Medianews.az
Cahillikdən qatilliyə
458 baxış

Cahillikdən qatilliyə

xalid kazimli kose 1
Goranboyda baş verən məşum, faciəvi, tükürpədən qətlin təfərrüatları açıldıqca görürsən ki, bu, adi psixopatın törətdiyi qətl deyil. Bu hadisənin mayasında cəhalət, nadanlıq, gerizəkalılıq durur.
Qorxunc qatilin birinci arvadını döyüb boşaması onun psixi pozğunluğuna, aqressivliyinə işarədirsə, ikinci arvadını adi bir şeyə, öz doğma əmisi oğlu ilə mehriban görüşməsinə görə döyməsi artıq həm də onun arxaik dünyagörüşündən xəbər verir.
Nə baş verib? Uzun müddətdən bəri görüşməyən, başqa şəhərlərdə yaşayan əmioğlu və qatilin həyat yoldaşı olan əmiqızı toyda görüşüb, qardaş-bacı kimi öpüşüblər və bu mənzərə qatilin beyninin qurdlarını tərpədib.
Dinəndə şimaldakı qonşularımızı, avropalıları bəyənmirik, namus-qeyrət məsələsindəki baxışlarına üstdən aşağı baxırıq, “qey” və “qeyrətsiz” adlandırırıq, amma onlar əmiqızına, xalaqızına, dayıqızına seksual nəzərlərlə baxmırlar (maniakal istisnalar nəzərə alınmır), bir-birilə sevgili olmur, evlənmirlər, bir-birinə “qardaş”, “bacı” (“dvoyurodnaya sestra”, “dvoyurodnıq brat”, “kuzen”) deyirlər. Bədii ədəbiyyat nümunələrindən və tarixə aid kitablardan bildiyimizə görə, çox əvvəllər Avropada da “kuzen”lər arasında nikahlar olub, amma onlar inkişaf etdikcə zamanla bundan imtina ediblər, anlayıblar ki, kuzenlər qardaş-bacı deməkdir.
Bu xüsusda biz hələ Şərq cəhalətinin caynağındayıq, qəbilə təfəkküründə qalmaqdayıq. Yaxın qan qohumlarının nikahı kütləvi şəkildədir. Xüsusilə də əyalətlərdə əmisioğluna getmək istəyən qızlar ciddi qınaq altındadır. Bu cəhaləti əsaslandırmaq üçün insanlar müqəddəs kitablara, “elimizin adət-ənənəsi”nə tez-tez istinad edirlər, “əmioğlu ilə əmiqızının kəbini göydə kəsilib” deyə arxaik bir fikir işlədirlər.
Goranboylu qatilin də beyninə həkk olunub ki, əmioğlu qardaş deyil, yaddır və o, bunun həyat yoldaşıyla görüşürsə, demək, ortada hansısa seksual bağlılıq var.
Halbuki toyda bir-biriylə bu cür görüşən qohumların arasında o cür bağlılıqların olması ehtimalı sıfır civarındadır (Yenə də nadir istisnalar ola bilər).
Son illər “mənim yoldaşım (nişanlım) heç öz qardaşı ilə də öpüşüb-görüşə bilməz” deyən qeyrət dağarcıqlarının sayı artıb. Və onlar həm özlərinə, həm də yaxınlarının həyatına, azadlığına təhlükə törədir, tez-tez qanlı hadisələrə səbəb olurlar.
Qonşu Türkiyədə də belədir. İranda daha betərdir.
Yeri gəlmişkən, hələ 20 il öncə bizim bir tanışımızın başına İranda belə bir hadisə gəlmişdi. O, Tehranın küçəsində gedərkən birdən doğma əmisiqızı qarşısına çıxır. Qız Bakıda, oğlan isə rayonda yaşayırlar və həmişə bir-birinə qonaq gedəndə mehriban görüşürlər deyə, vətəndən uzaq bir şəhərdə də təsadüfən rastlaşdıqları zaman ölkənin qayda-qanunlarına fikir vermədən görüşülər. Dərhal İran sərbazları onları yaxalayır, aparıb zindana salırlar ki, bəs günah iş görmüsünüz. Ali təhsilli, dünyagörüşlü olan oğlan səs-küy salır, onları saxlayanlara deyir ki, siz başa düşmürsünüz ki, bu qız mənim bacımdır, bir ailədə böyümüşük, bu da bizim sənədlərimiz. İranlı hüquq-mühafizə, din, namus, qeyrət keşikçiləri deyirlər, yox, əmioğlu və əmiqızı bu cür görüşə bilməz. Uzun söhbətdən sonra onların xarici ölkə vətəndaşı olduğunu nəzərə alaraq buraxırlar və mehriban kuzenlər dərhal Astaraya gəlirlər.
Bu təfəkkür tərzi yavaş-yavaş buralarda da yayılmaqdadır. Ən yaxın qohumlara seksual nəzərlərlə baxmaq, evlənmək kimi arxaik bir qəbilə ənənəsi heç cür sıradan çıxmır, əksinə, daha da genişlənir. Müasir tibb elmi belə nikahların zərərlərini çoxdan sübut edib və bu xüsusda təbliğat materialları çox yayılsa da, xeyri yoxdur.
Folklorumuz belə insest hadisələrinə haqq qazandırır. Toylarda 50 ildən bəridir dəbdən düşməyən uyğun səpkili mahnılar çaldırırlar: “Mən sənə aşiq olmuşam, əmiqızı”, “Oyna, ay xalamqızı”, “Səkinə dayqızı, lay-lay” və s. Bu mahnıların sədaları altında oynayanlar öz yaxın qohumlarından kiməsə (mahnı seçimindən aydındır kimə) mesaj verirlər və onları alıb arvad etməyə çalışırlar.
Goranboylu qatilin tüfəng və qumbara işlətməklə 7 adam öldürməsi hadisəsi bu cür arxaik təfəkkür tərzinin doğurduğu cinayətdir.

Bizə qoşulun