Medianews.az
Dövlət üçün Dilqəm-Şahbaz sınağı
419 baxış

Dövlət üçün Dilqəm-Şahbaz sınağı

zahid yeni razmerAzərbaycan ərazisində işğalçı qüvvələrin girov götürdüyü iki həmvətənimiz - Şahbaz Qulyev və Dilqəm Əsgərov üzərində qondarma məhkəmə prosesi başlayır. Erməni tərəfinin diversant kimi təqdim etdiyi soydaşlarımız olduqca ağır maddələr üzrə - casusluqda, qətldə, “sərhədi qanunsuz keçmək”də ittiham olunurlar.
Birinci absurd odur ki, “məhkəmə” Xankəndində - Azərbaycanın hüquqi ərazisi sayılan şəhərdə keçiriləcək. Beynəlxalq hüquqa, insan haqlarına ən böyük həqarət də zatən, budur - dünya birliyinin tanımadığı saxta qurum dünya birliyinin tanıdığı dövlətin vətəndaşlarını elə onun öz qanuni ərazisində “sərhədi qanunsuz keçmə” və başqa ağır ittihamlarla mühakimə etməyə hazırlaşır. Halbuki Dilqəmlə Şahbazın saxlandığı rayon saxta “DQR”in ərazisinə belə daxil deyil.
Ancaq nə olsun, əlimiz bu quldur-reket birləşmələrinə hələ ki çatmır. Ərazimizə soxulan işğalçı qruplaşma iki günahsız vətəndaşımız üzərində öz “qanunları” əsasında uydurma mühakimə təşkil eləmək istəyir. Bu, təbii ki, məhkəmə deyil, əksinə, məhkəmə adına, hüququn özünə həqarətdir, lap dəqiqi, haqq-hesab çəkməkdir, Azərbaycan torpaqlarında azərbaycanlılar üzərində, Azərbaycanda Azərbaycan üzərində, tanınmayan bir qurumun BMT üzvü, tanınan bir dövlət üzərində məhkəmə qurmasıdır.
Təbii ki, həm də siyasi məsələdir. Separatçı rejimin öz varlığını bu yolla dünyaya tanıtmağın, guya bölgədə daha bir erməni dövlətinin baş tutduğunu nümayiş etdirməyin növbəti cəhdidir. Bu üzdən erməni tərəfinin “proses”i maksimum uzadacağı və ondan özünü reklam üçün yararlanacağı şübhə doğurmur. O da qətiyyən istisna deyil ki, “məhkəmə”dən sonra separatçı rejim soydaşlarımızla bağlı rəsmi Bakını məhz Xankəndinə müraciətə vadar eləməklə presedent yaratmağa, Azərbaycanı fakt qarşısında qoymağa ümid edir.
Amma mümkünmü? Saxta qurumun, dünya birliyinin tanımadığı bir “dövlət”in çıxardığı məhkəmə hökmü də qeyri-legitim sayılacaq və tanınmayacaq. Belə bir rejimlə hüquqi yazışma, üstəlik, ona xahiş-minnətdə bulunma onu tanımağa bərabər olardı. Azərbaycan məsələnin məhz bu tərəfindən - legitimlik amilindən möhkəm yapışıb indidən prosesi pozmağa, yaxud dayandırmağa çalışmalıdır.
Vasitələr müxtəlif ola bilər: 1. Məsələ ciddi şəkildə Minsk Qrupu həmsədrləri qarşısında qoyula bilər. 2. İşin Avropa Məhkəməsinə verilməsinə çalışıla bilər. 3. Sərt tələblər irəli sürülə bilər ki, əgər öz ölkəsində, öz doğmalarının məzarlarını ziyarətə gedərkən saxlanılan və işgəncələrə məruz qalan, biri öldürülən, yerdə qalan iki azərbaycanlı üzərində isə başlayacaq qondarma və qeyri-legitim proses dayandırılmasa Ermənistanla, onun prezidenti ilə hər hansı danışıq aparılmayacaq. O sırada Serj Sərkisyanla bu ayın axırı Parisdə nəzərdə tutulan görüşdən imtina da oluna bilər. 4. Şahbaz Quliyevin Rusiya vətəndaşı olduğunu nəzərə alıb məsləyə Rusiyanın fəal müdaxiləsinə nail oluna bilər və s.
Azərbaycan dövləti bütün mümkün vasitələrlə qətiyyət göstərib münaqişə tarixində üzləşdiyi ilk belə yuridik sınaqdan qalib kimi çıxmağı bacarmalıdır. Çünki bu, ondan ötrü öncəliklə nüfuz və prinsip məsələsidir. Azərbaycan gerçəksən də bölgənin ən qüdrətli, favorit dövlətidirsə, o zaman tezliklə öz vətəndaşlarına sahib çıxmağı bacarmalı, real nəticəyə nail olmalıdır.
Hər şey qırağa dursun, axı söhbət erməni girovluğunda olan iki azərbaycanlının taleyindən, onların yolunu gözləyən insanların üzüntülərindən gedir. Separatçı rejimin incə şəkildə düşünülmüş bu məkrli məhkəmə tamaşası, özbaşınalığı hər vəchlə durdurulmalıdır.
Azərbaycanın buna siyasi-diplomatik potensialı çatar. Necə ki, Xankəndindəki Xocalı aeroportu məsələsində erməni tərəfinin arzusu gözündə qoyuldu, necə ki, Ramil Səfərov məsələsində dövlət öz əzmini göstərdi, Dilqəm-Şahbaz sınağından da o, üzü-ağ çıxmalıdır. Vaxt gedir.

Bizə qoşulun