Medianews.az
Qırmızı mürəkkəb
483 baxış

Qırmızı mürəkkəb

images_dekabr_kose samir sari
O gün sosial şəbəkədə dostlar bir lətifə paylaşmışdılar, günümüzlə səsləşirdi.
Lətifə böylədir: Həmişə olduğu kimi, qohum-əqrəba yığışır, yeyib-içə-içə evin tək oğlunu hərbi xidmətə yola salırlar. Övladı sarıdan daima səksəkəli ürəyə malik ana deyir:
- Oğlum, bax, orda nə olsa, düzünü yaz!
Çağırışçının dayısı etiraz edir, deyir, hər şeyi yaza bilməz, orda yoxlayırlar, görərlər, artıq-əskik şeylər yazıb, başına oyun açarlar.
Ata çıxış yolu tapır:
- Onda sən belə elə. İşlərin qaydasında olanda məktubu göy mürəkkəblə yaz, pis olanda - qırmızı. Biz də həmin dəqiqə yanına gələk.
Beləcə, oğlan tam təlimat alaraq əsgərliyə gedir. Bir müddətdən sonra əsgərdən evə belə bir məktub gəlir: “Əzizlərim! Hər şey yaxşıdır. Yalnız bir şey pisdir: hərbi hissədə qırmızı mürəkkəb yoxdur”...
İndi bəzi hər şeyə “mız” qoyanlar deyəcəklər ki, hazırda kimdir əsgərlikdən evə məktub yazan, hamı ya gizli şəkildə mobil telefon saxlayır, ya da kontur pulunu verir, komandirin telefonuyla ata-anasıyla danışır.
Olsun ki, elədir. Amma bu, bir vaxtların həqiqətini yüzdəyüz əks etdirən lətifədir, indi də aktuallığını itirməyib. Əsas məsələ odur ki, hələ də hərbi hissələrdə qırmızı mürəkkəb yoxdur. Əvəzində vəziyyət qırmızıdır.
Nazirlər dəyişir, vəziyyət dəyişmir. Generallar əvəzlənir, durum eyni qalır. Belə çıxır ki, nazirləri dəyişməklə olmur, gərək gizirlər də dəyişsin.
Bu ayın əvvəlində atəşkəs qəfildən pozuldu, üç günlük müharibə oldu, 15-dən çox əsgərimiz həyatını itirdi. Hamı dedi ki, müharibədir, müharibədə itki olar. Amma o “üç günlük müharibə” 10 gündən sonra dayandı, fəqət əsgər ölümləri davam edir.
Son vaxtlar çəmini tapıblar: əsgər ölümlərini əlverişli şəkildə sənədləşdirirlər. Çoxunda da rəsmi informasiya belə olur ki, əsgərin əlində güllə açılıb, özünə dəyib, ona görə həlak olub.
Əcəba, indiki tüfənglərmi sarsaqdır, əl dəyən kimi açılır, ya əsgərlər əfəldir, silahla davrana bilmirlər?
Birincisi, komandirlər zəhmət çəksinlər, naşı çağırışçının əlinə silah verməsinlər, verirlərsə, vacibdirsə, ehmal-ehmal ondan istifadə qaydalarını başa salsınlar. Onsuz da çağırışçıların hamısı internet-klublarda yüz cür müharibə oyunları oynayıb, yüz cür “silah işlədib” getmiş uşaqlardır, hansı silahdan necə istifadə etməyi tez qavrayarlar.
İkincisi, əgər əsgərin əlində silah açılırsa, bir dəfə də güllə onun əlindən dəysin, ayağından dəysin, niyə həmişə elə yerindən dəyir ki, gənc əsgər də ölür?
Üçüncüsü, bu cür xəbərlərin bəziləri sırf yalandır. Allah bilir, hadisə necə olur, kim kimi vurur, amma adını qoyurlar ki, əsgər özünü vurub. Hətta görürlər ki, “özünü vurub” da pis çıxacaq və hərbi müstəntiqlər “intihar həddinə çatdırmaq maddəsi” ilə kimisə içəri basa bilərlər, hadisənin adını “ehtiyatsızlıqdan özünü yaralamaq” kimi tövsif edirlər, işin başı bağlanır.
Ötən illərdə isə komandirlər belə bir hadisəni bu cür ört-basdır edərkən yekə bir səhvə yol vermişdilər. Başqası tərəfindən gicgahından vurulmuş əsgərin öz silahı ilə özünü vurduğunu sənədləşdirmişdilər, amma məlum olmuşdu ki, mərhum əsgərin silahının lüləsi iki metr uzunluqda olub və adamın o silahı öz gicgahına dayaması praktiki olaraq mümkün deyil. Bundan ötrü gərək əsgərin qolu 3 metr olaydı. Amma yazıq əsgərin valideynləri nə qədər şikayət elədilər, xeyri olmadı, dedilər, yox ey, sevgilisi əsgərə başqasına ərə gedəcəyi barədə mesaj yollayıb, o da dözməyib, intihar edib.
Burda hələ bir vicdansızlıq da var. Guya ki, əsgəri intihar həddinə komandirləri yox, öz sevgilsi çatdırıb. Yəni ürək-könül məsələsi olub, heç kim qarışa bilməzmiş.
Biz bu cür nağılları çox eşitmişik. Daha bunlara heç kəs inanmır. Əsgər valideynləri, gənc fəallar, mətbuat ötən il hay-küy salıb nazir Səfər Əbiyevin dəyişdirilməsini ona görə vacib sayırdılar ki, vəziyyət dəyişsin, ordu morqa dönməsin.
Elə olacaqdısa, hərbi hissələrdə qırmızı mürəkkəb olmayacaqdısa, elə Səfər də belə işləyirdi. O da qara mürəkkəblə yazılmış “oğlunuz həlak oldu” məzmunlu xəbərləri evlərə göndərə bilirdi.

Bizə qoşulun