Medianews.az
Bir cümlənin badına getmək...
439 baxış

Bir cümlənin badına getmək...

xalid kazimli kose 1
24 il öncə xalqımız məcburiyyətdən ayağa qalxıb əvvəlcə Qarabağ, sonra da müstəqillik, azadlıq və demokratiya uğrunda hərəkata başlayanda, çox keçmədən leksikonumuza yeni bir termin daxil oldu: “siyasi məhbuslar”.
İlk siyasi məhbusların mühakimə olunduğu maddələr o vaxtkı Cinayət Məcəlləsində ağ kağız üzərində qara şriftlərlə aydınca basılmışdı: “antisovet təbliğat”, “millətlərarası nifaqı qızışdırmaq”, “dövlət quruluşunu dəyişdirməyə çağırış” və sair və ilaxır.
O vaxt həbs edilənləri sırf bu cür hərəkətlərinə görə, həm də elə bu maddələrlə həbs etmişdilər. Hər şey ortadaydı, həbs edənlər də, edilənlər də bilirdilər ki, həbs siyasi motivlərlə həyata keçirilib.
İlk siyasi dustaqların bir çoxunun bəxti gətirdi. Onlar içəridən qəhrəman kimi çıxdılar, heç kəs onları aparıb heykələ baş əydirmədi. Az müddət sonra onların bir neçəsi deputat oldu, böyük status qazandılar, yüksək vəzifələrə gəldilər.
1993-cü ildə baş verən iyun qiyamından sonra məhbəsə atılan siyasi dustaqların maddəsi də aşağı-yuxarı, sırf siyasi xarakterliydi. Onlara qarşı əsasən səlahiyyət həddini aşmaq, qulluq səlahiyyətlərindən sui-istifadə etməklə bağlı maddələr irəli sürülmüşdü, əslində isə tərsinə olmalıydı: səlahiyyətlərindən və qulluq mövqelərindən istifadə etməmək, hərəkətsizlik və s.
Bununla belə, bu dalğadan olan siyasi məhbuslar da içəridən açıq alınla çıxdılar, cəmiyyət tərəfindən müsbət obrazda qəbul edildilər.
2003-cü ilin seçki dustaqları da bənzər maddələrlə cəzalandırıldılar. Onların ittiham olunduğu maddələrə baxanda siyasi motiv göz önündəydi, ittihamların quramalığı isə göz deşirdi. Onlar da içəridən baş əymədən çıxdılar.
Sonrakı nəsil siyasi dustaqların işi isə çətin oldu. Onların maddələri də fərqliydi, türmədəki güzəranları da, içəridən çıxmaları üçün onlara qarşı irəli sürülən şərtlər, tələblər də. Hətta cəmiyyətin onların bir xeylisini qəbul etmək tövrü də fərqlidir artıq. Hər içəridən çıxan siyasi məhbus qəhrəman hesab edilmir.
Son 7-8 ildə isə artıq siyasi fəalları sırf cinayət maddələri ilə tuturlar – müxtəlif torbalar tikərək. Birini dava-dalaşa qarışmaq üstə, başqasını xuliqanlıq adıyla, bir ayrısını narkotik maddə şəriylə və s.
Ən yayğın “siyasi ittiham” elə narkotik maddələrlə bağlıdır. Heç nə olmayanda buna əl atırlar. Silaha görə tutulanlar da var, vergidən yayınmaya görə həbs edilənlər də. Son bir il də “şpionaj”a görə ittiham olunanlara rast gəlinir.
O vaxt şair Mirzə Sakit 9 qram heroin üstündə tutulanda hamı bilirdi ki, heroin-meroin boş söhbətdir, şairi başqa şey üstdə tutublar. O başqa şey heç də “siyasi fəaliyyət” deyildi, şairin qoruq-qaytaq tanımayan şeirləri idi. Satirik şair öz misralarıyla qırmızı xətti keçmişdi, ona görə həbs olunmuşdu.
Eynulla Fətullayevin həbsinin və dörd il boyunca israrla məhbəsdə saxlanılmasının əsl motivləri də bəlli idi. O da qırmızı xətti keçmişdi – həm də çalın-çarpaz, bir neçə yerdən.
İlqar Məmmədov əslində parlament haqqında dediyi sözün cəzasını çəkir – İsmayıllı səfəri bəhanədir. Tofiq Yaqublu və Yadigar Sadıqlı aktiv siyasi fəalliyyətin əzabkeşləridir.
Hazırda məhbəsdəki siyasi dustaqların əksəriyyəti tamam başqa, qeyri-siyasi maddələrlə həbsə alınıblar. Bununla yanaşı, əksəriyyət əmindir ki, bu şəxslərin həbsində siyasi motivlər başlıca rol oynayıb.
Fəqət onların siyasi dustaq kimi seçilməsinin də xüsusi səbəbləri olmamış deyil. Çünki ölkədə siyasi fəaliyyətlə məşğul olan on minlərlə adam var və onların heç hamısı həbs edilmir.
Hiss olunur ki, hər kəsi sosial və peşəkar media üzərindən nəzarətdə saxlayan, hər bir müxalifət fəalını izləyən hökumət orqanları vaxtaşırı olaraq cızıqdan çıxanları, xətti keçənləri, irəli çıxıb fərqlənmək istəyənləri heç bir kompleks keçirmədən məhbəsə atmaqla məsələni “həll edir”. Hakimiyyət siyasi məhbuslarının sayının artıb əndazəni aşacağından çəknmir.
Bu zaman təbii ki, həbs olunanların “əsl günah”ını sənədləşdirmirlər. Zatən, onları sənədləşdirmək mümkün də deyil. Necə sənədləşdirsinlər ki, adam hansısa statusunda toxunulmaz elan edilmiş şəxslərin adını hallandırıb.
Ona görə də siyasi fəallar, xüsusilə də gənclər sosial şəbəkədə nəsə yazarkən ehtiyatlı, məsuliyyətli olmalıdırlar. Heç kəs arxayın olmasın ki, onlar kriminal bir hərəkət etməyiblər və heç kim onlara bir şey edə bilməz. İndiki halda bir cümlə belə adamın yolunu xoşagəlməz yerlərə salır və ordan heç də hamı dik başla, vüqarla çıxa bilmir.

Bizə qoşulun