Medianews.az
Bildirçin kababı
615 baxış

Bildirçin kababı

samir sari kose 1
Bildirçin kababı süfrədə qaldı, əl uzadan, dişinə çəkən olmadı. Elə o biri təamların (toyuq soyutması, kələpur, toyuq kababı, kolbasalar, balıq soyutması, yağ-bal, pendir, salatlar və s.) da daha çox hissəsi süfrənin üstündə tığlanıb durdu. Toy sahibi isə vaxtaşırı yanımıza gəlir, nəyinsə çatışıb-çatışmamasına dair narahatlıqla sorğu-sual edirdi. Bir dəfə o, hətta şadlıq sarayının administratoru ilə birgə gəldi və bizi onlara tapşırdı. Biz masa arxasında on nəfər idik, masanın üzərində isə yetmiş-səksən nəfərin yeməyi vardı. Saat 8 idi, hamımız yeyib-doymuşduq, ofisiantlar isə əllərində sinilərlə dolu məcməyilərlə bir ucdan gəlir, yemək gətirir, qoymağa yer tapmır, üst-üstə yığırdılar.
Amma süfrədə qalmış bildirçin kababının bəxti onda gətirmədi ki, gec gətirdilər, yoxsa delikates sayılan bu təamın tikəsi yerə düşməzdi. Əvvəllər eyni halla “süfrələrimizi şahı” plov üzləşirdi, onu camaatın doymuş vaxtı gətirirdilər, əl vuran olmurdu, eləcə sinilərdə qalıb hayıf olurdu. Heç elə bil, hüzr məclislərində ac insanların iştahla yediyi təam deyildi.
Son 20 ildə formalaşmış toy adətləri dəyişib-nədi, saat 10 oldu, süfrəyə aş gəlmədi. Adətən, gələrdi axı. Həmişə düz saat 10-da, Baykonur kosmodromundan kosmosa buraxılan raketin geri sayımı (5, 4, 3, 2, 1, START!) dəqiqliyi ilə işıqlar söndürülər, gənc ofisiantlar məşəllərlə-filanla, oynaya-oynaya süfrələrə, əsasən də təzə bəy və təzə gəlinin masasına aş gətirər, xələt alıb gedərdilər. Bu dəfə olmadı, saata baxdım, gözlədim, həmin vacib ayin yerinə yetirilmədi. Deyəsən, “aşgətirmə şousu”nu izləməkdən canımız qurtarır. Ancaq nə qədər gənc ofisiant illərlə gözləyir, karyera pilləsində yüksələcəyini, bir gün baş aşgətirən vəzifəsində çalışacağını və təzə bəyin verdiyi xələti (10, 20, 50 manat pul) cibinə qoyacağını xəyal edirdi. Əfsus!
Qayıdaq bildirçin kababına, bu məsələdə bir iş var. Hər gün paytaxtda nə qədər toy olursa, onun hamısında bildirçin kababı verirlər. Bildiyimiz kimi, bu saat mövsümdür, bütün şadlıq saraylarının, yeni dəblə desək, plazaların hamısında toy olur və təbii ki, süfrələrdə bildirçin kababı öz yerini alır. Əcəba, bəs bu qədər çöl quşu haradan ovlanıb gətirilir? Bu qırğınla onların nəsli tükənməzmi?
Adamın gözünün qabağına ölkəmizin yal-yamaclarına dərə-təpələrinə daraşmış minlərlə əli silahlı ovçu gəlir, onların tazı-tulaları toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid olan yazıq bildirçinləri havaya qaldırır, ovçular onları havada vurub salır, toplayır və yüzlərlə restoranın tələbatını ödəmək üçün paytaxta yola salırlar. Amma bu, praktiki olaraq mümkün deyil, nə ölkədə o qədər ovçu var, nə də çöllərdə o qədər bildirçin. Rəsmi informasiyalar da təsdiq edir ki, ağıllı adamlar xüsusi bildirçin broylerləri işlədirlər və toyuqları 25-30 günün içində dava-dərmanla böyüdüb istehlakçılara, türkün sözü, sunduqları kimi, əldəböyümə bildirçinləri də restoranlar vasitəsilə xalqa, rus demişkən, sunut eləyirlər.  Yəni hazırda toylarda yemədiyimiz bildirçin əsl bildirçin deyil, “kitayski” bildirçindir.
Qaban kababı verən restoranlar da bənzər sənaye üsulundan yararlanırlar. Hardadır bu ölkədə o qədər meşə, o qədər qaban, o qədər ovçu? Əvəzində ölkədə çoxlu donuz fermaları var. Amma kababsevərlərə “bu, donuz ətidir” desən, dini motivləri mülahizə edərək yeməyəcəklər, “yaxşı qaban kababımız var” desən, deyəcəklər: “Adama iki şiş qoy”. Yedikləri isə eyni şey olacaq.
Hazırda hökumət yasda ehsan verilməsinə müdaxilələr edir, israfçılığın bütün əndazələri aşdığı toylar isə yaddan çıxıb. Qoy başbilənlər toy edənlərə menyu diktə edən (“Bizə dəxli yoxdur, bu yeməkləri sifariş etsəniz də hər stula görə sizdən 35 (70, 100) manat alacağıq, etməsəniz də” deyərək) plaza sahiblərinə təpinsin, qadağa qoysun və qonağına hansı yeməyi verəcəyini toy sahibinin ixtiyarına buraxsın. Təzyiqi hüzr sahibinə yox, plaza sahibinə etsin.
Yoxsa bildirçin kababları, təmtəraqla gətirilən plovlar hələ əl dəyilməmiş halda süfrənin üstündə çox qalacaq.
 

Bizə qoşulun