Medianews.az
Medovixalı ziyafət və aeroportdakı “Sarı gəlin”
645 baxış

Medovixalı ziyafət və aeroportdakı “Sarı gəlin”

samir sari kose 1Dneprin sol sahilindəki meşəlikdə, düz çayın kənarında, köhnə rus komalarının beş dəfə böyük variantına oxşayan bir komada yeddi həmyerliydik - Arif, Ələsgər, Nicat, Elçin, Niyaz, Ruslan və mən. Ziyafət idi. Arif Aydından başqa hamımız jurnalist idik. Adları çəkilən şəxslərin hamısı, belə deyək, qəzetçiydi (saytçı demək olmur hələlik).
Məkan çox gözəl idi. Buralara bizdən çox-çox əvvəl bələd olan və xüsusi olaraq bizimlə görüşmək üçün Odessadan gələn Arif danışırdı ki, buranın ən ləzzətli vaxtı yaydır, amma qışda lap füsunkar olur: Dnepr donur, camaat buzun üstünə çıxır, deşib balıq tuturlar, sən də odun sobasının qırağında, isti “izbuşka”da oturub yeyib-içə-içə onlara baxırsan, ləzzət edir.
Əslində Kiyevdə “Dneprin sol sahili” kimi tanınan yer heç payızda da pis deyildi. Meşə başdan-başa xəzəl idi, çay da sakit-sakit axırdı. Arif dedi ki, oturduğumuz izbuşka-restoranın (adı pişiklə bağlı bir şey idi) sahibi özü müəssisənin önündə ayaqüstə iri şəkli qoyulmuş, təhər-töhründən kazak bahadırlarına oxşayan kişidir və  o həm də müştərilərinə taksi xidməti göstərir, gəlmək istəyən olanda gedib Kiyevdən götürüb gəlir, içkili adamları evlərinə daşıyır və sair.
Süfrədə yeyə biləcəyimiz qədər, hətta azərbaycanlı qastronomiyasına uyğun olaraq ikiqat artıqlaması ilə yemək vardı. Amma “daha bəsdir” demək olmurdu, elə çıxacaqdı ki, bizə ziyafət verən Arifin büdcəsinə şübhə edirik.
Spirtli içki adına medovixa deyilən bir özçəkim (lap selfi sözünə oxşadı) arağı təklif olunurdu və meyli çəkənlər bu bal arağından qurtum-qurtum içir, maraqlı söhbətlər edirdilər.
Arif medovixa ilə bağlı bir əhvalat danışdı, amma bu hadisə lətifəyə də oxşayır. Qardaşımız nəql etdi ki, bir gün Türkiyədən iki AKP-li millət vəkili Odessaya gəlir, nəsə bir iş görəcəklərmiş. Biirnci ziyafət zamanı Arifin dostu qonaq deputatlara medovixa təklif edir, ancaq onlar “abi, biz içmirik, içki haramdır” deyirlər. Arifin dostu söz verir ki, baxarsan, onları mütləq içirdəcək. Sonra ziyafətə qadınlar dəvət olunur, xoş tanışlıqlar başlayır və kompaniya qərara alır ki, ertəsi gün daha bir ziyafətə toplaşsınlar. Ertəsi gün hamı masa arxasında oturanda məlum olur ki, dünənki sarışın xanımlar yoxdur, deputatlar səbəbini soruşur. Arifin dostu cavab verir ki, onlar sizi bəyənmədilər, dedilər, medovixa içməyən kişilərlə bir məclisdə otura bilməzlər. Bu zaman vəkillərdən biri deyir, kardeş, o medovixa nasıl bir şey. Arifin dostu deyir, bal arağıdır, baldan çəkilir. Bu zaman o biri deputat da deyir, ya abi, çağırın hatunları gəlsin, bal arağı o kadar haram sayılmaz, içəriz...
Bu cür məzəli söhbətlər etdiyimiz yerdə qəfildən Arif dedi ki, sizi aeroportdan özüm yola salacam və Mengilə xanımı çağıracağam, gəlib sizin üçün “Sarı gəlin” oxusun.
Ziyafət yekunlaşdı, mikroavtobusla Kiyevə gedəndə yolda Nicat öz yaradıcılığından gözəl bir şeir dedi, alqışladıq.
Çamadanlarımızı qablayıb aeroporta yola düşdük, yolda Arif bizdən ayrıldı.
İlk baryeri keçib aeroportun içinə daxil olanda Arifdən zəng gəldi ki, gözləyin, Mengilə ilə gəlirəm. Amma o, bir az gecikdi, bizim də uçuş vaxtımıza az qalırdı. Bir də gördük, özü Şvartsnegger boyda olan Arif yanında miniatür biçimli bir türkmən qızı ilə gəlir. Ləngitmədən “Sarı gəlin”in ifasına başladıq. Qız mənim yanımdaydı və mahnıya o qədər pəsdən başladı ki, əvvəlcə elə bildim, oxuya bilməyəcək. Ona görə də dostlara işarə etdim ki, biz də qoşulaq, mızıldanaq, xor əmələ gəlsin. Ancaq qəfildən bu balaca qızdan necə bir şaqraq səs çıxdısa həndəvərimizdəki bütün əcnəbi sərnişinlər, aeroport işçiləri ətrafımıza yığıldılar. Məngilə bu mahnını Sami Yusif qədər gözəl, hətta ondan da yaxşı oxudu. Bitirəndə yaxın masadakı ingilislər (bəlkə də hollandlar) əl çaldılar. Mən də dedim, halaldır, Məngilə, gəl, əmi sən maç eləsin. O da razılıq verdi, əmisi Məngiləni maç elədi və bir də gördüm ki, bir sənət, musiqi aşiqinin ifaçıya minnətdarlığını əks etdirən bu saf, səmimi hərəkəti lentə aldılar.
İndi həmin video yayılmamış qeyd edim ki, Məngilə qəşəng bacıdır, yaxşı sənətçidir, öz ulusumuzun qızıdır, onu maç eləmək haram sayılmaz (yəni o videodan komromat olmaz).

Bizə qoşulun