15-20 il öncə də siyasi fəalları həbs edirdilər - üçünü bir maddəylə, ikisini başqa maddəylə. İttihamların hamısı uydurma, qondarmaydı.
7-8 il öncə də eyni proses permanent şəkildə gedirdi - fəallıq göstərən, öndə olan partiya aktivlərini ikibir, üçbir müxtəlif ittihamlarla içəri basır, hərəsinə 7-8 il iş verir, ilyarımdan sonra “əfv edirdilər”.
3-4 il əvvəl də eləydi. “Köhnə dəyirman” bir ucdan siyasi məhbus qəbul edir, “hüquq müdafiəçisi” istehsal edirdi.
1-2 il əvvəl isə bir az fərqli oldu: siyasi motivli həbslərin səngiyəcəyini gözlədiyimiz yerdə tutqular daha kütləvi səciyyə aldı: “Nida”çılar, Tofiq Yaqublu, İlqar Məmmədov, Yadigar Sadıqov, Anar Məmmədli, Pərviz Həşimli, Bəşir Süleymanov və başqaları həbs edildi...
Bu il də qara gəldi. Jurnalist Rauf Mirqədirovla başlayan həbs dalğası Leyla və Arif Yunuslarla da yatmadı, Rəsul Cəfərovu da aldı apardı. Bununla paralel Sirac və Fərəc qardaşları dəmir barmaqlıqlar arxasına salındı. İndi də Seymur Həzi...
15 il öncənin həbsləri ilə indinin həbsləri arasında ilk baxışdan o qədər də fərq yoxdur - bütün hallarda həbs olunanlar müxalif fikirli şəxslərdir, ən azı mövcud hakimiyyətin yanında olmayan, ona yarınmayan, işinə yaramayanlardır.
Amma bu həbslər arasında fərqlər də var. 15-20 il öncə siyasi fəalları tez-tez və vaxtaşırı tutsalar da, hüquq müdafiəçilərini, jurnalistləri tutmazdılar.
O vaxtlar jurnalistləri başqa cür cəzalandırardılar: döyərdilər, söyərdilər, məhkəməyə verərdilər, cərimələdərdilər, qorxudardılar, əsgərliyə aparardılar. Amma tutmaz, həbs etməzdilər. Beynəlxalq birlik də, yerli ictimaiyyət də tənqidçi jurnalistlərin həbsinə təhəmmül etmirdi.
Ona görə də sərt tənqidi yazıları ilə iqtidar komandasını təngə gətirmiş, boğaza yığmış “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu həbs etmək üçün ələ düşən ilk fürsətdən yararlanmaq istəyən hakimiyyət ciddi müqavimətlə üzləşdi. Avropanın bütün siyasi, hüquqi üstqurumları ayağa qalxdı, ölkə mətbuatının aparıcı qəzetləri öz nəşrlərini dayandırıb “Ümumi qəzet” buraxdılar. Bu beynəlxalq rezonansın fonunda R.Arifoğlunun məhbəsdə cəmi 45 gün saxladılar.
“Jurnalistləri tutmaq olmaz” stereotipi 8-9 il öncə dağıdıldı. Ard-arda bir neçə jurnalist həbs olundu. Bir ara onların sayı 10-a çatdı.
Əliyev hakimiyyətinin ikinci mərhələsində bir sıra stereotiplər kimi “jurnalistlərə dəymək olmaz”, “beynəlxalq ictimaiyyət siyasi həbsləri qəbul etməz”, “siyasi dustaqlara görə ölkəyə sanksiya tətbiq edilə bilər” kimi illüziyalar da dağılıb getdi.
2003-dən bəri ölkədə siyasi motivli həbslər qat-qat artıb, trivial ifadə ilə desək, dünya birliyi hələ də dözür.
Artıq tutulanların sırasında jurnalistlər, hüquq müdafiəçiləri, hətta vəkillər də var. Dünyanın aparıcı demokratik dövlətlərinin siyasi dairələri, Avropa üstqurumları, beynəlxalq hüquq müdafiə təşkilatları ölkəmizdəki vəziyyətlə bağlı bir neçə ton bəyanat yayıblar - xeyri yoxdur.
Azərbaycan əhalisi də fakt qarşısındadır, Avropa təşkilatları da. Hakimiyyət tənqidçi siyasi rəqiblərini, müxtəlif monitorinqlər apararaq başağrısı verənləri bir-bir azadlıqdan, ictimai-siyasi fəaliyyətdən məhrum edir.
Artıq repressiya dalğası qarşısında immuniteti olan kimsə qalmayıb. Əvvəllər bu imtiyazdan hüquq müdafiəçiləri, jurnalistlər və siyasi liderlər (ana müxalifət partiyalarının birinci şəxsləri) yararlanırdısa, indi yalnız sonuncular qalıb.
Hiss olunur ki, artıq sıra onlara da çatıb. Sabah İsa Qəmbəri, Əli Kərimlini, Mirmahmud Mirəlioğlunu həbs etsələr, bu, artıq heç kəsə təəccüblü görünməyəcək.
Ötən həftənin beşinci günü saxlanılan, ertəsi gün barəsində iki aylıq həbs qərarı çıxarılan jurnalist Seymur Həzinin vaqiəsi göstərir ki, məhbəs qapısı hamı üçün açıqdır.
Həbs edilmək üçün kiminsə cinayət törətməsinə ehtiyac yoxdur. Artıq həbs ediləcək adamı günlərlə izləməyə, həbs planı qurmağa, bəhanə axtarmağa da ehtiyac qalmayıb. Hər kəsi ilk göründüyü yerdə saxlamaq texniki işdir. Uyğun bəhanə, hal şahidləri əl altındadır.
Belə bir dövrana gəlmişik. Heç olmasa siyasi dustaqlar üçün ayrıca türmə yaratsaydılar...
