Medianews.az
Ərdoğan BDU-nu bağlatdıracaq!
823 baxış

Ərdoğan BDU-nu bağlatdıracaq!

zamin yeni raz
Dedilər Türkiyədən Ərdoğan gəlib, Azərbaycanda xeyli adamın canına vicvicə düşdü. Zarafat bir yana, Anadolunun bu “Nemət Pənahlı”sı keçən dəfə uca millətimizə elə təpik qoyub gedib ki, yerinin qızartısı hələ çəkilməmişdir. Sən təsəvvür elə, o boyda Elnur Aslanov müəllim - hansı ki, başındakı tükün sayı qədər jurnalisti basıb yemişdi - indi prezident aparatında yox, Rabitə Nazirliyində oturur, evdar qadınların telefon danışıqlarını tənzimləməklə məşğuldur. “Aazz, Səbiş, xətdə genə qırıqlıq var, yengənin söhbətini sonra danışaram, qoy bir Elnurikə zəng vurum düzəltsin!”; “Yaxçı, bacılı, Gülüşün 60 yaşında ərə getməyini də  bilirsən də...” Bax belə. Vəziyyət bu cür dramatikdir. Hətta Elnur müəllimi kanalizasiya lyukunun üstündə oturub telefon naqilindən xalça toxuyan yerdə görüblər.
Adı gələndə mollalar təsbeh salan Elşad İsgəndərov isə indi İstanbul aeroportunda ərəblərə araba daşıyır. (Yeri gəlmişkən, “araba” sözü “ərəbə” sözündən yaranıbdır, ərəb gəldisə arabanı düzəlt get, ta burda dirilik olmayacaqdır mənasını verir).
Ən böyük zəlzələ isə “Çağ” liseylərində oldu. Bir günün içində neçə dənə litseyi bağladılar, dedilər hamısı Fətullah müəllimindir, Fətullah müəllimi isə Rəcəb müəllim sevmir. Halbuki cəmi bir il qabaq Fəttah müəllim bu liseylərin yubileyi münasibətiylə alovlu təbrik çıxışı edirdi. İndi sən təsəvvür elə, zəlzələ ocağı nə təhər güclü idisə hətta FHN bir işə yaramadı! Bütün liseylər tülkü daraşmış toyuq-cücə ferması kimi darmadağın, pərən-pərən oldu, elm lələkləri göydə uçuşdu, cücələrin dümbülünü də xüsusi olaraq paketləyib AKP üçün göndərdilər. Ki, hər şey istədiyiniz kimidir, abi. Sən Ceyhan durbasını yaxşı işlət, qalan qor-qoduğa fikir vermə, bizlikdir.
İndi xalqımız tir-tir titrəyir ki, görəsən, Ərdoğan müəllim indi kimin qafasını alıb gedəcəkdir. Keçən dəfəkiləri “nurçular” adıyla basdıq, bu dəfə katolikləri işdən çıxartmaq tələb ediləcəkmi? Yaxud krişnaitləri. Nə biləsən Ərdoğan müəllim nə istəyəcək... Hətta ola bilsin Bakı Dövlət Universitetinin yurfakını bağlamaq tələbi irəli qoydu! Ya da dedi ki, Biləcəriyə iki həftə su verilməsin! Neyləyəcəyik? Heç zad. Batıb-qırılacağıq.
Müstəqil, suveren dövlətçiliyimizdə belə hallar çoxdur. Keçən il Putin müəllim də Bakıya gəldi, ondan sonra Müxalifət Nazirliyinin şefi Rüstəm İbrahimbəyovu işdən çıxartdırdı. Halbuki yazıq Rüstəm bəy kresloya, bəyanat verməyə, Sərdar Cəlaloğlunun suratına, İqbal müəllimin dialoquna, Müsavatın qurultayına, Cəbhənin gurultayına təzə-təzə isinişirdi. Amma namərd oğlu namərd Putin gəldi, Rüstəm bəyin torbasını tikdi, uca millətimizin gələcəyə olan ümidlərini Bakı buxtasında, Bayıl qalasının xarabalıqları altında dəfn edib getdi.
Fransa prezidenti Olland müəllimin səfərindən sonra da “Legion” ordenli Leyla Yunusu və Arif Yunusu tutdular. Sən demə, Olland bizim hörmətli cənab prezidentə deyibmiş: “Mən şəhərdən çıxan kimi ikisinin də başını xıxx!” Əliylə də göstərib necə eləmək lazımdır. Çünki biz humanist dövlətik, belə işləri bacarmarıq. Biz heç Əlcəzairə girmədik ki...
Bilirsinizmi, bunlar hamısı bizim xarici siyasətin gözlə görünən, əllə tutulan, damara işləyən uğurlarıdır. Hələ gizli hissəsi də var, dövlət sirri olduğundan yazmıram. Ancaq birini yaza bilərəm, ta sizsiniz...
İki ay qabaq Nikaraquanın xarici işlər naziri Santos Lopez müəllim Bakıya gəlmişdi. Srağagün isə Xutor dairəsindəki yeraltı keçid açıldı. Sən demə, bunu Lopez bizim hökumətdən kəskin surətdə tələb edibmiş.
Ən qorxulusu isə odur ki, Gürcüstan prezidenti Bakıya gəlsin. Gürcü xəngəlinin qiyməti qalxacaq! Şəxsən mən buna dözməyəcəyəm!

Bizə qoşulun