapistlər ölkəmizdə “Man”, “KAMAZ”, “Ford” zavodu-zad qurublar. Amma xəbərin içini oxuyanda görürsən söhbət təxminən eşşək arabasından gedir. Təsəvvür edin, burdakı 33 faiz artım nəyi nəzərdə tuturmuş: 2014-cü ildə Azərbaycanda 230 ədəd yük avtomobili istehsalı planlaşdırılıb, 2018-də isə maşın sayını 305-ə qaldıracaqlar!
Müqayisə üçün yalnız bir rəqəm yazacağam, oxuculara da anekdotun mahiyyəti aydın olsun: Belarus dövlətinin təkcə “MAZ” zavodu il ərzində 21 mindən çox avtomobil, 4-5 min qoşqu, 1000-dən çox avtobus buraxır.
Yenə yapistyosunlu kimsə deyər ki, bizi Belarusla müqayisə etməyin, orda istehsal ənənəsi var. Məsələ ondadır ki, bizdə yük avtomobilləri də elə həmin “MAZ”-ın bazasında, Gəncədə yığılır, bu 200-300 maşın da mahiyyətcə bizlik deyil, bütün hissələri ordan-burdan gəlir. Hissələrini alıb yığdıqları avtomobil sayını artıra bilmirlər, 3-5 traktoru xalqın gözünə soxurlar, gəl gör bunlar özü maşın buraxsa neyləyər? Şübhəsiz, xalqı o maşınla ayaqlayarlar.
Sözümün canı odur ki, “Təmiz Binəqədi”, “33 faiz artım”, nə bilim, “Astara bulvarı” kimi anekdotlarla iş düzəlmir. Göydən yağış yağır - bunu unutmayın!
 

Bizə qoşulun