Medianews.az
Ən müdhiş söz – müharibə
481 baxış

Ən müdhiş söz – müharibə

img1611636
Qarabağda və onun ətrafında gedən üç günlük müharibə bir çox mətləbləri üzə çıxardı.
Onları təxminən belə sıralamaq olar. Məlum oldu ki:
 Məmləkət insanının döyüş ruhu nəinki ölməyib, hətta daha da güclənib;
 I Qarabağ müharibəsində düçar olduğumuz hərbi məğlubiyyətə görə qisas ovqatı daha da şiddətlənib;
 Hərbi xidmətə yaşı çatan və çatmayan yüz minlərlə vətən oğlu (eləcə də qızı) bir çağırışa bənddirlər ki, cəbhəyə könüllü yollansınlar;
 Gerçək vətənpərvərlərlə yanaşı xeyli yalançı urapatriotlar da əmələ gəlib;
Eyni zamanda o da məlum oldu ki:
 Küyə, panikaya düşmək xasiyyətimiz daha da güclənib;
 Gerçək məlumatlardansa şayiələrə, dezinformasiyalara inanmaq şakərimiz qalır;
 Bir sıra dairələr sərf etməyən informasiyadansa yalan məlumatlar yayaraq, guya ki, “informasiya müharibəsi” aparırlar.
 “Hakimiyyət nə edir, düz edir” deyənlərlərlə yanaşı, “bütün günahlar öz hakimiyyətimizdədir” tipli açıqlamalar, şərhlər verənlər fəallaşır;
  Yalançı patriotlarla gerçək vətənpərvərləri bir-birindən ayırmadan elliklə qaralamaq xətti güclənib;
 Şovinist çağırışlarla (“asmalıyıq, kəsməliyik”) yanaşı, pasifist (“erməni də yazıqdır, o da insandır”) mövqe sərgiləyənlər də çoxalıb;
 Daxili düşmənləri axtarıb tapmaq və mütləq hərbi dövrün qanunlarına uyğun olaraq güllələmək (?!) çağırışları artdı və s.
Bütün bunlardan başqa, ən əsası, yenə məlum oldu ki, biz müharibə kimi olduqca ciddi, faciəvi, müdhiş bir məsələyə peşəkar hərbçilərin prizmasından deyil, romantik inqilab şairlərinin prizmasından baxırıq.
Müharibə dəhşətli şeydir, minlərlə insan ölümü, qıtlıq, dağıntı, əsirlik, yesirlik, göz yaşları, silinməz ağrı-acılar, qaralmış insan həyatları, şikəstlik deməkdir.
Sanki məhəllə davasına gedəcəkmiş kimi emosiyaya qapılaraq “yığışın, gedək vuruşmağa” deyənlər vardı. Yaxud “Azərbaycan rəhbərliyi dərhal hücuma keçməlidir” tipli çağırışlar səslənirdi. Halbuki müharibəyə başlamaq kimi qərinədə bir dəfə veriləcək ciddi qərarı yüz ölçüb- bir biçərək, bütün amilləri nəzərə alaraq vermək lazımdır. Müharibədə emosiyalar ərşə çıxsa da, ona başlamaq qərarı emosiya ilə verilə bilməz.
Düşmənin gülləsi altında olan kəndlərin camaatının davranışından da bəhs etmək gərək. İllərlə aparılan yanlış təbliğat nəticəsində onlarda belə bir qənaət formalaşıb ki, vəziyyət nə qədər kritik olsa da, doğma ev-eşiyi tərk etmək, geriyə, qonşu kəndlərə çəkilmək olmaz. Niyə? Hərbi baxımdan bu cinayətə bərabər səhlənkarlıqdır. Çünki döyüş əməliyyatlarının şiddətləndiyi bir vaxtda mülki əhali, xüsusilə də əliyalın camaat, qız-gəlin, qocalar, uşaqlar yalnız əl-ayağa dolaşan maneədirlər. Döyüşən hərbi hissələr düşmənin təzyiqi qarşısında manevr etməyə məcbur olanda geridə qalan yüzlərlə insanı nəzərə alaraq bunu edə bilməyəcək, ya əsgərlər kütləvi şəkildə həlak olacaqlar, ya da hər halda geri çəkilsələr, bir kəndin mülki əhalisi, arvad-uşaq düşmən əlinə keçəcək.
Bu yaxşıdırmı? Bu millət ikinci Xocalı faciəsinə, o cür təhqiramiz bir olaya tablaşa bilərmi?
Ona görə də camaatı qızışdırıb güllə qabağında saxlamaq, ailəsini, körpə uşaqlarını götürüb təhlükəsiz yerlərə çəkilmək istəyənləri qınayıb, üzə salmaq lazım deyil. Onsuz da onların kənddən çıxması və ya qalması heç nəyi həll eləmir, əsas odur ki, hərbi birləşmələr səngəri tərk etməsin.
Bakıda oturub səngərdən reportaj verən igid jurnalistlərimizi qınayanlar, onların reportajlarında yanlışlıqlar, dezinformasiyalar axtaranlar da çoxdur.
Adamlar güllə qabağındadırlar, can hövlü deyilən bir şey var. Biz burada mışıl-mışıl yatanda onlar gecənin 5-də saytlara, agentliklərə xəbər göndərirlər. Heçmi insafınız yoxdur?
İş olan yerdə nöqsan da olar, əlbəttə. Dünyanın ən mahir, peşəkar futbolçusu belə ötürmələrin yarısını düzgün verə bilmir, qapıçı təkbətək ilə üç dəfə təkbətək çıxır, bir qol vurur, penalti qaçırır və s. Bir jurnalistin də göndərdiyi 50 xəbərin içində 5-6-sı yanlış qeyd ola bilər, bundan ötrü yuxusuz gecələr keçirən, saatlarla ac-susuz qalan reportyorların əməyinin üstündən qələm çəkmək olmaz.

Bizə qoşulun