Bir neçə gün öncə Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən anti-müharibə aksiyasında diqqətləri cəlb edəcək bir şəkil vardı. Nümayişçilərdən biri Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin –Serj Sarkisyan, İlham Əliyev və Vladimir Putinin portretlərinin üstündən qalın qırmızı boya ilə çalın-çarpaz xətt çəkmiş, belə bir şüar yazmışdı ki, liderləri dəyişək, müharibə bitsin.
Həmin şüardan elə çıxır ki, bu, Sarkisyanla Əliyevin davasıdır, onlar olmasa, kələf tezliklə çözülər.
26 il öncəyə ekskurs edək. Qarabağ konflikti başlayanda Ermənistanda və Azərbaycanda faktiki olaraq hakimiyyətdə (təbii ki, Moskvanın, Kremlin, Siyasi Büronun, Qorbaçovun patronajlığı altında) Karen Dəmirçiyan və Kamran Bağırov idi. Onların hər ikisini 1988-ci ilin mayında dəyişdilər.
Azərbaycanda və Ermənistanda respublika rəhbəri (KP MK-nin birinci katibləri) postuna yeni adamlar gəldi: Əbdürrəhman Vəzirov və Suren Arutyunyan. Onlar bu münaqişəni yat-yut eləmək üçün çox çalışdılar, amma bacarmadılar. Ox yaydan çıxmışdı. Arutyunyan da, Vəzirov da 1990-cı ildə postlarından uzaqlaşdırıldılar.
Yeni adamlar gəldi: Ayaz Mütəllibov və Vladimir Movsisyan. Onlar da Kremlin göstərişi ilə sabitlik yaratmağa çalışdılar, ancaq gücləri çatmadı. Mütəllibov öz postunda birtəhər iki il duruş gətirsə də, Movsisyan elə 90-cı ildə postunu yeni adama – Stepan Poqosyana təhvil verdi. O da 6 ay işlədi, sonra estafeti daha bir yeni adama – Aram Sarkisyana ötürdü. Sarkisyan Ermənistan rəhbəri postunda cəmi dörd ay oturdu.
Nəhayət, qonşu və düşmən dövlətdə hakimiyyətə kommunist olmayan, milli-azadlıq hərəkatının lideri Levon Ter-Petrosyan gəldi.
1992-ci ilin əvvəlindən başlayaraq sürətli hakimiyyət, daha dəqiqi, lider dəyişikliyi prosesi bizim ölkədə də getdi. Mütəllibov martın əvvəlində devrildi, dövlət başçısı postunda Yaqub Məmmədov oturdu. Y.Məmmədov mayın ortalarında istefa verdi, yerinə İsa Qəmbər gəldi. İyunun 18-də İsa Qəmbər dövlət başçısı vəzifəsini qanuni yolla seçilmiş prezident Əbülfəz Elçibəyə verdi.
Beləcə, Ermənistanda Ter-Petrosyan, Azərbaycanda Elçibəy olmaqla hər iki ölkənin xalq hərəkatçıları düz bir il boyunca vuruşdular, münaqişə müharibəyə çevrildi, gah bu, gah o tərəf üstün oldu, amma heç bir tərəf həlledici qələbə qazana bilmədi və münaqişə davam etdi.
Bir ildən sonra Azərbaycanda yenidən hakimiyyət dəyişikliyi oldu, hakimiyyətə Heydər Əliyev gəldi. Artıq Ter-Petrosyanla gah çəkişmək, gah danışıqlara getmək funksiyasını o daşıdı. Yenə də bir nəticə hasil olmadı. 1998-ci ildə Ter-Petrosyanı məxməri şəkildə devirdilər, Ermənistan prezidenti vəzifəsi qarabağlı Robert Köçəryanın əlinə keçdi. 1999-cu ildə onu da devirəcək, yerinə köhnə kommunist, vaxtilə Heydər Əliyevlə eyni vaxtda analoji vəzifələrdə işləmiş Karen Dəmirçiyanı gətirəcəkdilər. Amma bu layihənin qarşısı amansızcasına alındı. Parlamentin sədri Dəmirçiyanı da, nüfuzlu baş nazir Vazgen Sarkisyanı da (beş-altı başqa vəzifəli şəxsi də) parlamentdə güllələdilər.
Qarabağ münaqişəsi isə atəşkəs rejiminə baxmayaraq davam etdi, nə atəş, nə də təmas xəttində ölənlərin ardı-arası kəsilmədi.
Gün gəldi, Ermənistanda Köçəryan prezident postunu öz siyasi varisi Serj Sarkisyana ötürdü, Azərbaycanda isə hakimiyyətə Heydər Əliyevin varisi İlham Əliyev gəldi.
Bura qədər Azərbaycan tərəfi güzəştə meylli tərəf kimi görünürdüsə, 2005-ci ildən etibarən Azərbaycan rəhbərliyinin ritorikası dəyişdi, müharibə ovqatlı bəyanatlar artmağa başladı. Son aylara qədər Ermənistanda bunları boş hay-küyçülük, quruca təhdid hesab edirdilərsə, artıq anlayıblar ki, müharibə ola bilər, daha doğrusu, onun başlanması an məsələsidir.
İndi hesablayaq. Son 26 ildə Ermənistanda da, Azərbaycanda da dövlət başçısı postunda 8 nəfər olub. Amma münaqişə bitməyib, hətta yeni bir qanlı, dağıdıcı müharibənin astanasına gəlib.
Deməli, bu, Sarkisyanla Əliyevin davası deyil. Bu, sarkisyanların, petrosyanların, poqosyanların, mövsisyanların, nalbandyanların əliyevlərlə, məmmədovlarla, qəmbərlərlə, quliyevlərlə, hacıyevlərlə apardığı davadır. Bu, hər iki ölkədə yaşayanların hamısının bir-biri ilə davasıdır.
Dava torpaq, ərazi, gələcək nəsillərə ötürüləsi ən etibarlı əmanətin davasıdır.
Ancaq, demokratiyanın bərqərarı, insan haqlarının tapdanmasına son qoyulması, ölkələrdə inkişafa təkan verəcək hərtərəfli dəyişikliklərin start götürməsi naminə hər üç ölkədə hakimiyyətlərin dəyişməsi yaxşı, hətta əla olardı.
