Hörmətli oxucularımızın, zəhmətkeşlərimizin məlumatı vardır: nəqliyyat nazirinin oğlu, biznesmen Anar Məmmədov dünyada tanınan “National Geographic” jurnalını bizim dildə də buraxmağa başlayıbdır, artıq 2 sayı çıxıbdır.
Bizi narahat edən odur ki, Anar müəllimin adı cürbəcür pis işlərdə hallanır, Ziya müəllim yolları pis günə salıb, camaat da avtobusun çölündən yapışıb gedir... Zarafat edirəm, qəti belə narahatçılığımız yoxdur, xüsusən Qəbələdə yeyilən ayıdan və jurnalist Fərahim İlqaroğlunun qarnına, sifətinə dəyən təpiklərdən sonra. Bizi ictimai problem narahat edir.
Məsələ ondadır ki, adının mənası “Milli Coğrafiya” olan bu jurnal hər iki sayında ana yurdumuz haqda mənfi təəssüratlar yaratmaqdadır. Birinci sayın üz qabığında yekə bir dinozavr şəkli vermişdilər, altından da yazılmışdı: “Ye onu, tiranozavr!” Kimi yesin, niyə yesin - bu haqda açıqlama yox idi. Bəlkə yazsaydılar Anar müəllim “Qarant-Holdinq”in xətti ilə dövlət büdcəsi hesabına xaricdən təzə tiranozavtobuslar gətirib, minib gedəcəyik erməniləri Qarabağdan çıxartmağa - xalq sevinərdi. Amma izahat yox idi, elə çıxırdı ki, dinozavr jurnalın oxucularını, sevgili millətimizi və uca xalqımızı yeməyə təşviq edilir. Bu bizə yaraşarmı? Analoqu olmayan iqtisadi inkişaf şəraitində heç kim bizi yeyə bilməz.
İndi ikinci azərbaycandilli nömrənin üz qabığında verilən foto və yazı isə lap çoxmənalıdır. Təsəvvür edin, əcaib və adı-familiyası bilinməyən bir həşərat şəkli verilib, altından da çox yekə, böyük ehtimalla hətta İrəvandan görünən hərflərlə (düşmən dəyirmanına su tökürlər) yazılıb: “Gerçək zombilər - diri ölülər haqda”.
Jurnal bununla nə demək fikrindədir? Zombi kimdir, diri ölü nədir? Bu jurnalı oxuyan xalqımız pessimizmə yuvarlanar. O cümlədən, xaricilər, şəhərimizin nəğməli qonaqları elə zənn edərlər ki, Azərbaycanın milli coğrafiyası pis-pis heyvanlarla, qorxunc dinozavrlar, zombilər, həşəratlarla zəngindir. Əgər sən düz adamsansa, nə üçün jurnalın üz qabığına Ana Kürün, Dəlidağın, Qobustanın, sevimli Bakımızın, gülərüzlü Şəkimizin, su basan səkimizin, dama qoyduğumuz su bakımızın, elə bayaq bəhs elədiyim avtobusun çölündə gedən atletik bədənli, cəsur gənclərimizin şəklini qoymursan?
Zombilərin sənə hansı xeyri dəyibdir, Anar müəllim? Nə üçün onları bu qədər təbliğ edirsən?
Hələ bu adam Amerika ilə nəsə dostluq təşkilatı qayırmışdır, mən biləni tez-tez Vaşinqtonda qonaqlıq verir. (Bakıda avtobusa 20 qəpik verəndə bilin ki, bununla hansısa konqresmeni maliyyələşdiririk. Dal qapıdan düşənlər qabağa gəlsin, heç kim dovşan kimi qaçmasın). Böyük ehtimalla həmin qonaqlıqlara bu jurnaldan da aparır, respublikamız haqda, yuxarıda qeyd elədiyim kimi, mənfi təsəvvürlər oyadır. Mən dövlət rəhbərliyinin yerində olsaydım (xoşum gəlir bu ifadə tərzindən) Anar Məmmədovu işdən çıxardardım.
Dinozavrdan söz düşmüşkən, metronun təzə rəisi Zaur müəllim Hüseynovun da fəaliyyəti milli coğrafiya jurnalımızda yaxşı işıqlandırılmalıdır. Bundan qabaqkı rəis Tağı müəllim xalqımızın yadında daha çox “əəə, bir-bir”, “nə dızıldaşırsınız”, “burcutma” kimi sözlərlə qalmışdı, Zaur müəllim isə metro xətlərini boyamaqla məşğuldur. Deyir hazırda bənövşəyi xətti qayırırıq, ümumən Bakı metrosunda göy, sarı, mavi, yaşıl, qara, ağ, çəhrayı kimi xəttlər olacaqdır. Ondan sonra sarımtıl, qarayaçalan, göyümtül, badımcani, lacivərdi və sairə rənglərdə xəttlər olacaq. Elə bil zalım oğlu rəssam Van Qoqdur. Bir balaca stansiyanı açana qədər 5 il əlləşirlər, heç ondan danışmır. “Avtovağzal” stansiyasını tikib qurtara bilmir, deyir Ağdama yaşıl metro çəkəcəyik.
Arzu edək “Milli Coğrafiya” jurnalımızın növbəti sayı metrodakı əcaib varlıqlara - vaqonların qapısı ağzında dayanıb düşənlərə imkan verməyən heyvanlara həsr olunsun.
