Medianews.az
100 gün gözləyək!
427 baxış

100 gün gözləyək!

zahid yeni razmerHiss olunur ki, hansısa gizli əl, gözəgörünməz qüvvə Müsavatın son qurultayı ətrafında süni ajiotaj yaratmağa, xırda-para narazılıqları körükləməyə çalışır. Məqsəd seçkilərin legitimliyini şübhə altına alıb partiyanın imicinə xələl gətirmək, onun guya demokratik təşkilat olmadığı barədə, “əşi, Müsavat da seçkiləri saxtalaşdırır” kimi rəylər formalaşdırmaq, nəhayət, İsa Qəmbərin hakimiyyətə və cəmiyyətə təqdim elədiyi örnəyin əhəmiyyətini azaltmaqdır təbii ki.  
Əfsus ki, müəyyən dairələrin saqqız kimi uzatdığı dedi-qodulara bəzi müsavatçılar da qoşulur. Halbuki başqanlıq seçkiləri xırda-para qüsurlara rəğmən azad və ədalətli keçib. Bunu dərhal Arif Hacılının rəqibləri də etiraf ediblər, başqaları da. Görünür, bu etiraflar kifayət deyilmiş. Və belə görünür, kimlərsə Müsavatın irəli yox, geri baxmasında, təşkilat daxili intriqalardan başının ayılmamasında və zəifləməsində maraqlıdır. Bu yerdə şəxsən mən həmişə obyektivliyi ilə tanınan Hikmət Hacızadənin seçkiyə verdiyi qiymət ən mötəbər sayıram. Sitat: “Bu, Azərbaycanın ictimai həyatı üçün böyük hadisədir. Seçki şəffaf, düzgün, alternativli, plüralistik və rəqabətli keçdi. Buna görə qürur duyuram. Seçki qurtarıb. İndi hamı bir olub partiyanın işində iştirak eləməlidir. Etirazlara gəlincə, ola bilsin pozuntular baş verib, onları obyektiv araşdırmaq lazımdır”.  Xatırladaq ki, Hikmət bəy Qubad İbadoğluna dəstək verib. Di gəl, “legitimlik” mübahisələri yenə də davam edir...
***
Müsavatı rəqib qismində görən qüvvələr əlbəttə ki, təkcə hakimiyyət düşərgəsində deyil. Müxalifətdəki müxalifət də zaman-zaman Rəsulzadə partiyasının ayağının altını eşib. Bu proses başqan dəyişikliyindən, İsa Qəmbərin partiya rəhbəri vəzifəsindən getməsindən sonra yəqin ki, bir az da güclənəcək. Deməli, yeni başqanın işi sələfindən qat-qat çox və gərgin olacaq. Təzə başqan eyni zamanda partiya üzvlərinin yarıdan çoxunun ona boşuna etimad göstərmədiyini, İsa Qəmbərin layiqli davamçısı olduğunu əməldə sübut eləməlidir. Başqan olmaq sözsüz ki, üstünlük demək deyil, əksinə, yaşadığımız ziddiyyətli bir dövrdə əlavə məsuliyyətdir. Belədirsə, təzə rəhbər indiyədək istifadə eləmədiyi potensialı da işə salmaq zorundadır. Üstəgəl, çevik və işlək bir komandanın zəruriliyi, partiyanın monolitliyi naminə ali seçkili orqanlarda strateji məsələlərlə bağlı konsensusun təmin edilməsi də onun missiyasına daxildir. Bu işdə yeni başqana onun legitimliyini tanıyan bütün müsavatçılar kömək göstərməyə borcludur.
“Su qaba düşdü, oldu içməli” - deyiblər. İndi hamı 27 sentyabrdan sonrakı reallığı ciddiyə alıb da ona köməkçi olmalıdır. Ən azı o səbəbə ki, Müsavatın əsas hədəfi hakimiyyəti dəyişməkdir, başqanı yox... Bir daha vurğulayaq: hər bir siyasi partiyanın əsas məqsədi seçki yolu ilə iqtidara gəlməkdir. Azərbaycan reallığında indi bu, az qala fantastik görünür. Çünki ölkədəki sərt avtoritar idarəçilik hakimiyyəti dinc yolla təhvil vermək bir yana, adicə yad fikirliliyi də həzm edə bilmir, bələdiyyələrin belə müxalifətə keçməsindən ehtiyatlanır.
Azərbaycanda bu cür şərtlər altında müxalifətçilik əslində dissidentlikdir. Arif Hacılıya bu mənada qibtə eləməyə, həsəd aparmağa dəymir. Yəni bu, doğrudan da qələbə deyil, olsa-olsa olduqca qəliz və riskli bir zəmanədə Müsavat adlı gəminin “sükançı”sının dəyişdirilməsidir. Odur ki, 100 gün gözləyək: təhvil-təslimin düzgün olub-olmadığı onda bilinəcək. Ancaq əlahəzrət zamanın şərtləri diktə edir ki, Arif Hacılının yanında bir ehtiyat “sükançı” da olsun. Həmin şəxs Qubad bəy olarsa, çox pakizə. Niyə də olmasın? Müsavata da, “sükançı”lara da uğurlar!

Bizə qoşulun