Bəlkə də “diversant Karen” ölüb gedəndən sonra bu söhbəti xırdalamağın mənası yoxdur, amma ortada bir “başa corab hörmə”, “qulağa əriştə asma”, “uşaq başı aldatma”, “avam yerinə qoyma” və sair bu kimi xoşagəlməz idiomatikalarla ifadə edilə biləcək situasiya var.
Hələ bizə naşı bir şəkildə çəkilib təqdim olunan “Diversantın tutulması” filmini demirəm. Filmdə aktyorluq işi sıfır idi, əvəzində artistlik edən çox idi. General özünü Rusiyanın daxili işlər naziri Kolokoltsev kimi aparmaq istəyirdi, “diversant Karen”i onun kabinetinə gətirənlər isə NATO kommandosları kimi görünmək istəyirdilər. İnsafən, onlar diversantı vaxtında və effektiv şəkildə diz çökdürdülər, yoxsa kim bilir, adam nə edərdi. Ağzımızda diversant deyirik. Ceki Can kimi qəfildən havaya sıçrasa...
Düzdür, “diversant Karen”in nəinki Ceki Can sifəti yox idi, sonradan məlum oldu ki, bədbəxtin heç bir-iki təpiklik canı da yoxmuş. Amma o da öz rolunu gözəl oynadı. Üzündə insan əzabının son həddinin realistik ifadələrini yaratdı. İndi özü həyatda yoxdursa da, əzablı sifətinin şəkilləri, videosu var və biz o şəkilləri hələ çox görəcəyik.
Bu söhbətin əsas mövzusu isə rəşadətli hərbçilərimizin bizi, Tovuz camaatını, prezidenti, dünya ictimaiyyətini aldatmaq istəməsidir.
Bir halda ki, təpədən dırnağına, dişinə qədər silahsız olan və tutularkən heç bir müqavimət göstərməyən “diversant Karen”i Ağbulaq kəndinin dinc sakinləri tutmuşdu, onda maskalı kommandoslarla kamera qabağına keçmək, informasiya agentliklərinə “kəşfiyyat-diversiya qrupunun qarşısını almışıq, 3 nəfər öldürmüşük, 1 nəfər tutmuşuq” demək nəyə lazım idi?
Hərbçilər gərək yoxlayaydılar, onlar hadisə yerinə gələnə qədər adam Ağbulağın pivəxanasında bir parç pivə içib, bir albomluq şəkil çəkdirib, arada videoçəkilişlərdə də iştirak edib, brifinq keçirib, kənd camaatının “ayə, siz niyə müharibə salersınız” kimi politoloji suallarına cavab verib (daha dəqiqi, bic “diversant” bu suala cavab verməkdən hiyləgərcəsinə yayınıb), ondan sonra kommandoslar gəlib və onu “zərərsizləşdirib”. Yoxsa hələ bir parç da pivə içəcək, iki dənə də siqaret çəkəcəkmiş. Nəxunək diversant!
Bəs birdən Karen doğrudan da diversant olsaydı və üstündə heç nə yox, bir səsboğuculu “Uzi” avtomatı gəzdirsəydi, necə olardı? Heç nə. Birinci Röyalın anasını vurardı, sonra Röyalın özünü, daha sonra baxardı, qonşuda kim var, bir-bir dənləyə-dənləyə gedərdi kəndin ortasına, pivəxanaya. Orda yavaş-yavaş başlayardı işləməyə, ADNA-da qırğın törədən Fərda Qədirov kimi qarşısına çıxanı alnından atardı, sonra gəldiyi yerlə də qayıdıb gedərdi.
Hə, o zaman cəsur və ayıq-sayıq generallarımızın açıqlaması belə olardı ki, bəs düşmənin 200-ə qədər diversant qrupu sübh tezdən xırda qruplarla Ağbulağa daxil olmağa çalışıblar, 150 nəfər itki verərək, geri çəkiliblər, atışma zamanı kənd camaatından da 15 nəfər həlak olub.
Burda çətin bir şey yoxdur, yalançı informasiyanı üfürürsən agentliklərə, saytlara, onlar yayır, əgər üstü açılsa, deyirsən, ay yaramaz jurnalistlər, həmişə belədirlər, dezinformasiya yayırlar. Ardı ilə işin yoxdur, jurnalistlər öz aralarında bir-birini qıracaqlar və heç kəs araşdırmayacaq ki, bu dezinformasiyanın ilk mənbəyi kimdir, jurnalistlərə “basıb gedirik ey” kimi riqqət doğuran xəbərləri kim ötürüb.
Əlbəttə, “diversant” yaxalamaq üzrə uzman olan generallar bu yalançı qəhrəmanlıqları barədə informasiyaları keflərindən yaydırmırlar. Ehtiyacları var. Baş komandan onları danlayır. Hələ üstü açılsa ki, Ağbulaq kəndini bir qadın qoruyur və o səmtdən ermənilər istədikləri vaxt kəndə sıza bilirlər, lap hiddətlənər. Ona görə də hərbçilərimiz məcburdurlar ki, əllərindən bir iş gəldiyi barədə kino çəkdirsinlər.
Amma ən yaxşısı həmin qadına, “diversant Karen”i ilk görən və oğlu Röyalı qaldıraraq, “ayə, ay Röyal, dəən, həyətə erməni gəlif ey” deyən bacıya hərbi rütbə verib işə götürsünlər. Onsuz da xanım gecə-gündüz postdadır, maaş-zad da alsa, bilər ki, bu, onun xidməti vəzifəsidir. Karenlər də Ağbulağa girmək istəyəndə və qarşıları alınanda hərbçilərin “Diversantların qarşısı tərəfimizdən alındı” demək üçün dilləri uzun olar.
