Medianews.az
Bizi birləşdirən “dəyər”
430 baxış

Bizi birləşdirən “dəyər”

zahid yeni razmer

Biz niyə bu gündəyik? Suala yəqin ki, hərənin (söhbət azərbaycanlılardan gedir) öz cavabı var. Dindirsən, bir qisim müxalifəti günahkar sayacaq, digər qisim yalnız çörək dərdi çəkən toplumu, üçüncü bir kəsim Qərbi və ya Rusiyanı, dördüncüsü isə həlli uzanan Qarabağ məsələsini cümlə dərdlərimizin baiskarı hesab etdiyini dilə gətirəcək. Hətta neft-qazımızı suçlu çıxaranlar tapılacaq. Minimum tən yarısı da bir ünvana barmaq tuşlayacaq - ölkədəki avtoritar idarəçilik.

Gerçək isə yəqin ki, haradasa “qızıl orta”dan keçir və əlbəttə ki, Azərbaycanın öz hüdudları daxilindədir. Yəni günahkar ilk növbədə iqtidarlı, müxalifətli, cəmiyyətli -  özümüzük. Yaxanı kənara çəkməyə heç kəsin haqqı çatmır - nə əzənin, nə də əzilənin. Əgər tilsimli dairədən qurtulmağa, daha rifahlı cəmiyyətə can atmırıqsa, deməli, ona layiqik. Hərgah, düşdüyümüz durumun başqa ciddi, ümumu bir nədəni də mövcuddur - səbəblərin səbəbi deyək buna.
Bu da odur ki, iqtidarlı, müxalifətli, cəmiyyətli biz məğlub ölkənin təbəələriyik və istəsək də, istəməsək də hamımız - zəngini və kasıbı, ziyalısı və sıravisi daxil, içimizdə məğlubiyyət kompleksi daşıyırıq. O cümlədən hakim elita nə qədər özünü güclü sayıb qürurlu göstərsə də, əlahəzrət fakt ondan ibarətdir ki, o da məhz müharibəni uduzan ölkənin hakimiyyətidir.
Bəlkə də elə buna görə iqtidar heç olmasa, daxildə vaxtaşırı “əzələ nümayişi” ilə bu kompleksdən qismən qurtulmağa ümid edir, özünə bu yolla təsəlli tapmağa çalışır, qalib obrazında görünmək istəyir - dəqiq söyləyə bilmərik. Dəqiqi odur ki, məğlubiyyət kompleksindən bütövlükdə xalq olaraq birdəfəlik qurtulmağın tək yolu yalnız budur - 25 ildir evimizə soxulan, evimizdə bardaş quran işğalçını iti qovan kimi qovmaq!
Bundan ötrü isə yenə şablon səslənsə də yazaq ki, milli barış, xalqla hakimiyyətin sarsılmaz vəhdəti labüddür. Varmı belə vəhdət? Əgər xalq hökumətin yas mərasimləri ilə bağlı olduqca praqmatik və faydalı bir qadağasına da isti münasibət bəsləmirsə, ölkədə hələ də sağlam iqtidar-müxalifət münasibətləri formalaşmayıbsa, hesabı özünüz götürün.
Halbuki vəziyyətin rusca olduğu, Putin Rusiyasının müstəqilliyimizə diş qıcadığı, daxildə “5-ci kolon”çuların baş qaldırdığı vaxtda zamanın ölkə siyasi qüvvələrindən, toplumdan tələbi bambaşqadır - umu-küsüləri kənara qoyub Azərbaycan adlı gəmini necə qorumaq barədə düşünmək.
Əfsuslar olsun ki, Azərbaycan iqtidarı 21 illik zaman kəsiyində özü də daxil, xalqı məğlubiyyət kompleksindən xilas edə bilmədi. Bəli, iqtisadiyyatda, xarici siyasətdə, idmanda, səhiyyədə ölkə pis-yaxşı qabağa aparıldı, amma əsas məsələ dəyişməz qalır axı. Görəsən niyə? Cavabı yəqin ki, AXC-nin 1 illik hakimiyyətini hələ də müsavat-cəbhə iqtidarına bağışlamayanlar özləri versə yaxşıdır.
Cavab isə yenə çoxşaxəli olmaqla Rusiyada, İranda, Turanda axtarıla bilər. Amma yüzdə yüz hərlənib-fırlanıb təzədən dediyimiz dəyərin üstünə gələcək: milli vəhdətin olmaması, toplumun yekdilliyinin təmin edilməməsi, çəkici hamılıqla eyni zindana vura bilməməyimiz. Bəs niyə vura bilmirik, nəyə görə bacarmırıq?
Kritik sual da zatən, budur. Məsəl var ki, əgər bulaq gözündən bulanıbsa axar yerdə onun suyunu təmizləməyə girişməyin mənası yoxdur. Bizim bulağımız mənbədən çirklənibsə, o zaman öncəliklə bu problemi yoluna qoymalı, mənbəni arıtlamalıyıq. Ondan ötrü də ölkədə tənqidi mühit, tənqidçi media qalmalı, vətəndaş barışı yönündə heç olmasa, sonuncu körpü saxlanmalıdır. Əks halda, fəlakət (qaçılmaz) olacaq. Fəlakət gələndə isə seçmir.
İndi hamımızı yeganə olaraq bir “dəyər” birləşdirir - məğlubiyyət kompleksi. Birləşdirirmi? Bəlkə heç olmasa, bu “dəyər” ətrafında yığışaq? Azərbaycan naminə.

Bizə qoşulun