Medianews.az
“Öz xalqı ilə sıfır problem” siyasəti...
454 baxış

“Öz xalqı ilə sıfır problem” siyasəti...

zahid yeni razmer
Sabah Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə olaraq xalqın seçdiyi prezidentin andiçmə mərasimi keçiriləcək. Yeni prezident Rəcəb Tayyib Ərdoğanın konstitusiya ilə bahəm, müqəddəs Qurana da əl basaraq and içəcəyi gözlənilir.
Bir inanc adamı, modern islamçı kimi andın, üstəlik, müqəddəs kitabımıza əl basılaraq içilən andın hansı anlamda olduğunun kim bilməsə də AKP lideri yəqin ki, yaxşı fərqindədir. Ərdoğan isə nə qədər bişmiş və təcrübəli siyasətçi olsa da, qarşıdakı 5 ildə yeni postda onu olduqca sərt sınaqlar, bənzərsiz imtahanlar gözləyir.
Doğrudur, xalqdan birbaşa mandat almasına rəğmən, hələ ki, onun prezident səlahiyyətləri geniş deyil; yəqin ki, bu da olacaq. İstənilən halda dövlət adından qərarlar onun adından veriləcək, onun adından imzalanacaq. Başqa yandan, Ərdoğanın xarizması sövq-təbii hökumətin mövqeyinə təsir edəcək - bu hökumətin başında bir ildən sonra AKP-çi olsa da, olmasa da...
Yaxın Şərq, Fələstin, İraq, Suriya, İŞİD, islamofobiya, PKK-kürd, Krım-Ukrayna, Qarabağ-qafqazlar, saxta soyqırımın 100 illiyi və Ermənistanla sərhəd, Rusiya, İsrail və Qərblə münasibətlər - bütün bu məsələlər ələlxüsus qarşıdakı bir ildə bütün aktuallığı və kəskinliyi ilə Türkiyə qarşısında duracaq. Onlardan uğurla çıxmaq üçün yeni prezident olduqca çevik və effektli diplomatiya izləməli, birə-beş əziyyətlərə qatlaşmalıdır.
Qaradaş ölkənin bu mərhələni problemsiz adlaması üçün Azərbaycan onun yanında qərar tutması da çox mühüm şərtdir. Taleyin, qədərin birləşdirdiyi iki dövlət ölçülü-biçili, ortaq siyasət aparmağı bacarmalıdır. Bundan ötrü yeri gələndə biri digərinin sözünü udmağı bacarmalı, məkrli düşmənlərin informasiya-təbliğat tələsinə bilmərrə düşməməlidir.
Türkiyə sözsüz ki, böyük dövlət, iri regional oyunçu, NATO-nun bölgədə vazkeçilməz ölkəsidir, müsəlman dünyasının ən demokratik dövlətidir. Fəqət, qardaş ölkənin düşmənləri, gözü götürməyənləri də az deyil. Həm də o səbəbə ki, qeyd edildiyi kimi, müsəlman ölkəsidir və şanlı imperiya keçmişi var.
Bu iki reallığa hətta NATO alayansı daxilindəki bəzi müttəfiq ölkələr belə (misal üçün, Fransa) vaxtaşırı qısqanclıqla yanaşır, onu rəsmi Ankaraya bağışlaya bilmirlər. Ona görə ki, Türkiyədən, onun getdikcə artan nüfuzundan, iqtisadi-hərbi qüdrətindən və regiondakı təsir potensialından daim ehtiyatlanırlar.
Hə iki amil dəyişməz qalacağından (Türkiyə nə xristian ölkəsinə çevriləsidir, nə də öz imperiya keçmişindən imtina edəsidir), qardaş ölkə müttəfiq saydığı dövlətlərin bəzilərindən ara-sıra xəyanət gözləməkdə davam etməli olacaq. Amma bütün hallarda güclü xarici siyasət dost-müttəfiqlərin sayının artırılmasına gətirməlidir, rəqib-düşmənlərin yox.
Ankaranın xarici siyasət kursunun qayəsində isə baş nazirliyə hazırlaşan Əhməd Davudoğlunun memarı olduğu “qonşularla sıfır problemi” siyasəti dayanır. Ərdoğanın prezidentliyi dönəmində bu siyasətin “uzaq qonşularla da sıfır problem” siyasətinədək uzanması gərəkir. Bu isə öncəliklə uğurlu daxili siyasət - “öz xalqı ilə sıfır problem” və bir də Azərbaycanla uğurlu ortaq və çevik sinxron siyasət hesabına reallaşa bilər.
Şablon çıxsa da, bu yerdə yenə yazaq ki, bəzən təkrarda fayda olur: Türkiyənin gücü və problemləri Azərbaycanın gücü və problemi, Azərbaycanın imkanları və dərd-səri Türkiyənin şansı və dərd-səridir. Kim şəkk edir ki, saxta genosid məsələsində qardaş ölkənin küncə sıxışdırılması Azərbaycanın da Qarabağ məsələsində təklənib küncə sıxışdırılmasına gətirməyəcək?
Belə bəd perspektivdən qaçmaq üçün Azərbaycan iqtidarı da nə qədər gec deyil, daxildə “öz xalqı ilə sıfır problem” barədə fikirləşsə, pis olmaz. Əgər Qarabağ gerçəkdən də ondan ötrü əzizdirsə...

Bizə qoşulun